news Image
2020.02.26
08:12
| A A A
Dünyanın diqqəti yenə Azərbaycana cəmləşir
“Cənub Qaz Dəhlizi” enerji siyasətinin iki əsas seqmentindən biridir

Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısı keçiriləcək. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif dövlət qurumlarının təmsilçilərinin, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottingerin, BP, TANAP, TAP, SNAM, Fluxys, LNG Croatia, Plinacro, İCGB AD və Transgaz şirkətləri, eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İnvestisiyaların zəmanəti üzrə Çoxtərəfli İnvestisiya Agentliyi (MIGA) kimi beynəlxalq maliyyə qurumlarının təmsil olunacağı gözlənilir.

ABŞ Dövlət katibi köməkçisinin Enerji ehtiyatları bürosunda müavin çalışan Kurt Donnelli də  "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının 6-cı iclasında iştirak edəcək. Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasına Amerika Birləşmiş Ştatları və Böyük Britaniya davamlı dəstək göstərir.  Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini "ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihə" adlandırıb: "Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng "Azəri-Çıraq-Günəşli" neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi". Dövlət başçısı "Şahdəniz" qaz yatağını isə "Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi" adlandırıb: "Ümidvaram ki, bu, yeganə mənbə olmayacaq, ancaq hazırda bu, belədir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur".

Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi strategiyasına daxildir və istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Mütəxəssislərin rəyinə görə, dünyada bu cür iddialı infrastruktur layihələri çox deyil. Bu səbəbdən də layihə "tarixilik" statusuna malikdir. 

İqlim dəyişikliklərində baş verən mənfi tendensiyaların aradan qaldırılması üçün bugün Avropa üçün təmiz enerji mənbələrinin qəbul edilməsi strateji əhəmiyyət daşıyır. Avropa İttifaqı özünün 2030-cu ilə qədər enerji və iqlim hədəflərinə çatmaq və təmiz enerjiyə keçidi təmin etmək əzmindədir. Təmiz enerjiyə keçid kontekstində qaz gələcək illər və onilliklər ərzində mühüm əhəmiyyət kəsb edən keçid enerjisi olaraq qalır. Buna görə də Avropa İttifaqı enerji daşıyıcıları üzrə etibarlı enerji tərəfdaşı olan Azərbaycanla bu istiqamətdə əməkdaşlığı davam etdirməyə daim hazırdır.

Məşvərət Şurasının 6-cı toplantısı ərəfəsində mətbuata müsahibəsində Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi, baronessa Emma Nikolson deyib ki, iki ölkə arasında investisiya və ticarət üçün böyük potensial mövcuddur: "Azərbaycan öz iqtisadiyyatını şaxələndirə və güclü neft-qaz sektorundan səmərə əldə edə bilər. Mən Azərbaycanda biznes mühitindəki islahatları dəstəkləməkdən məmnunam. Baş nazirin ticarət elçisi kimi mən Böyük Britaniyaya gələn Azərbaycan nümayəndə heyətləri ilə məmnuniyyətlə görüşmüşəm. Onlar səhiyyə və kənd təsərrüfatından təhsil və kosmosadək müxtəlif sahələrdə sahibkarlara kömək edir və britaniyalı həmkarları ilə yaxşı əlaqələr qurur". E.Nikolson bildirib ki, o, fevralın sonunda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya səfər edəcək: "Biz bu il nazirlər səviyyəsində xarici siyasət üzrə dialoq keçirməyi planlaşdırırıq. Bunun üçün vacib ikitərəfli gündəm mövcuddur. Ticarət siyasətində, eləcə də regional məsələlərdə Azərbaycanın vacib ideyaları var. Payızda Bakıda Birgə hökumətlərarası komissiyanın illik müzakirələri keçiriləcək və bu da ikitərəfli iqtisadi əməkdaşlıq üçün daha bir stimul olacaq".

N.NOVRUZ