Əlaqə Arxiv
news Image
2020.02.20
09:14
| A A A
Zərgərlik sənayesində şəffaflıq zərurəti
Fuad İbrahimov: “Zərgərlik sahəsinin inkişafına ən gözəl yardım rəsmi qeydiyyatdan keçən zərgərlik şirkət və subyektlərinin gömrük-idxal rüsumlarından müvəqqəti olaraq azad edilmələri ola bilər”

Azərbaycanda qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemlərə də nəzərə almalıyıq. İqtisadiyyatın şaxələndirilməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır”. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.

Nazir zərgərlik sənayesinin yüksəldilməsi üçün bu sahəyə ciddi dəstək verilməsinə ehtiyac olduğunu bildirib: “Son illər ölkəmiz qızıl hasilatı sahəsində mühüm nailiyyətlər əldə edib. Regionlarda qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların da istehsal potensialı böyükdür. Azərbaycanın zərgərlik sahəsində tarixi ənənələri mövcuddur. Biz sıfırdan hər hansı işi başlamırıq. Zərgərlik sənayesinin yüksəldilməsi üçün ciddi dəstək verilməsi vacibdir. Stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər”.

Bununla yanaşı, nazirin sözlərinə görə, bu sahədə də şəffaflığın təmin edilməsi vacib məsələdir: “Biz “kölgə iqtisadiyyatı”nın bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək. Bu sahədə rəqabət mühitinin olması da bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada rəqabət mühiti ilə bağlı bir sıra çatışmamazlıqların olduğunu göstərir. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim imicimizə zərbə vuran məqamlardan biridir. Nəticə etibarı ilə qanuna riayət edən uduzur. Bu, ədalətli deyil. Biz bununla birmənalı şəkildə barışmayacayıq. Bazarda ədalətli və şəffaflığın təmin edilməsi dövlətin aidiyyatı strukturların üzərinə düşən əsas hədəflərindən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosasiyasının yaradılması təqdirəlayiqdir. Həmçinin zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlardan və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması təklif edilir”.

İqtisadçı ekspert Fuad İbrahimov da zərgərlik sənayesinə ciddi dəstək verilməsinin vacib olduğunu söylədi : “Həqiqətən də zərgərlik sənayesinin inkişafına nail olmaq üçün bu sahəyə ciddi dəstək verilməlidir. Bu mənada nazir tərəfindən səslənən həmin yanaşma çox düzgün yanaşmadır.  Ən azından bu sahədə çalışanların kfalisifikasiyası, uçotu aparılmalıdır. Onlar konkret olaraq vergi ödəyicisi kimi qeydiyyata düşməlidir. 

Paralel olaraq “güzgü” metodologiyasından istifadə edib ölkəyə bu qəbuldan olan məhsulların daxil olması zamanı gömrük-idxal rəsmiləşdirilmısində şəffaflıq yaradılmalıdır. Bu yolla həmin sahəyə inkişaf etmək üçün ciddi dəstək vermiş olacağıq. Ümumiyyətlə zərgərlik sənətinin inkişafına və bu sahənin regional səviyyədə cazibədar mənbəyə çevrilməsinə şərait yaratmış olacağıq. Bu sahəyə dövlətin hər hansısa bir subsidiya verməsinə gəldikdə, düşünmürəm ki, buna ehtiyac var. Ancaq sahənin inkişafına nail olmaq istəyiriksə, ona ən gözəl yardım rəsmi qeydiyyatdan keçən zərgərlik şirkətləri və subyektlərinin gömrük-idxal rüsumlarından müvəqqəti olaraq azad edilmələri ola bilər”.

Ekspert sözügedən sahədə mövcud olan rəqabət mühitinin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildirdi: “Zərgərlik sahəsində sağlam rəqabət mövcuddur. Ancaq bu rəqabət mühiti daha da gücləndirilməlidir. Yəni bu sektor spesifik sahə olduğundan  orada qeyri-ənənəvi yollarla nəyisə tətbiq etmək mümkün deyil. Məhz buna görə çox sadə şəffaf mexanizmlərdən istifadə etməklə həmin sağlam mühiti bərqərar etmək olar”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz