Əlaqə Arxiv
news Image
2020.02.22
09:57
| A A A
İstehlak kreditlərindəki artımı dayandırmaq olmur
Ötən il istehlak kreditləri biznes kreditlərindən iki dəfədən çox artıb

Azərbaycanda bütün tədbirlərə baxmayaraq ümumi kredit qoyuluşunda istehlak kreditlərinin payı artmaqda davam edir. Hətta ötən il istehlak kreditlərinin payında rekord göstərici qeydə alınıb. 2019-cu ilin yekunlarına əsasən, cəmi kreditlərin 45,6 faizi ev təsərrüfatlarına verilib ki, bu sahə üzrə verilən kreditlər də əsasən istehlak məqsədilə istifadə olunur. İndiyə qədər ev təsərrüfatlarına verilən kreditlərin payında ən yüksək göstərici 2014-cü ildə qeydə alınmışdı. Həmin tarixdə kreditlərin 44 faizi ev təsərrüfatlarına verilmişdi.

2019-cu ilun sonunda ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6,978 milyard manatı ötüb. İl ərzində bu sahə üzrə kreditlərin dəyəri 1,66 milyard manat və ya 31,2 faiz artıb. Ötən il ərzində cəmi kredit qoyuluşunda artım sürəti bundan az olduğuna görə ev təsərrüfatlarına ayrılan kreditlərin payı bir qədər də artıb. 2019-cu il ərzində ev təsərrüfatlarına verilən krditlərin payı 40,9 faizdən 45,6 faizə yüksəlib.

İstehlak kreditlərinin payının artmasının 2 əsas səbəbi var. Birinci səbəb, biznes kreditlərinin həcminin zəif templə artmasıdır. Ötən il ərzində biznes kreditlərinin həcmi təxminən 600 milyon manat artıb ki, bu da istehlak kreditləri ilə müqayisədə 2,75 dəfə zəif göstəricidir. Əgər biznes kreditlərinin artım miqdarı ev təsərrüfatlarına verilən kreditlərdən çox olsayda, o halda biz istehlak kreditlərinin payının azalmasını müşahidə edərdik.

Əslində, ölkəmizdə istehlak kreditlərinin məbləği çox deyil. Sadəcə olaraq kredit qoyuluşunun həcmi az olduğuna görə ümumi kreditləşmədə istehlak kreditlərinin payı böyük görünür.

İstehlak kreditlərinin artmasının ikinci əsas səbəbi əhalinin pul gəlirlərinin artmasıdır. 2018 və 2019-cu illərdə əhalinin nominal və real gəlirlərində ciddi artım qeydə alınıb. Əmək haqqı, pensiya, müavinətlərdə ciddi artım olub. Eyni zamanda bu dövrdə Mərkəzi Bank sərt pul-kredit siyasətini yumşaq pul-kredit siyasəti ilə əvəz edib, banklar kredit faizlərini aşağı salıb. Bütün bunların nəticəsində ölkəmizdə kredit qoyuluşu artıb.

Qarşıdakı dövrdə də kredit qoyuluşunda artım davam edəcək. Çünki əmək haqqı artımları davam edir, eyni zamanda kölgə istisadiyyatının daralması prosesi gedir. Kölgə iqtisadiyyatının əsas təzahür formalarından biri də əmək müqavilələrinin olmaması, işləyənlərin aldığı əmək haqqının tam və ya qismən gizlədilməsidir. Biznes və əmək fəaliyyətinin leqallaşdırılması banklara daha çox şəxsə və daha çox kredit verməyə şərait yaradacaq. Buna görə də qarşıdakı aylarda ev təsərrüfatlarına ayrılan kreditlərin həcminin və xüsusi çəkisinin artması ehtimalı var.

İstehlak kreditlərinin həcminin biznes kreditlərinə nisbətən daha böyük sürətlə artmasının Azərbaycan kimi iqtisadiyyatlara xeyirdən çox zərəri var. Bu cür kreditləri alan şəxslər aldığı puldan pul qazanmır. Həmin pulla hansısa məhsulu alır və onu istehlak edir. İstehlak krediti ilə insanlar avtomobil, mobil telefon, məişət avadanlıqları, mebel, elekton əşyalar və mənzil alır. Eyni zamanda tikinti işi görür, yaxud mənzili təmir etdirir. Azərbaycanda qeyd edilən məhsulların istehsalı ya yoxdur, ya da azdır. Tikinti materialları istisna olmaqla, digər zəruri istehlak mallarının ölkəmizdə istehsalı yoxdur, həmin mallar ancaq idxal hesabına təmin edilir. Buna görə də istehlak məqsədilə verilən kreditlər Azərbaycanda sənaye istehsalına dəstək vermir, əksinə idxalı stimullaşdırır. Təsadüfi deyil ki, 2019-cu ildə ölkəmizin xarici ticarət fəaliyyəti tarixidəndə idxalda yeni rekord müəyyənləşdirilib. Ötən il idxalın həcmi tarixin ən yüksək həddinə çatıb ki, bunun da əsas səbəblərindən biri istehlak kreditlərinin artmasıdır.

İstehlak kreditləri dedikdə sadəcə ev təsərrüfatlarına ayrılan kreditlərin çox hissəsi nəzərdə tutulmur. Faktiki olaraq ticarət və xidmət sektoruna ayrılan kreditlərin də böyük hissəsi istehlaka yönəldilir. Ötən il ticarət və xidmət sektoruna 2,491 milyard manat kredit verilib ki, bu da cəmi kreditlərin 16,3 faizidir. Ticarət müəssisəslərində qeyri-ərzaq mallarının dəyərinin hissə-hissə ödənilməklə satışı yenidən güclənib. Həmin müəssisələrdən məişət avadanlığı, telefon, mebel və s. alındıqda müştəri kredit götürmür. Malın dəyəri hissə-hissə ödənilir. Ticarət müəssisəsi nisyə satışı götürdükləri kreditlər hesabına təmin edə bilir. Mahiyyət etibarilə bunlar da istehlak kreditidir. Bu cür sövdələşmələrdə banklar, bank olmayan kredit təşkilatları iştirak etməsə də faktiki olaraq bu cür malların satılması istehlak kreditləşməsidir.

Biznes kreditlərinin isə Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti böyükdür. Biznesə yönəldilən vəsaitlər nəticə etibarilə yeni iş yerlərinin açılmasına, istehsal müəssisələrinin yaradılmasına, hətta ixracın artmasına şərait yaradır. Bu üstün cəhətlərini nəzərə alaraq Azərbaycanda biznes kreditlərinin həcminin daha sürətlə artırılması təmin edilməlidir.

Bankların biznes kreditlərini artırması üçün onları stimullaşdırmaq lazımdır. Banklar biznes üçün verdiyi vəsaitin geri qaytarılmasına tam əmin olmadıqda biznes krediti verməkdən ehtiyat edir. Elə bir sistem yaradılmalıdır ki, bankların biznes məqsədilə verdiyi borcların geri qaytarılmasında çətinlik yaranmasın. O halda biznes kreditlərinin də daha böyük fərqlə artmasının şahidi olacağıq.

 

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz