Əlaqə Arxiv
news Image
2020.02.20
08:50
| A A A
Nəqliyyat sisteminin nöqsanları çözülür
Demoqrafik inkişaf, yeni yaşayış massivlərinin salınması qarşıya yeni vəzifələr çıxarır

Paytaxt Bakıda yol infrastrukturunun və nəqliyyat sisteminin təkmilləşdirilməsi müstəqillik dövrünün ən gözəgörükən işlərindən biridir. Köhnə sistem bizə heç də layiqli nəqliyyat mirası saxlamamışdı. Cəmi 5-10 il əvvəl küçələrin toz-torpağı, magistral yolların çala-çıxırı hamımıza göz dağı idi. Prinsipcə, yollarımız xalqımızın malik olduğu mədəni irsin səviyyəsindən qat-qat geri qalırdı. Bu, böyük nöqsan idi. Buna görə də 10 il əvvəl aeroport yolunun təmir edilib müasirləşdirilməsi, magistral boyunca yeni texnologiyaların tətbiqi paytaxt ərazisində nəqliyyatən fəaliyyəti üçün geniş nəfəslik yaratdı. Həmin dövrdən üzü bəri sürətlə gedən dəyişikliklər indi şəhərimizi dünyanın ən gözəl şəhərləri sırasına keçirib.

İş davam edir, yol infrastrukturu genişlənir, nəqliyyat sistemi ahəngdar iş rejimini gücləndirir. Prezident İlham Əliyev bu mühüm sahəni ciddi nəzarətdə saxlayır və bu sahəyə məsuliyyətli şəxsləri tüz-tez dinləyir, hesabat tələb edir, müvafiq tapşırıqlarını verir. Bu günlərdə Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədrini qəbul edən prezident deyib: “Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur. Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir”.

Bəli, “şüurlu seçim” Azərbaycanın inkişaf yolunun müəyyənləşməsində əsas rol oynayıb. Dövlət başçısının inkişaf strategiysı məhz şurlu olaraq xalqın firavan həyatının təmin edilməsi, ən müasir dünya texnologiyalarından istifadə ilə ölkəmizi inkişaf etmiş ölkələrin cərgəsinə çıxarmaq olub. Nəqliyyat sistemi götürülmüş istiqamətin əsas zolaqlarındandır. Qeyd etmək yerinə düşər ki, bu sahədə artıq təsdiqlənmiş nailiyyətlər böyükdür və təsadüfi deyil ki, ölkə rəhbətinin də qeyd etdiyi kimi yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu, Davos Forumunun hesabatında əksini tapıb.

Prezident İlham Əliyevin BNA İH-nin sədri Vüsal Qasımlıya ünvanlandığı suallar nəqliyyat sisteminin fəaliyyəti və ortaya çıxan nюqsanların aradan qaldırılması, habelə perspektiv layihələr barədə idi: Eşitmək istərdim ki, keçən il görülmüş əsas işlər nədən ibarət idi? Bu il neçə yeni avtobus gətiriləcək və şəhər nəqliyyatında hansı yeniliklər olacaq?

BNA yaradılandan sonra şəhər nəqliyyatında qayda-qanunun gücləndirilməsi prosesi uğurla gedir. Dünya standartlarına cavab verən yeni rahat avtobusların alınması sərnişinlərin tələbatına cavab verir. Vüsal Kərimli də bu işər barədə konkret fahtlar ölkə başçısına məlumat verib: “Keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər. Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik. Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq”.

Bu gün paytaxtın sərnişin daşıyan avtobuslarında mədəniyyət də xeyli yüksəlib. Sürücü-sərnişin münasibətləri yaradılmış şərait fonunda ildən-ilə daha proqressiv mahiyyət alır. Bu, çox vacib məqamdır. Çünki, turizm sənayesi sürətlə inkişaf edir və şəhərimizə gələn əcnəbilərin sayı sürətlə artır. Nəqliyyat və yol mədəniyyətin ilk gözəçarpan nümunəsidir. Bu gün paytaxtımızın hər bir sakini nəqliyyat sistemimizin siması ilə fəxrlə danışa bilər.

Lakin görüləcək işlər çoxdur. Demoqrafik inkişaf, yeni yaşayış massivlərinin salınması qarşıya yeni vəzifələr çıxarır. Prezident İlham Əliyev BNA sədrinə əhalini narahat edən bir problem barədə də ciddi tapşırıq verdi: “Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir”.

Göründüyü kimi, dövlət başçısı heç nəyi nəzərdən qaçırmır və şəhər təsərrüfatının gündəlik həyatının problemlərinə ciddi diqqət verir. Demək, qayğı, nəzarət və tələb var. Bunlar varsa, iş də gedəcək. İş olan yerdə isə inkişaf qaçılmazdır. Buna görə də Bakının nəqliyyat seqmentləri vahid mexanizm kimi işləyir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz