Əlaqə Arxiv
news Image
2020.02.25
09:19
| A A A
Avtomobillər ucuzlaşır
İdxalın artması avtomobillərin qiymətinə azaldıcı təsir göstərir

2020-ci ilin ilk ayında avtomobil bazarında qiymətlərin enməsi müşahidə edilib. Dövlət Statistika Komitəsinin qiymət müşahidələrinə əsasən, bu ilin yanvarında Azərbaycanda minik avtomobillərinin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azalıb. Yanvarda minik avtomobillərinin orta qiyməti 34 815 manat olub.

Qiymət dinamikası göstərir ki, devalvasiyadan sonra minik avtomobillərinin dəyərində 2016-cı ildən 2019-cu ilin ikinci yarısına qədər artım müşahidə edilirdi.

Orta qiymət 2016-cı ilin yanvarında 22 578 manat idi. Minik avtomobillərinin orta qiyməti 2017-ci ilin yanvarında 31 557 manata, 2018-ci ilin yanvarında 34 268 manata, 2019-cu ilin yanvarında 35 242 manat yüksəlmişdi. Qiymət dinamikası göstərir ki, ötən ilin ikinci yarısından qiymətlərdə aşağı yönlü dəyişiklik var və dekabrda orta qiymət 35 132 manat olub.

Minik avtomobili üçün ehtiyat hissələri və avadanlıqlarının bir dəstinin orta qiymətində də enmə əlamətləri var. Ehtiyat hissələri və avadanlıqların bir dəstinin orta qiyməti 2016-cı ilin yanvarında 377 manat olduğu halda, 2017-ci ilin yanvarında 424 manat, 2018-ci ilin yanvarında 390 manat, 2019-cu ilin yanvarında 380 manat, 2020-ci ilin yanvarında 319 manat təşkil edib. 2017-ci illə müqayisədə orta qiymətlərdə ciddi azalma var. Bəs, bundan sonra minik avtomobillərinin və ehtiyat hissələrinin qiymətində enmə müşahidə edilə bilərmi?

Minik avtomobillərinin 2019-cu ilin ikinci yarısından ucuzlaşmasını təklifin artması ilə əlaqələndirmək olar. Məhz ötən ilin ikinci yarısından təklifin tələbi ötdüyünü müşahidə edirik. Artıq bir neçə ildir ki, idxalda artım var və ötən il qeydə alınan nəticə 2014-cü ildən sonrakı ən yüksək nəticədir.

Azərbaycanda 2014-cü ildən etibarən avtomobillərin idxalında azalma müşahidə edilirdi. 2015-ci ildə iki devalvasiyanın qeydə alınması avtomobil idxalını bir qədər də zəiflətdi. 2013-cü ildə 95 min ədəd minik avtomobili idxal olunduğu halda 2014-cü ildə 57,6 min ədədə, 2015-ci ildə 23,76 min ədədə, 2016-cı ildə 5 min ədədə qədər gerilədi. 2016-cı ildə qeydə alınan idxal göstəricisi son illərin ən aşağı göstəricisi idi. Təklifin azalması ilə yanaşı ölkədə tələb də azalırdı. Çünki əhali həm dollarla yığımları artırırdı və zəruri olmayan əmlaka pul xərcləmirdi, həm də ölkədə sərt maliyyə siyasəti yürüdüldüyündən iqtisadi aktivlik aşağı düşmüşdü. Belə bir vəziyyətdə təklifin azalmasına baxmayaraq tələbdə daha çox azalmanın olması qiymətlərin aşağı səviyyədə seyr etməsinə səbəb olurdu.

Lakin 2016-cı ildən yüksək inflyasiya idxal edilən malların, o cümlədən minik avtomobillərinin də bahalaşmasını şərtləndirdi. Bahalaşma sürəti 2017 və 2018-ci illərdə də güclü oldu. Ancaq 2017-ci ildən manatın sabitləşməsi, 2018-ci ildən sərt maliyyə siyasətinin yumşaldılmasına başlanılması avtomobil bazarında tələbi gücləndirdi. Dollarla saxlanılan vəsaitlərin bir hissəsi daşınmaz əmlakın və avtomobillərin alınmasına yönəldildi. Nəticədə ölkəmizə avtomobil idxalı artmağa başladı. 2017-ci ildə minik avtomobillərinin idxal sayı 11,6 minə, 2018-ci ildə 26,147 minə, 2019-cu ildə 43,156 minə yüksəldi. İdxalın yenidən artması ilk illərdə tələbi ödəyə bilmirdi, bu səbəbdən bahalaşma qaçınılmaz idi. Həmçinin avtomobil idxalını azaltmaq məqsədilə dövlət gömrük rüsumu və aksiz vergisini artırdı. Bu amillərin də təsiri ilə daxildə qiymətlər yüksəldi. Amma 2019-cu ildə idxalın kəskin artması və idxal xərclərinin ciddi yüksəlməməsi təklifin güclənməsinə imkan yaratdı ki, bu amillər də daxili bazarda qiymət azalmasına kömək etdi.

Əgər 2020-ci ildə idxalla bağlı ciddi dəyişiklik olmasa, ölkəmizə ötən ildən daha çox minik avtomobili gətiriləcək. Yanvar ayının nəticələri göstərir ki, bu il minik avtomobillərinin idxalında yeni yüksək nəticə qeydə alına bilər. Yanvarda 5 560 ədəd minik avtomobili idxal edilib ki, bu da 2019-cu ilin eyni dövründən xeyli yüksəkdir. 2019-cu ilin yanvarında minik avtomobillərinin idxal sayı 2 267 ədəd idi. Cari dövrdə yüksək idxal dinamikası qalarsa, ölkəmizə idxal olunan minik avtomobillərinin sayının 60 mini ötməsi realdır. İdxalda artımın olması böyük ehtimalla bu il avtomobil qiymətlərində enməni dəstəkləyəcək. İdxalın artacağı təqdirdə təklifin tələbi üstələməsi baş verəcək və nəticədə qiymətlərdə enmə qaçınılmaz olacaq.

Daxili bazarda qiymət artımları yalnız idxal şərtlərinin dəyişəcəyi təqdirdə mümkündür. Belə ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na əsasən, avtomobil parkının yenilənməsi nəzərdə tutulub. Bu məqsədlə daxildə olan köhnə avtomobillər utilizasiya edilməklə yanaşı, idxal edilən avtomobillərə qarşı tələblərin sərtləşdirilməsi gözlənilir. Təklif edilən variantlardan biri ondan ibarətdir ki, istehsal tarixi 7 ildən əvvəl olan avtomobillərin Azərbaycana gətirilməsi qadağan edilməlidir. Əgər bu təkliflər qəbul edilərsə, daxili bazarda avtomobillərin qiymətinin yüksəlməsi ehtimalı var. Əks təqdirdə mövcud şərtlərlə qiymət azalması davam edəcək.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz