Əlaqə Arxiv
news Image
2020.02.19
09:55
| A A A
Koronavirus Çin məhsullarını qəhətə çəkir
Virusun Çin malları ilə yayılma qorxusu var

Çində koronovirusun öldürücü qabiliyyətə malik yeni növünün yayılmasından sonra bütün ölkələr, o cümlədən Azərbaycan Çindən idxal edilən malları ciddi nəzarətə götürüb. Hətta bəzi məhsulların Çindən idxalına qadağa qoyulması faktları da var. Azərbaycan da oxşar addımları atıb. Qida Təhlükəsizliyi Agentliyinin qərarl ilə Çindən idxal olunan diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsi müvəqqəti dayandırılıb.

Nəzarət tədbirləri daha çox ərzaq məhsullarına tətbiq edilsə də, qeyri-ərzaq mallarının da yoxlamadan keçirilir. Qeyri-ərzaq mallarında virusun daşınması ehtimalı az olsa da virusun yayılma riskini sıfıra endirmək üçün bu cür mallar da yoxlamaya cəlb edilir. İnfeksionist həkimlər virusun qeyri-ərzaq mallarına yayılma imkanı ilə bağlı qəti qənaətə gələ bilməyiblər. Buna görə də infeksionistlər hər ehtimala qarşı Çin mallarının idxalı zamanı nəzarət tədbirlərinin görülməsini tövsiyə edir.

Qeyd edək ki, Çin dünyada ən böyük ixrac imkanına sahib olan ölkədir. Bu ölkə ildə 2,2 trilyon dollar dəyərində əmtəə ixrac edir. ABŞ-dan Avropaya qədər bütün ölkələr Çindən idxal həyata keçirir. Həmin ölkələr Çindən ərzaq və qeyri-ərzaq malları alır. Çin dünyada ən böyük kənd təsərrüfatı ölkəsi olduğuna görə böyük miqdarda ərzaq məhsulu sata bilir. Ötən il Çində 900 milyard dollara yaxın kənd təsərrüfatı məhsulu istehsal edilib və həmin məhsulun bir hissəsi birbaşa ixraca yönəldilib. Eyni zamanda daxildə istifadə edilən kənd təsərrüfatı məhsulları emaldan keçirilərək müxtəlif ərzaq məhsulları istehsal edilib və həmin ərzaq məhsullarının bir hissəsi də xaricə satılıb.

İnfeksionistlər virusun ərzaq məhsulları ilə yayılma ehtimalının olduğunu bildirir. Amma bu ehtimal olduqca aşağı qiymətləndirilir. Mütəxəsislərin rəyinə əsasən, emal edilən ərzaq məhsullarının virusun qalma şansı yoxdur. Çünki koronaviruslar sənaye şəraitində texniki işlənmədən keçən məhsularda qalma ehtimalı yoxdur və buna görə də onun insana keçməsi mümkünsüz görünür. Bu xəstəlik əsasən insandan insana keçir. Bu, o halda baş verir ki, insanlar arasında sıx təmas olsun.

Virus emaldan keçməyən heyvan məhsullarında, ətlərdə olma ehtimalı var. Bu səbəbdən Azərbaycan heyvan və heyvan mənşəli malların idxalını müvəqqqəti dayandırıb.

Virusun Çindən gətirilən qeyri-ərzaq malları və poçt bağlamaları ilə Azərbaycana keçirilmə ehtimalı da mübahisəlidir. Mütəxəsislər birmənalı olaraq qeyri-ərzaq mallarında virusun daşınmasını istisna etsə də, həmin malların yoxlanılmasını da zəruri hesab edir. Bu cür şərh onu göstərir ki, öldürücü virusun qeyri-ərzaq malları ilə daşınması, yayılması ehtimalı az da olsa var.

İdxala dair statistikaya baxdıqda görürük ki, Azərbaycan Çindən həm ərzaq, həm də qeyri-ərzaq malları alır. Çin elə bir ölkədir ki, o, hər cür mal istehsal edir və xaricə satır. Bununla əlaqədar olaraq həmin ölkədən Azərbaycan da hər cür mal gətirilir.

Bəs, virusun yayılması riskini sıfıra endirmək üçün Çindən idxalı tam dayandırılarsa, hansı nəticələr yarana bilər? Çindən idxalın tam dayandırılması həmin məhsullarla təminatda çətinlik yaranmaz. Oxşar məhsulları başqa ölkələrdən idxal etməklə tələbatı ödəmək mümkündür. Amma idxal dayanacağı halda qiymətlərin artması ehtimalı yüksəkdir. İlk növbədə ona görə ki, Çində olan qiymətlər digər ölkələrə nisbətən aşağıdır. Alternativ bazarlardan alınan əmtəələr daha yüksək qiymətə əldə ediləcək. Digər tərəfdən Çindən idxalın məhdudlaşdırılması təklifi azaldır ki, bu da qiymət artımlarına əlavə təsir yaradır. Deməli, Çindən idxalın daha geniş səviyyədə məhdudlaşdırılması idxalla gələn bahalaşmanı gücləndirəcək.

2018-ci ilin məlumatına əsasən, Azərbaycan Çindən balıq, tərəvəz, meyvə, çay, şəkkərli qənnadı məhsulları, tütün, dərman vasitələri idxal edir. Bu məhsul növləri üzrə ölkəmizin Çindən asılılığı azdır.

Ölkəmizin Çindən ən çox asılılığı qeyri-ərzaq mallarındadır. Bəzi qeyri-ərzaq malları var ki, onların idxalında Çin aparıcı bazarlardan biridir. Məsələn, idxalda xüsusi çəkisi böyük olan mal qrupları arasında rezin şinlərin təxminən yarısı Çindən gətirilir. Bir ildə 1,71 milyon ədəd şin idxal olunub ki, onun 830 min ədədi Çindən gətirilib. Ayaqqabı idxalında da Çin liderdir. İdxal olunan 36,4 milyon cüt ayaqqabının 19,5 milyon cütü Çindən alınıb. Qara metaldan olan boruların yarısı Çindən idxal edilib. Bunlarda başqa mətbəx və yeməkxana ləvazimatlarının yarıya qədəri, məişət kondisionerlərinin 83 faizi, məişət soyuducularının 32 faizi, yol-tikinti maşınlarının 45 faizi, paltaryuyan maşınların 25 faizi, hesablama maşınlarının və onların hissələrinin 95 faizi, elektrik mühərriklərinin 66 faizi, elektrik transformatorlarının 40 faizi, elektrik akkumlyatorlarının 90 faizi, telefon aparatlarının 75 faizi, mobil telefon aparatlarının 60 faizi, televizorların 37 faizi Çindən idxal olunub. Əgər virus qorxusu ilə Çindən idxal dayanarsa və ya azalarsa, oxşar malları digər bazarlardan təmin etmək məcburiyyətində qalarıq. Bu halda təminatda problem olmasa da qiymətlərdə artımın olacağı dəqiqdir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz