Əlaqə Arxiv
news Image
2020.02.19
10:15
| A A A
Xidmət sektoru iqtisadiyyatın lokomotivinə çevrilir
İqtisadiyyatın sürətli böyüməsi xidmət sektorundan asılı olacaq

Azərbaycanda istehsal edilən ümumi daxili məhsulda (əlavə dəyər) xidmət sektorunun payının yenidən artımı müşahidə edilir. 2015-ci ildən başlayaraq ÜDM istehsalında xidmət sektorunun payı azalırdı və bu proses ötən ilə qədər davam etdi. 2019-cu ildə isə yaradılan əlavə dəyərdə xidmət sektorunun payının azalması dinamikası dayandı və bir qədər artıma nail olundu. 2020-ci ilin yanvarında artım trendinin davam etdiyi görünür.

2015-ci ildə ÜDM-nin 39,8 faizi xidmət sektorunda formalaşmışdı. Bu göstərici 1998-ci ildən sonra qeydə alınan ən yüksək göstərici idi. Həmin ildə xidmət sektorunun payı hələlik ən yüksək səviyyə olan 42,8 faizə çatmışdı. Sonrakı illərdə neft hasilatının artması hesabına iqtisadiyyatda istehsal sektorunun payı daha da böyüdü və bununla əlaqədar olaraq xidmət sektorunun payı 2007-ci ildə 20,6 faizə düşdü. 2007-ci ildə qeydə alınan nəticə ən pis göstərici idi. Sonralar xidmət sektorunda böyümə dinamikası davam etdi və 2015-ci ildə özünün ən yüksək səviyyəsinə yaxınlaşdı.

Amma 2015-ci ildə baş verən iki devalvasiya ilə əlaqədar 2016 və 2017-ci illərdə əhalinin real gəlirləri azaldığından yaradılan əlavə dəyərdə xidmət sektorunun payı endi və 2018-ci ildə 34,7 faizə düşdü. Son iki ildə əhalinin real gəlirlərindəki artım, əmək haqqı və digər sosial ödənişlərin məbləğinin artırılması, iqtisadiyyatın leqallaşdırılma səviyyəsinin yüksəldilməsi xidmət sektorunun payının artımına şərait yaratdı. Nəticədə 2019-cu ildə xidmət sektorunun payı 37 faizə çatdı.

Xidmət sektorunun payındakı artım 2020-ci ildə də davam edir. Yanvar ayının nəticələrinə əsasən iqtisadiyyatda xidmət sektorunun payı artıq 40 faizə yüksəlib.

Əhalinin real gəlirləri artdıqca, ölkəmizdə turizm sektoru inkişaf etdikcə xidmət sektorunun payının yüksəlməkdə davam edəcəyi yəqindir.

2019-cu ilin nəticələrinə əsasən, xidmət sektoru üzrə ən yüksək əlavə dəyər sosial xidmətlər sahəsində təmin edilib. Burada yaradılan əlavə dəyərin ÜDM-də payı 16,7 faiz olmaqla sənayedən (41,4 faiz) sonra ikinci ən böyük paya sahibdir. Xidmət sektorunda digər böyük paya ticarət, nəqliyyat, turizm və ictimai iaşə, informasiya və rabitə sahibdir.

Qeyd edək ki, ölkəmiz digər inkişaf etməkdə olan ölkələrlə müqayisədə xidmət sektorunun inkişaf etdirilməsi məsələsində gecikib. Azərbaycanda uzun illər neft sektorunun inkişaf etdirilməsinə önəm verilib, digər sahələrə, o cümlədən xidmət sektoruna xüsusi diqqət olmayıb. Neft gəlirlərinin artması ilə əlaqədar ölkəmizdə iqtisadiyyatın əsas dəyər qaynağı neft sektoru olub, bu sahədən gələn gəlirlərə daha çox ümid bəslənilib.

Amma 2008-2009-cu illədə baş verən böyük maliyyə böhrandan sonra iqtisadi inkişafın prioritetləri dəyişib. Dünyada neftin qiymətinin sürətdə düşməsi göstərdi ki, iqtisadiyyatı kiçik bir sahədən asılı qoymaq risklidir və bu sahədə baş verən böhran daha sürətlə digər sahələri sarsıda bilər. 2008-2009-cu il böhranında neftin bir neçə aydan sonra bahalaşması iqtisadiyyatımızı bu təhlükədən xilas etdi. Ancaq son bir ildə neftin qiymətində kəskin enmələr iqtisadiyyatımızın nominal dəyərinin xeyli kiçilməsinə səbəb oldu.

Böyümə dinamikasına nəzər yetirdikdə görürük ki, ÜDM-nin nominal dəyərində baş verən itkini xidmət sektorundakı böyümə sayəsində 2-3 ilə kompensasiya etmək mümkündür. Çünki xidmət sektorunda böyümə üçün güclü potensial var. Buna görə də bütün ölkələr, hətta aşağı gəlirli iqtisadiyyatlarda belə inkişaf üçün böyük imkanlara sahib olan xidmət sektoruna diqqət yüksək olur.

Hazırda inkişaf etmiş ölkələrdə xidmət sektorunun ÜDM istehsalında payı orta hesabla 70 faizi ötür. İnkişaf etməkdə olan ölkələrdə isə xidmət sektorunun iqtisadiyyatda payı bir qədər aşağıdır. 2018-ci ilin məlumatına əsasən dünya üzrə yaradılan ÜDM-nin 64 faizə yaxını xidmət sektorunun payına düşüb.

İnkişaf etmiş ölkələrdən ABŞ-da ÜDM-nin nominal ifadədə 80 faizi, Fransada 80 faizi, İngiltərədə 78 faizi, İtaliyada 74 faizi, Yaponiyada 71 faizi, Almaniyada 71 faizi, Kanada və Avstraliyada 70 faizi xidmət sektorunda yaradılıb.

İnkişaf etməkdə olan ölkələrdə də vəziyyət pis deyil. Xidmət sektorunun ÜDM-də payı Yunanıstanda 79 faiz, Brazilyada 67 faiz, Cənubi Afrika Respublikasında 66 faiz, Türkiyədə 63 faiz, Polşada 63 faiz, Meksikada 62 faiz, Argentinada 60 faiz, Cənubi Koreyada 58 faiz, Hindistanda 57 faiz, Kolumbiyada 53 faiz və s..

İqtisadiyyatda neft sektorunun payı yüksək olan ölkələrin bir çoxunda xidmət sektorunun payı digər inkişaf etməkdə olan ölkələrə nisbətən aşağıdır. Xidmət sektorunun payı Venesuellada 60 faiz, Rusiyada 59 faiz, Qazaxıstanda 57 faiz, Küveytdə 52 faiz, İranda 48 faiz, Birləşmiş Ərəb Əmirliyində 40 faiz, Səudiyyə Ərəbistanında 31 faiz, Nigeriyada 31 faiz, İraqda 30 faiz, Qətərdə 27 faizdir.

Keçmiş sovet respublikalarından Rusiya və Qazaxıstandan başqa digər ölkələrdə də xidmət sektorunun iqtisadiyyatda payı yüksəkdir. Xidmət sektorunun ÜDM istehsalında payı Gürcüstanda 68 faiz, Türkmənistanda 68 faiz, Ukraynada 57 faiz, Moldaviyada 64 faiz, Tacikistanda 58 faiz, Qırğızıstanda 52 faiz, Ukraynada Ermənistanda 41 faiz, Belarusiyada 45 faiz, Özbəkistanda 41 faiz təşkil edir.

Azərbaycanda da xidmət sektorunun ÜDM istehsalında payı qarşıdakı illərdə sürətlə artacaq. Sürətli böyümə 2 səbəblə bağlı olacaq. Birinci səbəb ayrıca götürdükdə xidmət sektorunun nominal dəyərinin sürətlə böyüməsidir.

İkinci səbəb isə neftin dəyərinin düşməsi ilə əlaqədar neft iqtisadiyyatının payının kiçilməsidir.

Belə sürətli böyümədə xidmət sektorunun nominal və real dəyərinin artımı xüsisilə böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, son 15 ildə xidmət sektorunda real böyümə sürəti illik 5 faizdən az olmayıb.

Xidmət sektorunun iqtisadi böyümədə rolu xüsusidir. ABŞ-ın dünyada ən böyük iqtisadiyyata sahib olmasının yeganə səbəbi xidmət sektoru ilə bağlıdır. ABŞ həm sənaye, həm də kənd təsərüfatı məhsullarının istehsalına görə Çinə uduzsa da məhz xidmət sektorunun böyüklüyü hesabına ən böyük iqtisadiyyat ünvanını qoruyur.

Azərbaycan da xidmət sektorunu inkişaf etdirməklə qeyri-neft sektorunda davamlı inkişafa təminat yarada bilər.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz