Əlaqə Arxiv
news Image
2020.02.21
09:45
| A A A
Qızılın qiyiməti yenə göz qamaşdırır
Dövlət Neft Fondu qızılda yığımlarını artıra bilər

Xalis qızılın dəyərində 2019-ci ilin dekabrından müşahidə edilən artım dinamikası hələ də davam edir. Artıq qızılın bir troyan unsiyasının (31,1 qram) qiyməti 1600 dollar dollar həddini ötərək 1610-1615 dollar səviyyəsinə çatıb. Hazırda xalis qızılın bir qramının qiyməti 51,7 dollar, bir kiloqraməm dəyəri 51 700 dollar təşkil edir.

Qızılın qiyməti sonuncu dəfə 2013-cü ilin fevralında 1600 dollar səviyyəsində olub. Bundan öncə isə 2011-ci ilin iyul-avqustunda qızıl 1800 dollardan bir qədər baha satılıb.  Qızılın dəyərində növbəti yüksəlmə dinamikası 2019-cu ilin dekabrının 10-dan sonra baş verib. Həmin tarixdə qiyməti 1465 dollar olan qızılın dəyəri hazırda 145 dollar və ya 10 faiz yüksəkdir. Ümumilikdə, son bir ayda qızıl 3,5 faiz, ilin əvvəlindən 5,9 faiz, son bir ildə 20 faiz bahalaşıb.

Qızılın bahalaşması ABŞ dollarında baş verən bahalaşma ilə paralel baş verir. İqtisadi baxımdan dollarla qızılın qiyməti tərs mütənasiblik təşkil edir. Çünki qızılın bazar dəyəri ABŞ dolları ilə müyyən edilir. İqtisadi qaydalara əsasən, dəyəri dollarla ifadə edilən əmtəələrin qiyməti dolların məzənnəsindəki dəyişikliyə həssas olur. Dollar bahalaşdıqda həmin əmtəə və xidmətlərin dəyərində yüksəlmə yönündə, ucuzlaşdıqda isə aşağı enmə yönündə təsir yaranır. Bu qanunauyğunluq nəzərə alındığında dolların bahalaşması qızılın ucuzlaşması yönündə təzyiq göstərməli idi. Amma görünür, digər amillər, bura həm iqtisadi, həm də digər faktorlar daxildir, daha güclü təsir yaratdığından qızıl dollarla paralel bahalaşır.

2019-cü ilin dekabrın sonunda dollar indeksi 96 həddində idi. Dekabrda dolların ucuzlaşması qızılın bahalaşmasına dəstək verdi. Lakin yanvar və ferval ayları ərzində dollar da bahalaşır və belə oduqda qızıl ucuzlaşmalıdır. Hazırda dollar indeksi 100 səviyyəsindədir və bu halda ucuzlaşmalı olan qızıl 5 faizdən çox bahalaşıb.

Dollarla paralel olaraq qızılın da bahalaşmasını bir neçə səbəblə izah etmək olar. Bunun əsas səbəbi qızılın bazar dəyərinin formalaşmasına iqtisadi amillərlə yanaşı, qeyri-iqtisadi faktorların da təsir imkanının olmasıdır. Dünyada və ya onun hər hansı bir mühün regionunda iqtisadi, siyasi və ya insanları narahat edən digər problemlər yarandıqda qızıl bahalaşır. Qızılın qiymətindəki bu həssaslıq onun investisiya aləti kimi “etibarlı liman” olması ilə əlaqələndirilir. Qızıl elə bir əmtəədir ki, o, məhz digər mühüm investisiya ələtləri dəyər itirdikdə, dəyər qazana bilir və ya ən azından əsas dəyərini qoruyur. Buna görə də iqtisadi və digər təlatümlər, gərginliklər yaşandıqda qızılın bahalaşması üçün əsas formalaşır.

Son aylarda qızılın bahalaşmasına Çinin bir şəhərində aşkarlanan və getdikcə digər şəhərlərə yayılan koronavirusla bağlı xəbərlər də təsir edir. Qısa müddətdə artıq 2 mindən çox Çin vətəndaşı dünyasını dəyişib. Gözlənti ondan ibarətdir ki, bu halda bəzi ölkələr virusa qarşı mübarizə məqsədilə Çindən idxalı azalda və ya dayandıra bilər. O halda Çinin ixracı və idxalı zəifləyəcək. Bunun Çin vasitəsilə dünya iqtisadiyyatına neqativ təsirlərlərinin olacağı güman edilir. Belə bir narahatçılıq da qızıl alışlarını artırır.

Qızılı bahalaşdıran əsas iqtisadi amil isə dünyanın əksər Mərkəzi Banklarının, o cümlədən ABŞ-ın faiz dərəcəsini endirməsidir. Faizlər endiyindən ucuz vəsaitlərin həcmi artıb. Ucuz vəsaitlərin artması məcmu tələbi gücləndirdiyindən bir sıra əmtəələrin, həmçinin qızılın bahalaşmasına səbəb olub.

Qızılın dəyərindəki artımı Azərbaycanın Dövlət Neft Fondu da dəyərləndirir. Fond 2012-ci ildən qızıl alır. İlk dəfə 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışı həyata keçirilib. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Neft Fondunun investisiya portfelinə daxil edilməsi baş tutub.

Fond 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirib. 30 sentyabr 2019-cu il tarixinə Fondun investisiya portfelinə daxil edilən qızılın miqdarı 100,66 tona (3 236 233,233 troya unsiyası) çatdırılıb.

Qızıl alışının artması Fondun aktivlərində onun payının 11 faizi keçməsinə səbəb olub. 2019-cu ilin sentyabrın sonunda Fondun qızılda olan aktivləri ümumi aktivlərin 11,4 faizi (4,847 milyard dollar) qədərindədir. Azərbaycan 2019-cu ildə təxminən 2,15 milyard dollar dəyərində qızıl idxal edib.

Fondun qızıl alışı 2020-ci ildə də davm edə bilər. Azərbaycan Hesablama Palatası Fonda cari ildə daha 50 ton qızıl almağı tövsiyə edib. Nəzərə alaq ki, Neft Fondunun aktvləri artır və aktivlərin daha azriskli investisiya alətlərində saxlamaq məqsədəuyğundur. Arıq Fondun aktivləri 45 milyard dolları ötüb və artan vəsaitlərin bir hissəsinin qızıla sərmayə edilməsi əlverişlidir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz