Əlaqə Arxiv
news Image
2020.02.15
11:26
| A A A
GMO kartof sortları Azərbaycanda da geniş yayılır
Qadir Bayramlı: “Aqrotexniki tədbirlərin lazımınca görülməməsi, maarifçilik işlərinin aparılmaması fermerlərimizin yerli deyil, xarici GMO tərkibli kartof toxumlarına üstünlük verməsinə gətirib çıxarıb”

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda bir çox fermerlər xarici ölkələrdən toxum gətirməyə üstünlük verir: “Azərbaycanda bəzi fermerlər yerli kartof toxumlarını almağa maraq göstərmir. Ölkəyə gətirilən GMO kartof sortlarının yayılması yerli sortların inkişafına mane olur. Nəticədə Azərbaycanda yerli sort kartofların istehsalı azalır.  Lakin onlar GMO kartof sortlarının yayılmasına üstünlük verirlər. Çünki Hollandiyadan və digər ölkələrdən gətirilən bu sort kartof toxumları məhsuldar və əmtəə görünüşlü olur. Amma onlar anlamalıdırlar ki, həmin toxumlar yalnız bir il məhsuldar olur. Növbəti ildə həmin məhsuldan toxum götürmək olmur.

Son illər Hollandiya, Rusiya və Almaniyadan xarici sort kartof toxumları gətirilir. Hollandiya və Almaniya sortları olan kartof toxumlarını biz də sınaqdan keçirmişik. Düzdür, birinci il həmin sortlar yüksək məhsuldarlıq verir. Amma ikinci il həmin toxumların məhsuldarlığı nəzərə çarpacaq dərəcədə aşağı düşür. Çünki yerli torpaq, iqlim şəraiti kimi faktorlar ona təsir edir. Bizim fermerlərdə belə bir vərdiş var: bahalı toxumları alıb Azərbaycana gətirib əkirlər, həmin sahəyə lazımi qulluq edir, gübrə verir, vaxtında baxır, amma yerli sortları əkəndə ona maraq göstərmirlər".

E. Allahverdiyev deyib ki, rəhbərlik etdiyi institut tərəfindən yerli sortlar qorunub saxlanılır, artırılır: “Yerli "Telman" sortu var ki, 2018-ci ildən həmin sort artırılır. Hazırda bu sortun toxumunu tapmaq mümkün deyil, çünki digər sortlara nisbətən bu toxumlar bahadır. Amma digər sortlar var ki, onlar ucuzdur. "Telman" sortunun artıq laboratoriya şəraitində virussuz toxumlarının yaradılmasına başlanılıb. Çalışırıq ki, bu sortu daha da artıraq. Bu sortun məhsuldarlığı, keyfiyyəti heç də xarici sortlardan geri qalmır. Əksinə onun toxumları xarici sortlardan daha davamlı və uzunömürlüdür. Bu sortun yetişdirilməsi aqrotexniki qaydalara uyğun aparılarsa, hektara 45-50 ton məhsul verir".

Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, bir sıra amillər fermerlərimizin yerli deyil, GMO tərkibli xarici kartof toxumlarına üstünlük vermələrinə rəvac verib: “Azərbaycanda uzun illər boyu yetişdirilən məhsuldar kartof sortları olub. Sadəcə, son dönəmlər fermerlərimiz nisbətən daha məhsuldar olan və yetişdikdən sonra daha uzun müddət qalan, keyfiyyətini nisbətən qoruyan toxumlara üstünlük verirlər. 

Azərbaycanın demək olar ki, bütün bölgələrində Gədəbəy kartof sortunu yetişdirmək imkanı var. Bundan başqa, Azərbaycanda Rusiyadan gətirilən qırmızı kartof sortu da yerli şəraitə yaxşı uyğunlaşıb. Bu fonda fermerlərin xaricdən gətirilən GMO tərkibli kartof sortlarına üstünlük verməsinin bir səbəbi keyfiyyətli kartof toxumu tapmaqda çətinlik çəkmələrilə bağlıdır. Fermerlər işi bilməməkdən, naşılıqdan, elmi yanaşma tərzinin olmaması səbəbindən çox zaman bazarlardan önlərinə çıxan ilk kartof sortunu alır. Amma şəxfi fikrimə görə, yerli kartof sortlarına üstünlük verilməməsinin başlıca səbəbi aqrotexniki tədbirlərin lazımınca aparılmamasıdır. Torpaği gücləndirmək üçün müəyyən tədbirlər sistemi var, gübrələrdən yetərincə istifadə etmirlər. Kartof müəyyən temperatur şəraitində əkilməlidir.  Ancaq fermerlərimiz bu amilə diqqət yetirmir. Xaricdən gətirilən kartof sortlarına önəm verilməsində onlarla bağlı aparılan kampaniyanın da rolu olub”.

Həmsöhbətimiz çıxış yollarını da göstərdi: “Nə qədər ki, seleksiya, toxumçuluq sahəsində işlərimiz canlanmayıb, xüsusi proqram tərtib olunmayıb, bu halda xaricdən gətirilən kartof sortlarına diqqətin azaldılması istiqamətində aparılan işlər də ciddi nəticə verməyəcək. Bir zamanlar Azərbaycanda seleksiya məktəbi olub. Onu canlandırmaq və prosesə elmi baxımdan yanaşmaq, yerli alimlərin biliklərindən istifadə etmək lazımdır. Hər şeydən əvvəl, fermerləri yerli sort almağa həvəslənidrmək üçün maarifləndirmə işləri də olmalıdır. Yerli sortlar təşviq edilməlidir. Məhz tanıtma yolu ilə bu istiqamətdə ciddi irəliləyişə nail olmaq olar. Fermerlər məhz yetərincə bilgiyə malik olmadıqlarının nəticəsidir ki, bu gün bazarlarda xarici kartof toxum sortları üstünlük təşkil edir”.

Q. Bayramovun fikrincə, GMO tərkibli kartof sortları insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər: “GMO tərkibli kartof sortları insan orqanizmində müxtəlif fəsadlara səbəb ola bilər. Ona görə də tövsiyə olunmur. Ancaq ölkəmkizdə bu istiqamətdə laboratoriya və mütəxəssis olmayana qədər həmin məsələ hər zaman müzakirə predmeti olacaq. Ölkəmizdə kənd təsərrüfatına yeni yanaşma tərzinin olması fonunda bu kimi problemlər də aradan qaldırılacaq. Kənd Təsərrüfatı Akademiyasının elmi bazası gücləndirilməlidir. Başlıca olaraq isə maarifləndirmə işləri aparılmalıdır”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz