Əlaqə Arxiv
news Image
2020.02.21
09:56
| A A A
Bankların “lombard kredit”lərinə tələb artır
Əkrəm Həsənov: “Banklara müəyyən imkanlar yaradılmalıdır ki, onlar “lombard kredit”i verəndə vətəndaşın gəlirliliyini nəzərə almasın”

Son illərdə “lombard kredit”lərinin verilməsində artım müşahidə edilir. Əvvəllər bu cür kreditləri “lombard” adı altında ayrıca fəaliyyət göstərən şəxlər, eyni zamanda bir neçə bank verirdisə, hazırda əksər banklar “lombard kredit”i təklif edir. “Lombard kredit”i təklif edənlərin çoxluğu bazarda rəqabəti də artırıb. Bunun nəticəsində banklar tərəfindən verilən “lombard kredit”lərində ucuzlaşma baş verib. Amma ayrıca “lombard” adı altında fəlaliyyət göstərən şəxslər kreditlər üzrə faizlərdə endirimə getmir. Bu cür yerlərdə illik faiz dərəcəsi təxminən 30-33 faiz səviyyəsindədir.

Bankların təklif etdiyi kreditlərin ucuz olmasına baxmayaraq, onlar hələ də lombardları tam sıxışdırıb bazardan çıxara bilmir. İnsanların hələ də lombardlara müraciət etməsi maraq doğurur.

Maliyyə-bank sahəsi üzrə ekspert Əkrəm Həsənov son illərdə bankların da “lombard kredit”lərinə maraq göstərməsinin səbəbini həmin kreditlərin geri qaytarılma ehtimalının yüksək olması ilə izah etdi. O xatırlatdı ki, “lombard kredit”i təminatla verilən kreditdir və onun geri qaytarılmama riski yoxdur: “Bu elə bir kreditdir ki, onun müqabilində təminat kimi qəbul edilən daşınar əmlak krediti verəndə saxlanılır. Borcalan pulu qaytarmadıqda kredit verən əmlakı hərraca çıxararaq satır və öz pulunu götürür. Qanunvericilik bankların bu cür kreditlər verməsinə məhdudiyyət gətirmir. Son zamanlar bankların “lombard kredit”ləşməsinə marağının artması müşahidə edilir. Bunun səbəbi həmin kreditlərin ən təhlükəsiz və təminatlı olmasıdır. Təminat kredit verəndə olduğuna görə istənilən halda pulu geri qaytarmaq imkanı var. Banklarda faiz dərəcələri də aşağıdır”.

Ə.Həsənov lombardlara hələ də müraciətlərin olmasını bəzi insanların rəsmi gəlirinin olmaması ilə izah etdi: “Lombardlara o şəxslər müraciət edir ki, banklar onlara hətta təminatın olmasına baxmayaraq kredit vermir. Qanunvericilik kredit verən zaman bankların üzərinə müəyyən məsuliyyətlər qoyur. Həmin məsuliyyətlərlə bağlı olaraq banklar kredit alanın ödəmə qabiliyyətini rəsmi sənədlərlə yoxlayır. Vətəndaşın müəyyən gəlirliliyi yoxdursa, bank ona kredit verə bilmir. Lombardlar üçün isə belə bir məsuliyyət müəyyən edilməyib. Ona görə də rəsmi gəliri olmayanlar lombardlara üz tutur. Lombardlarda da faizlər çox yüksəkdir”.

Ekspert qeyd etdi ki, 2019-cu ildə Milli Məclis “Lombardlar haqqında” qanun layihəsini müzakirə edib və sənəd ikinci oxunuşdan da keçib. Hazırda lombarların fəaliyyəti tənzimlənmir, kim istəyirsə, lombard aça bilər, bunun üçün lisenziya tələb edilmir. Çox-çox əvvəllər lombardların fəaliyyətinə Maliyyə Nazirliyi nəzarət edirdi, hazırda nəzarət sahəsində boşluq var.

Qanun qəbul edilərsə, lombardların fəaliyyəti lisenziyalaşdırılacaq, onlardan minimum nizamnamə kapitalı tələb ediləcək. Bu halda lombardların çoxu fəaliyyətini dayandıracaq”.

Ə.Həsənovun fikrincə, lombardlar ləğv edilməlidir. Onun sözlərinə görə, burada həm faizlər yüksəkdir, həm də etibarlılıq məsələsi sual altındadır: “Vətəndaş qızıl-zinət əşyasını qoyub pul götürür. Ola bilər ki, vətəndaş pulunu ödədikdən sonra lombard fəaliyyətini dayandıra bilər. Bu vəziyyətdə borc alan çətin vəziyyətə düşür. Bəzən də vətəndaş lombardın pulunu vaxtında qaytara bilməyəndə lombard girovu özünə götürür və vətəndaşa əmlakının batdığını deyir. Halbuki qanuna görə, lombard bunu hərracda satmalıdır. Burada da vətəndaşların hüquqları pozulur. Lombardların lisenziyasının olmaması, onlara nəzarətin olmaması problemlər yaradır. Bəzən vətəndaşlar lombarddan kredit götürürlər, girov qoyurlar, sonra isə həmin lombardın bağlandığını görürlər. Çünki nəzarət yoxdur. O baxımdan həmin sahədə özbaşınalıq var”.

Ə.Həsənovun fikrincə, arzuedilməz vəziyyətin yaranmaması üçün banklara müəyyən imkanlar yaradılmalıdır ki, onlar “lombard kredit”i verəndə vətəndaşın gəlirliliyini nəzərə almasın.

Məlumat üçün bildirək ki, “Lombardlar haqqında” qanun layihəsinə əsasən, lombard daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsi başa düşülür. Sənədə əsasən lombardlar fəaliyyət göstərə bilmək üçün lisenziya almalıdır, onların nizamnamə kapitalı olmalıdır, kreditlər maksimum 12 ay müddətə verilməlidir, kredit üçün qəbul edilən girovlar sığortalanmalıdır və s.. Hələlik qanun qəbul edilmədiyinə görə, bu tələblər lombarda qarşı tətbiq edilməyib.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz