Əlaqə Arxiv
news Image
2020.02.26
12:25
| A A A
Azərbaycan fındığına dünyada tələb artır
Daha iki ölkə Azərbaycandan fındıq idxal edəcək

Azərbaycan fındıq ixrac edəcəyi ölkələrin sayını artıracaq. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən ölkəmiz Pakistan və Misirə də fındıq ixrac edəcək. Bununla bağlı razılaşma Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən “Gulfood 2020” beynəlxalq qida sərgisində əldə edilib.

Məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20 Azərbaycan şirkəti məhsullarını təqdim edib. Azərbaycan məhsulları, xüsusilə fındıq, nar şirəsi və müxtəlif çeşiddə şirniyyatlar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına dair razılıq əldə ediblər.

Qeyd edək ki, ölkəmiz indiyə qədər 19 ölkəyə qabığı təmizlənmiş meşə fındığı satırdı. Dünyanın fındıq bazarında olan mövcud vəziyyət nəzərə alındığında Azərbaycan öz imkanlarından istifadə edərək qabığı təmizlənmiş meşə fındığının ixrac coğrafiyasını genişləndirməyə qərar verib. Daha çox ölkənin Azərbaycandan fındıq alması onun ixrac miqdarının və buradan əldə edilən dəyərin artmasına xidmət edəcək. 2019-cu ilin məlumatına əsasən, ölkəmiz 19 ölkəyə fındıq satıb. MDB ölkələrindən dördü, Avropa ölkələrindən 12-si, Asiya ölkələrindən ikisi, Amerikadan bir ölkə Azərbaycandan fındıq idxal edib. Ötən il MDB ölkələrindən Rusiyaya 57,85 milyon dollar, Belarusa 1,38 milyon dollar, Ukraynaya 823 min dollar, Qazaxıstana 354 min dollar dəyərində qabığı təmizlənmiş meşə fındığı ixrac edilib. Digər ölkələrdən İtaliyaya 33,2 milyon dollarlıq, Almaniyaya 20,94 milyon dollarlıq, ABŞ-a 16,7 min dollarlıq, Polşaya 2,2 milyon dollarlıq, Gürcüstana 2,12 milyon dollarlıq, Litvaya 1,62 milyon dollarlıq, Fransaya 1,134 milyon dollarlıq, İsveçrəyə 903 min dollarlıq, Estoniyaya 697 min dollarlıq, Slovakiyaya 386 min dollarlıq, Latviyaya 250 min dollarlıq, Serbiyaya 132,2 min dollarlıq, İspaniyaya 120 min dollarlıq, Tayvana (Çinin əyaləti) 97,5 min dollarlıq, Səudiyyə Ərəbistanına 20 dollarlıq qabığı təmizlənmiş meşə fındığı satılıb.

2019-cu ildə ümumilikdə fındıq ixracının dəyəri 124,2 milyon dollar təşkil edib və yeni rekord nəticə əldə edilib. 2018-ci ildə ixracın dəyəri 93,5 milyon dollar olub. Əvvəlki illərin statistikasına nəzər yetirdikdə görürük ki, tədricən fındıq ixracında artım baş verir. 2011-ci ildə 57,2 milyon dollar, 2014-cü ildə 67,8 milyon dollarlıq, 2015-ci ildə 90,27 milyon dollarlıq, 2016-cı ildə 104,8 milyon dollarlıq, 2017-ci ildə 114,5 milyon dollarlıq qabığı təmizlənmiş meşə fındığı ixrac edilib. Ötən ilə qədər ən yüksək göstərici 2017-ci ildə qeydə alınmışdı. Ötən il rekorda imza atılıb.

Fındıq ixracının artması istehsalın artımı təmin edilmədən mümkün deyil. Azərbaycanda fındıq bağlarının genişləndirilməsi siyasətinə uyğun olaraq ölkəmizdə yeni fındıq bağları salınır. Bu məsələdə dövlət daha aktiv rol oynayır. Dövlətin dəstəyi ilə fındıq bağlarının son illərdə sürətlə genişlənməsi, istehsalın kəskin artması müşahidə edilir. Cəmi iki ilin ərzində ölkəmizdə 50 min hektarda fındıq bağı salınıb.

Fındığın xarici bazarlara çıxış imkanlarını da nəzərə alaraq ölkəmizdə bağların sahəsi genişləndirilir. Belə ki, 2000-ci ildə 18,4 min hektar olan fındıq bağlarının sahəsi 2014-cü ildə 30 min hektara, 2017-ci ildə 67,65 min hektara, 2018-ci ildə 75 min hektara yüksəlib. Azərbaycanda ən böyük fındıq bağı Zaqatalada (19,5 min hektar), Balakən və Qax rayonlarında (hər birində 10 min hektar), Xaçmaz rayonunda (9 min hektar), Qəbələ rayonunda (6,7 min hektar), Qusar rayonundadır (6,3 min hektar).

Fındıq bağlarının genişləndirilməsi onun istehsalını da artırır. 2000-ci ildə 13,3 min ton fınqıq istehsal edildiyi halda, 2009-cu ildə 30 min ton, 2017-ci ildə 45,5 min ton, 2018-ci ildə 52 min tondan artıq istehsala nail olunub.

Fındıq yüksək dəyərə malik kənd təsərrüfatı məhsullarından biridir. 2019-cu ildə Azərbaycan 124,2 milyon dollar dəyərində 22,023 min ton fındıq satıb. Satılan fındığın bir kiloqramının ixrac dəyəri 5,64 dollar (9,6 manata yaxın) olub.

Ölkəmizdə fındıq bağlarının genişləndirilməsi dünya fındıq bazarında Azərbaycanın mövqeyini gücləndirir. Azərbaycan fındıq istehsalını sürətlə artırmaqla ABŞ-ı geridə qoyaraq 4-cü sıraya yüksəlib. Ölkəmiz fındıq istehsalında artıq Gürcüstana çatıb.

Dünya fındıq bazarının həcmi 1 milyon tona yaxınlaşıb. Halbuki 1960-cı ildə bazarın böyüklüyü 250 min ton idi. Dünya fındıq bazarının əsas istehsalçı ölkəsi Türkiyədir. 2018-ci ildə Türkiyə dünyada istehsal edilən fındığın 62 faizini təmin edib. İkinci sırada İtaliya qərarlaşıb. İtaliya ildə 115 min ton fındıq istehsal edib. Üçüncü yeri 80 min ton istehsalla Gürcüstan, dördüncü yeri Azərbaycan tutur.

İxracatçı ölkələr də dünyada əsasən Türkiyə, İtaliya, Gürcüstan, Azərbaycan və ABŞ-dır. Bu ölkələr əsasən xammal şəklində ixrac həyata keçirirlər. Almaniya, Fransa, Hollandiya, Belçika kimi ölkələr isə həmin xammalı alaraq, onu başqa məhsulun istehsalında istifadə edib ixrac edirlər. Fındıq xammal kimi şokalad və şirniyyat sənayesində istifadə olunur.

Bazar ildən-ilə böyüməkdədir və Azərbaycan fındıq istehsalını artırmaqla ixracdan daha böyük gəlir əldə etmək imkanı var.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz