Əlaqə Arxiv
news Image
2020.02.21
10:15
| A A A
Meyvə-tərəvəzin ixracı da, idxalı da artır
Yerli meyvə-tərəvəzə tələb böyük olsa da onun bir hissəsi ixraca yönəlir

Azərbaycan əhalisi idxal olunan meyvə-tərəvəzlə müqayisədə, yerli meyvə və tərəvəzin istehlakına daha çox üstünlük verir. Əhalinin yerli meyvə və tərəvəz məhsullarına olan tələbatı olduqca böyük olduğunu görürük. Buna görə də əksər hallarda yerli məhsullar idxal edilən meyvə və tərəvəz məhsullarını rəqabətdə udur. Çünki ölkəmizdə istehsal edilən meyvə və tərəvəz ekoloji cəhətdən təmizdir, geni dəyişdirilməyib. Buna görə də insanlarımız yerli məhsulları istehlak etməyə daha çox üstünlük verir.

Yerli məhsullarımızın keyfiyyətini bu məhsulları idxal edən ölkələrin əhalisi də bilir. Bu səbəbdəndir ki, hər il Azərbaycanın meyvə və tərəvəz ixracında artım baş verir. Amma ixtacın artması daxili bazarda meyvə və tərəvəzlə təminatı bir qədər çətinləşdirir. Bu amilin də təsiri ilə son illərdə meyvə-tərəvəz idxalının artması müşahidə olunur. Başqa sözlə, Azərbaycan ekoloji təmiz məhsullarını satıb, xaricdən keyfiyyəti o qədər də yüksək olmayan məhsullar idxal edir.
Yaranmış vəziyyətlə bağlı belə bir sual ortaya çıxır - Azərbaycan ilk növbədə daxili tələbatı ödəyib, daha sonra artıq qalan məhsulları ixraca yönəldə bilərmi? Bu məqsədlə dövlətin ixracı çətinləşdirmək üçün vergi tətbiq etməsi məqbuldurmu?  
Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı hesab edir ki, yerli məhsulların bir hissəsinin ixraca yönəlməsini təbii qarşılamaq lazımdır. O söylədi ki, ixrac edilən məhsullar daha çox gəlir gətirir. Ekspertin fikrincə, buna görə fermerləri qınamaq olmaz: “Ticarətdə sərbəstlik vermək lazımdır və fermerlər hansı bazardan daha çox gəlir götürə bilirsə, məhsulunu da həmin bazara çıxarmalıdır. Həmin məhsullarla daxili tələbatı tam ödəmək istəyiriksə, istehsalı artırmalıyıq. İstehsal artarsa, fermerləri ixracı indikindən daha çox ola bilər və eyni zamanda daxili tələbi daha yaxşı təmin etmək olar. İstehsalla bərabər başqa xarici bazarlar axtarılmalıdır, bazar araşdırmaları gücləndirilməlidir. Hazırda meyvə və tərəvəz əsasən Rusiyaya satılır, az miqdarda Ukrayna da alır. Dövlətin dəstəyi ilə bazar araşdırmaları artırılaraq digər bazarlar tapılmalıdır. İstehsal artarsa və digər bazarlar tapılarsa, həm yerli tələbat ödənər, həm də ixrac artar”.


Q.Bayramlı söylədi ki, Azərbaycanın istehsal etdiyi meyvə-tərəvəz məhsulları daxili tələbatı ödəyir. O qeyd etdi ki, ölkəmizin kənd təsarrüfatı potensialı, iqlim və torpaq şəraiti əhalini müxtəlif növ meyvələrlə və tərəvəz məhsulları ilə tam təmin etməyə imkan verir. Ekspert dedi ki, Azərbaycanın idxal etdiyi meyvə-tərəvəz əsasən ölkəmizdə istehsal edilə bilməyən, yaxud az istehsal edilən məhsullardır: “Azərbaycan, tərəvəzə nisbətən daha çox meyvə idxal edir. İdxal etdiyimiz meyvələr arasında subtropik və tropik iqlimdə yetişən meyvələr üstünlük təşkil edir. Banan, ananas, kivi və s. kimi meyvələr ya ölkəmizdə yetişmir, ya da az yetişir. Cənubda lokal ərazidə suptropik meyvələr yetişdirmək olur, amma daxili ehtiyacı tam ödəmir. Buna görə də idxal həyata keçirilir. Amma ölkəmizin bütün regionlarında yetişmək imkanı olan meyvələr üzrə yerli istehsal daxili tələbatı tam ödədiyinə görə həmin məhsulların geniş idxalı baş vermir. Həm də Azərbaycan əhalisi yerli meyvə və tərəvəzə üstünlük verdiyindən xaricdən eyni növ məhsulları gətirmək ticarətçiyə də sərf etmir”.
Ekspert düşünür ki, ölkəmizdə meyvə və tərəvəz istehsalını artırmaq imkanları var. Onun sözlərinə görə, bu məqsədlə həm dövəltin dəstəyi artırılmalıdır, həm də maarifləndirmə işləri gücləndirilməlidir: “Aqrotexniki qaydalara əməletmə səviyyəsini yüksəltmək lazımdır, su ilə təminat yaxşılaşdırılmalıdır. Seleksiya işləri aparılmalıdır, xüsusən meyvəçiliyə daha güclü qayğı ilə yanaşmaq lazımdır. Ağacların budanması, torpağa qulluq, dərmanlama və s. tədbirlər davamlı və düzgün aparılmalıdır.
Müəyyən iqlim dəyişikliyi, torpaqda olan dəyişikliklər nəticəsində bölgələrimizdə dəyərli meyvə sortlarının, məsələn Qızıləhmədi sortunun istehsal azalıb. Əvvəllər həmin meyvə sortlarının bağlarından 300-500 kq çox meyvə almaq olurdu. Amma indi əvvəlki sortlar yoxdur, məhsuldarlıq da azdır.
Bütövlükdə bu sahədə sistemli işlər aparılmalıdır, seleksiya işlərini planlı şəkildə, elmi prinsiplərə əsaslanaraq hazırlayıb, icra etmək lazımdır. Hazırda da təsərrüfatların ekstensiv üsulla, yəni kəmiyyətcə böyütməklə, inkişaf etdirmək, daha çox məhsul almaq istəyirik. Halbuki, intensiv üsula üstünlük verilməklə məhsuldarlığı artırmaq olar.
Meyvə və tərəvəzdə məhsulların itkisi məsələsi də aktualdır. Hər il istehsal edilən məhsulun 5-10 faizi itkiyə gedir. Tərəvəzdə bu, daha çox olur. Soyuducu anbarlar çox olarsa və orada malın saxlanmasına görə qiymətlər əlverişli olarsa itkiyə gedən məhsul az olar, həm daxili bazara daha çox məhsul çıxarılar, həm də ixraca daha çox məhsul yönəldilər. Soyuducu anbarlarda qiymətlər fermerlər üçün əlçatan deyil, yüksəkdir. Soyuducu anbarların sayı artırılmalıdır ki, qiymətlər əlverişli olsun.
Dövlət dəstəyi artırılmalıdır. İstehsalın artırılması məqsədilə fermerlərə az faizli, uzunmüddətli kredit verilməlidir, ziyanvericilərə qarşı preparatlarla təminat yaxşşı olmalıdır. Bölgələrimizdə savadlı aqronomların sayı azdır. Bu sahədə kadr bazasının yaradılması vacibdir, eyni zamanda elmi-tədqiqat işi genişləndirilməlidir”.
Qeyd edək ki, Azərbaycan bir çox meyvə və tərəvəz məhsullarını idxal edir. Ən çox idxal etdiyimiz meyvə banan (28,7 milyon dollar), qoz (14 milyon dollar), portağal (12 milyon dollar), xurma (8 milyon dollar), ərik (7 milyon dollar), fındıq (6,9 milyon dollar), mandarin (6,7 milyon dollar), üzüm (5,7 milyon dollar), badam (4,3 milyon dollar), armud (2,5 milyon dollar), ananasdır (2,3 milyon dollar). Tərəvəzlərdən isə kartof (52 milyon dollar), mərci (3,2 milyon dollar), bibər (2,7 milyon dollar), badımcan (2,4 milyon dollar), lobya (1,8 milyon dollar), noxud (1,5 milyon dollar), soğan (1,47 milyon dollar), xiyardır (1,1 milyon dollar).

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz