Əlaqə Arxiv
news Image
2020.02.22
10:58
| A A A
Qlobal iqlim dəyişikliyi kənd təsərrüfatına təsirsiz ötüşmür
Azərbaycan önləyici tədbirlər görür

Qlobal iqlim dəyişikliklərinin kənd təsərrüfatı üçün yaratdığı risklər Azərbaycanda da narahatçılıqla izlənilir. İqlim dəyişiklikləri bir çox ölkələrdə torpaqların vəziyyətini pisləşdirib, su ehtiyatlarını azaldıb, məhsuldarlığı aşağı salıb. Buna görə də ölkələrin özünü kənd təsərrüfatı məhsulları ilə təminetmə səviyyəsi getdikcə pisləşir.

Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda aqrar xidmətlərin gücləndirilməsi ilə bağlı 2 illik layihənin açılışı mərasimində deyib ki, qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı məhsullarının istehsalına mane olur. Nazir söyləyib ki, dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının dayanıqlı inkişafı ən vacib məsələlərdən biridir. Demoqrafik və ekoloji amillər insanların keyfiyyətli qida ilə təminatını getdikcə çətinləşdirir. İqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalına getdikcə daha böyük maneələr törədir. İ.Kərimov söyləyib ki, Azərbaycan qlobal çağırışlara qoşularaq aqrar sahədə məqsədyönlü siyasət həyata keçirir.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov açıqlamasında bildirmişdi ki, Azərbaycanda baş verən iqlim dəyişmələri yaxın 20-30 il ərzində bəzi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına səbəb olacaq, bəzilərinin isə daha çox ərazidə əkilməsi üçün şərait yaranacaq. Onun fikrincə, iqlim dəyişmələri əhalinin ərzaqla təminatına və ölkənin ərzaq təhlükəsizliyinə təsirsiz ötüşməyəcək: “İqlim dəyişmələrinin təsirlərini nəzərə alaraq, institut Azərbaycan ərazisində gələcəkdə həyata keçirilməsi zəruri olan adaptasiya tədbirlərini də müəyyənləşdirib”.

M.Həsənov deyib ki, iqlim dəyişmələri Azərbaycanda taxılın məhsuldarlığının azalmasına səbəb ola bilər. Buna görə də Azərbaycanda buğdanın quraqlığa daha davamlı sortları yetişdirilməlidir: "Taxıl strateji məhsuldur. Bu məhsulun istehsalının azaldılması ölkə üçün əlverişli deyil. Hazırda dünyanın bir çox ölkələri də çalışırlar ki, taxılın ixracını azaltsınlar. Çünki ölkənin bu məhsulla təminatı daha vacib məsələdir. Bu mənada Azərbaycanda gələcəkdə ərzaq problemi yarana bilər. Ona görə də buna qarşı indidən adaptasiya tədbirləri həyata keçirmək lazımdır".

Elmi işçi bildirib ki, bu dəyişikliklər sayəsində Azərbaycanda taxıl dəniz səviyyəsindən daha yüksək ərazilərdə əkilə biləcək. Buna görə də ölkənin dağətəyi ərazilərinin daha geniş hissələrində taxıl əkə bilmək üçün quraqlığa davamlı buğda növləri yaradılmalıdır.

M.Həsənov deyib ki, taxıl ilə yanaşı, qarğıdalının, arpanın və quru subtropik bitkilərin məhsuldarlığı da azala bilər. Ancaq bununla yanaşı, quru subtropik bitkilərin əkilməsi arealı genişlənə bilər. Hazırda bu bitkilərin əkilməsi mümkün olmayan ərazilərdə də gələcəkdə subtropik bitkilərin yetişdirilməsi üçün imkanların yaranacağı gözlənilir.

Onun sözlərinə görə, Azərbaycanda baş verən iqlim dəyişikliklərinin təsiri ilə əlaqədar quraqlığa davamlı bitkilərin əkilməsinə daha çox önəm verilməlidir. Artıq Azərbaycanda quraqlığa davamlı bitki növlərinin yaradılması genetiklərin və seleksiyaçıların qarşısında bir nömrəli məsələ kimi dayanmalıdır. İqlim dəyişiklikləri ölkədə digər strateji məhsul olan pambığın arealının daha da genişlənməsi üçün şərait yaradacaq. Bununla yanaşı, quru subtropik bitkilərin arealını genişləndirmək, rütubətə qarşı o qədər də tələbkar olmayan püstə, badam, zeytun kimi bitkilərin əkin sahəsini artırmaq olar.

Bəs, bu vəziyyətdə Azərbaycan ekoloji təmiz məhsulların istehsalını artırmaq üçün nə edə bilər?

İnkişaf etmiş ölkələrdə kəskin hava dəyişikliklərinin qarşısını almaq üçün müəyyən vasitələrdən istifadə edilir. Sovet dövründə Azərbaycanda da dolu dağıdan toplar var idi, xüsusən pambıqçılıq rayonlarında istifadə edilirdi. İnkişaf etmiş ölkələrdə dolu dağıtmaq üçün daha müasir texnologiyadan istifadə edilir və təcrübədə müvəffəqiyyətlə tətbiq olunur.

Azərbaycanda bu sahədə əhəmiyyətli irəliləyiş yoxdur, onu etmək lazımdır. Bunu etmək üçün bizim maddi imkanlarımız, kadrlarımız var. Sadəcə olaraq bu işi təşkil etmək lazımdır.

İqlim dəyişikliyinə qarşı önləyici tədbirləri bir ölkə ayrılıqda görə bilməz. Amma biz inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməklə iqlim dəyişikliklərinin təsirini müəyyən dərəcədə azalda bilərik.

Azərbaycanda iqlim dəyişikliklərinin təsirinin minimum endirilməsi üçün kənd təsərrüfatında intensiv üsuldan istifadə vacibdir. Azərbaycanda kənd təsərrüfatının inkişafını ekstensiv üsuldan intensiv üsula keçirsək, müasir kənd təsərrüfatı metodlarının tətbiqini daha da genişləndirsək, bu təsirlərdən müəyyən qədər qorunmuş olarıq. Bizdə ən böyük problem ekstensiv üsullardan istifadənin hələ də yayğın olmasıdır. Kəmiyyəti artırmaqla istehsalı artırmağa çalışırıq. Hazırda pay torpaqlarının, əkin ərazilərinin əksəriyyəti olduqca kiçikdir. Kiçik ərazilərdə müasir texnologiyaların tətbiqi çətindir. Amma pay torpaqları birləşdirilsə, kooperativlər yaradılsa, burada müasir texnologiyarı tətbiq etməklə məhsuldarlığı artırmaq olar, həm də sərmayə qoymaqla iqlim dəyişikliklərinə qarşı tədbirlər təşkil etmək olar. Eynilə də heyvandarlıqda.

Qeyd edək ki, iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirini azaltmaq üçün “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə önləyici tədbirlərin görülməsi nəzərdə tutulub.

Sənəddə qeyd olunur ki, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri ölkənin regionları üzrə qiymətləndirilərək, həssaslıq dərəcəsi müəyyənləşdiriləcək və gözlənilən itkilərin minimuma endirilməsi üçün adekvat adaptasiya və təsirlərin azaldılması planı hazırlanacaq. Ölkədə iqlim dəyişikliklərinə daha çox məruz qalmış regionlar müəyyənləşdiriləcək. İqlim dəyişmələri zamanı yarana biləcək zərərin ilkin məbləği hesablanacaq və zərərin aradan qaldırılması üçün ehtiyac olan investisiya həcmi müəyyənləşəcək.

 

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz