Əlaqə Arxiv
news Image
2020.02.19
10:19
| A A A
Nağdsız ödənişlər biznesin inkişafına mühüm təkan verir
Elektron ticarət üzrə nağdsız ödəniş əməliyyatlarının sayı sürətlə artır

Ölkəmizdə nağdsız, rəqəmsal ödənişlərin həcminin sürətlə artması müşahidə edilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr göstərir ki, nağdsız ödənişlərin dövriyyəsinin artırılması üçün imkanlar böyükdür, davamlı islahatlar aparmaqla nağd dövriyyəni minimuma endirmək olar.

Nağdsız əməliyyatların həcminin artmasının iqtisadiyyatın qeyri-leqal hissəsinin kiçildilməsi, iqtisadi dövriyyənin dəqiq uçotunun aparılması, bank sektorunun ucuz maliyyə vəsaitlərinə olan ehtiyacının ödənilməsi kimi məsələlərin həllində böyük rolu var. O, bu kimi məsələlərin həllinə kömək etməklə həm də iqtisadiyyatda rəqabət mühitinin sağlamlaşdırılmasına da yardım etmiş olardı. Təsadüfi deyil ki, müasir iqtisadiyyatda nağdsız ödənişlərə (elektron ödəniş) həm də biznesin ədalətli inkişafının təminatçısı kimi yanaşılır. Elektron ödəniş sistemi bir tərəfdən iqtisadiyyatda şəffaflığın artırılmasına, ədalətli rəqabət şaraitinin formalaşmasına xidmət edirsə, digər tərəfdən bank dövriyyəsinin böyüməsinə, vergi daxilolmalarının artmasına və bu yolla iri həcmdə investisiya resurslarının formalaşmasına köməklik edir. Nağdsız ödənişlərin sadalanan üstün cəhətlərini nəzərə alan dünyanın inkişaf etmiş, hətta inkişaf etməkdə olan bir çox ölkələri hər vəchlə bu müasir təcrübənin ölkənin bütün sahibkarlıq subyektləri və istehlakçıları tərəfindən mənimsənilməsinə, tətbiqinə çalışır. Bunun üçün ölkələr elektron ödənişin geniş təbliğatını aparır, onunla bərabər sistemin oturuşması, işlək vəziyyətə gətirilməsi məqsədilə müxtəlif qanunverici (vergi güzəştləri, nağd ödəmələrlə bağlı cərimələr tətbiq edir və s.) dəyişikliklərə əl atır.
Azərbaycanda da nağdsız ödənişlərin genişləndirilməsinin əhəmiyyəti başa düşüldüyündən bu istiqamətdə çox ciddi tədbirlər görülməyə başlanılıb. Ölkəmizdə iri ödənişlərin nağdsız aparılması ilə bağlı bütün məsələlər öz həllini tapsa da, kiçik ödənişlərdə elektron ödəniş sistemlərindən istifadə sahəsində vəziyyət ürəkaçan deyil.
Buna görə də ölkəmizdə ilk növbədə plastik kartlardan istifadə səviyyəsi və onun vasitəsilə ödənişlər artırılmalıdır. Kartla ödənişlər hazırda dünyada nağdsız ödənişlər sisteminin mühüm elementi kimi çıxış edir və elektron ödənişlər üzrə ən böyük paya malikdir. Lakin Azərbaycanda təəssüflər olsun ki, hələlik sistemin bu qolunun inkişafı istənilən səviyyəyə çatmayıb. Baxmayaraq ki, kartla ödənişlərin genişləndirilməsi məqsədilə indiyədək bir neçə qərar qəbul edilib.

Aparılan islahatlarda, görülən tədbirlərdə əsas hədəf istifadədə olan plastik kartların həm sayının, həm də dövriyyəsinin artırılmasıdır. Ələlxüsus, plastik kartların daha önəmlisi olan kredit kartlarının istifadəsini genişləndirməkdir.

Dünyanın qabaqcıl ölkələri ilə müqayisədə Azərbaycanda plastik kartlardan istifadə səviyyəsinin olduqca aşağı olması hamıya məlumdur. Statistikaya əsasən, ölkəmizdə 7,266 milyon ədəd plastik kart istifadədədir. Kartlar vasitəsilə aparılan əmaliyyatların həcmi 2,765 milyard manat olub ki, onun da 2 milyard manatını nağd pulun çıxarılması üçün istifadə edilib. Başqa sözlə, insanlar nəticədə yenə də nağdsız ödənişlərdən nağd ödənişlərə keçid edib. Bunun əsas səbəbi ölkəmizdə debet kartların çoxluğudur. Ölkəmizdə olan 7,27 milyon kartın 6,47 milyardı (89 faiz) debetdir.

Bizdən fərli olaraq dünyanın qabaqcıl ölkələrində kredit kartlarından istifadə elə bir səviyyəyə çatıb ki, onlarsız pərakəndə ticarəti və pullu xidmətləri təsəvvür etmək mümkün deyil. Sözügedən ölkələrdə əhalinin 18 yaşdan yuxarı yaş qrupunda daxil olan insanlarının 50 faizindən artığı kredit kartlarından istifadə etdiyi halda ölkəmizdə bu göstərici 4,5 faiz səviyyəsindədir. Dəqiq rəqəmlərlə söyləsək, ölkəmizdə 800 min ədəd kredit kartı istifadədədir və hər 12,5 nəfərə bir kredit kartı düşür. Müqayisə üçün bildirək ki, ABŞ-da bir nəfərin 5, Yaponiyada 3, Türkiyədə hər nəfərin 1,5, Rusiyada hər 2 nəfərin bir kredit kartı var.
Azərbaycanda bu istiqamətdə müsbət dinamika var. Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi və Sürətli pul köçürmə sistemləri üzrə köçürmələr artmışdır. Ümumilikdə, ölkəmizdə ödəniş və pul köçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40 faiz artmışdır. 2019-cu ildə ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyon ədədə çatmışdır. Həmçinin, keçən il debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artmışdır. 2019-cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə nağdsız ödəniş əməliyyatlarının sayı 67 faiz, məbləği isə 97 faiz artmışdır. Azərbaycanda elektron ticarətin həcmi tarixdə ilk dəfə olaraq rekord həddə artmışdır. Təsadüfi deyil ki, Azərbaycan UNESCAP-ın hesablamalırna görə, kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir. Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS terminallar üzrə nağdsız ödənişlər 20 faizə qədər artmışdır. Lakin ATM və POS terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə rəqəmsal vergi inzibatçılığının inkişaf etdirilməsi üçün elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması deməkdir. Elektron ixracın lideri Azexport.az portalının ixrac sifarişləri son üç ildə 1,5 milyard dolları keçib. Azərbaycanda ani ödəniş sistemi, smart tələbə kartları, dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi, ictimai nəqliyyatda nağdsız əməliyyatlar və başqa istiqamətlərdə rəqəmsal ödənişlərin inkişafı üçün fəaliyyətlər göstərilir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz