news Image
2020.02.27
09:50
| A A A
Azərbaycan-Türkiyə daha böyük iqtisadi güc mərkəzinə çevrilir
İki ölkə regionda vahid iqtisadi maraqlardan çıxış edir

Azərbaycanla Türkiyə arasında münasibətlər sadəcə siyasi müstəvidə deyil, həm də iqtisadi sahədə inkişaf edir. Dil, din, mədəniyyət yaxınlığı, ortaq maraqlar hər iki ölkənin iqtisadi sahədə fəaliyyətinin əlaqələndirilməsini, sıx əməkdaşlığın inkişaf etdirilməsini zərurətə çevirib. Artıq qarşılıqlı iqtisadi maraqlar elə bir səviyyə çatıb ki, həyata keçirilən istənilən regional layihədə iki ölkənin birgə iştirakı qaçınılmaz olur.

Regionda əhəmiyyətli neft, qaz kəmərlərinin, dəmir yol xətlərinin, telekommunikasiya şəbəkəsinin marşrutlarının hər iki ölkənin ərazisindən keçməsi bunun nəticəsidir.

Qarşılıqlı iqtisadi əlaqələrin inkişafında sadəcə dövlətlər, siyasi dairələr əhəmiyyətli rol oynamır. Onlarla yanaşı əhalinin, o cümlədən sahibkarların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Ticarət dövriyyəsinin həcmi, qoyulan investisiyalar, turist səfərləri göstərir ki, xalqların da bir-birinə qarşı münasibəti istidir və iqtisadi əlaqələrin inkişafında maraqlıdırlar. Türkiyə Azərbaycan artıq vahid iqtisadi maraqlardan çıxış edən iki ölkəyə çevrilib.

Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi yüksələn xətlə inkişaf edir. 2005-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 589 milyon dollar idi. 2007-ci ildə bu göstərici 1 milyard dolları, 2012-ci ildə 2 milyard dolları, 2018-ci ildə 3 milyard dolları, 2019-cu ildə 4 milyard dolları ötüb. Ötən il xarici ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ticarət dövriyyəsinin 2023-cü ilin sonuna qədər 15 milyard dollara çatdırılmasını təklif edib. Azərbaycan Prezidenti İlham Əliyev bunun mümkün olduğunu bildirib. Ərdoğanın Azərbaycana səfəri zamanı bir sıra sahələrdə, o cümlədən ticarət sahəsində sənədlər imzalanıb. Həmin sənədlərdən biri də preferensial ticarət anlaşması ilə bağlıdır. Bu anlaşma ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcək.

Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görüblər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Türkiyəyə indiqə qədər ən çox birbaşa investisiyanı məhz Azərbaycan tərəfindən qoyulub. Azərbaycanın Türkiyəyə sərmayə qoyuluşunun artmasında mədəni və milli yaxınlığın da böyük rolu var. Məhz bu yaxınlıqla bağlıdır ki, Azərbaycan vətəndaşları xaricdə ən çox daşınmaz əmlakı Türkiyədən alır.

İki ölkə regional xarakterli enerji və nəqliyyat layihələrinin icra edilməsində ortaq mövqedən çıxış edir. Ölkəmiz bütün layihələrdə Türkiyənin iştirakına əhəmiyyət verir. Azərbaycanın əsas neft və qaz ixrac kəmərlərinin hamısı Türkiyədən keçir. Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri Türkiyədən keçir və neftimizin əsas hissəsi buradan dünya bazarlarına çıxarılır. Ölkəmizdən hazırda ən çox qaz idxalçısı da Türkiyədir. Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə Türkiyəyə qaz ixrac edilir.

Keçən ilin noyabr ayında isə Türkiyədə TANAP-ın tam başa çatması təmin edilib. TANAP-ın işə salınması Cənub Qaz Dəhlizinin əsas hissəsinin işə salınması deməkdir. TANAP bu ilin sonuna qədər inşaası yekunlaşacaq TAP-ın da fəaliyyətinə imkan yaradacaq. TAP da hazır olandan sonra artıq Cənub Qaz Dəhlizi tam istismara veriləcək. TANAP-ın tamamlanması Azərbaycandan Türkiyəyə ixrac edilən qazın həcminin xeyli artırılmasına, eyni zamanda Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasında mühüm rol oynayacaq.

Azərbaycan neft məhsulları bazarında rolunun artırılmasında da Türkiyəyə böyük önəm verir. Təsadüfi deyil ki, regionun ən böyük neft emalı müəssisəsi Azərbaycan sərmayəsi ilə Türkiyədə inşa edilib. Həmin müəssisənin əlavə sərmayə qoyuluşları hesabına daha da genişləndirilməsi nəzərdə tutulur.

İki ölkənin nəqliyyat sahəsində də böyük nailiyyətləri var. Birlikdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu bunun bariz nümunəsidir. Bu layihə sadəcə Çin mallarının Avropaya çatdırılmasında önəmli vasitə olmayacaq. O, həm də Rusiya mallarının Türkiyəyə, Türkiyə mallarının isə Rusiya və digər Mərkəzi Asiya bazarlarına çatdırılmasına imkanlar yaradacaq. Gələcəkdə bu xəttlə əlaqəli digər xətlərin də çəkilməsi nəzərdə tutulub. Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı əldə olunan razılaşmaya əsasən, Qarsdan Naxçıvana dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. Layihə Naxçıvanın nəqliyyat blokadasının zəiflədilməsində böyük əhəmiyyətə malikdir. Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir ki, mühasirə şəraitində yaşayır. Buna görə də Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır.

Digər bir önəmli addım Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək.

Beləliklə, iki ölkə arasında yaranmış iqtisadi vəziyyət onu göstərir ki, bu əlaqələrin inkişafında sadəcə bir tərəf maraqlı deyil. Əlaqələrin belə bir yüksək səviyyə çatması hər iki dövlətə və xalqa, onun iqtisadi dairələrinə eyni dərəcədə lazımdır.

 

Vasif CƏFƏROV