Əlaqə Arxiv
news Image
2020.02.28
09:53
| A A A
Uşaq qidalarının istehsalı və satışı qaydaları təkmilləşdirilir
Ekoloji təmiz qidaların ticarəti genişlənəcək

Azərbaycan Nazirlər Kabineti körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərar qəbul edib. Qərar bir neçə qanuna mühüm dəyişiklikləri nəzərdə tutur. Qərarda nəzərdə tutulmuş “Körpələrin və erkən yaşlı uşaqların qidalanması və “Yeyinti məhsulları haqqında” Qanununlarında edilən dəyişikliklər Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartlarını müəyyənləşdirdiyi üçün həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu Qərar həmçinin Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirir. Belə ki, Qərarla müəyyənləşdirilmiş standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilir.

Bu Qərarla müəyyənləşdirilən Sağlamlıq sertifikatı olmadan körpələr üçün nəzərdə tutulan süni qidalar həmçinin reklam oluna bilməz. Sağlamlıq sertifikatına süni qidanı istehsal və idxal edən şirkətin haqqında bütün zəruri məlumatlar daxil edilməlidir.

Qərar imkan verir ki, körpələr üçün nəzərdə tutulan süni qida məhsulları üzərində tam nəzarət formalaşdırılsın və bu istiqamətdə qida təhlükəsizlyi təmin edilsin.

Azərbaycanda süni uşaq qidalarına tələb 1990-cı illərdə olduğu qədər yüksək olmasa da hələ də bu cür məhsullardan istifadə edən anaların sayı çoxdur. 1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizi ötüb. Bölgələrdə bu göstərici daha yüksəkdir. Azərbaycan ana südü ilə qidalanma göstəricisinin yaxşılaşmasına ana südünün təbliği nəticəsində nail olu. Buna baxmayaraq hələ də 1 yaşadək olan uşaqların önəmli hissəsi süni qidalarla qidalanır.

Erkən dövrdə qidalanmanın keyfiyyəti uşağın sadəcə fiziki inkişafına deyil, onun zehni və genetik inkişafına da təsir imkanına malikdir. Buna görə də dünyanın bütün qabaqcıl ölkələrində uşaq qidalarının ekoloji cəhətdən təmiz olmasına xüsusi diqqət ayrılır, bu cür məhsulların istehsalı, idxalı və satışı ciddi nəzarətə götürülür. Azərbaycanda bu sahədə qanunvericilik aktlarının tənzimlənməsi, yeni tələblərə uyğunlaşdırılması əlbəttə ki, əhəmiyyətlidir və gələcək nəslin sağlam formalaşmasına köməkdir.

Sevindirici hal budur ki, ölkə əhalisinin sayının artmasına baxmayaraq, uşaq qidalarının ticarətində artım yoxdur. Ölkəmizdə istehlak edilən süni uşaq qidalarının böyük hissəsi idxal edilir. 2019-cu ildə 15,9 milyon dollar dəyərində 2400 ton uşaq yeməyi idxal edilib. Bu göstərici 2017-ci ildə 1771 ton, 2014-cü ildə 2713 ton, 2011-ci ildə 2200 ton olub. Əvvəlki illərlə müqayisə etdikdə görürük ki, uşaq qidalarının idxalında ciddi dəyişiklil yoxdur. Hətta 2014-cü ilə nisbətən azalma var. Uşaq qidalarına tələbin artmamasında aparılan təbliğat işinin faydası olub.

Süni uşaq qidalarının istehlakını daha da azaltmaq mümkündür. Bunun üçün həmin məhsulların sərbəst satışı qadağan edilməlidir. Dünyanın bir çox ölkəsində uşaq qidaları həkim reseptləri olmadan satılmır. Tibb üzrə ekspert, həkim Adil Qeybulla hesab edir ki, uşaq qidaları həkimin rəyi əsasında verilməlidir. Onun sözlərinə görə, uşağın ana südündən süni qidaya keçidinə də həkimlər müəyyən etməlidir.

O qeyd etdi ki, satışda olan süni uşaq qidalarının keyfiyyət göstəriciləri qənaətbəxş deyil. Onun fikrincə, bu sahədə nəzarətin gücləndirilməsi faydalı olacaq. A.Qeybulla vurğuladı ki, bəzi qidalar üçüncü dərəcəli ölkələrdə istehsal olunur və onların keyfiyyətinə heç bir zəmanət verilmir: “Uşaqların qidalanması genofonda bağlı olan bir məsələdir. Buna görə də həmin məhsulların istehsalı və satışına hüquqi nəzarət tədbirləri yaxşılaşdırılmalıdır”.

A.Qeybulla qeyd etdi ki, uşaqlarla bağlı bütün növ qida və dərmanlar həkimin resepti olmadan satılmamalıdır: “Uşaq qidaları və hətta bütün dərmanlar həkim resepti əsasında satılmalıdır. Dünya təcrübəsində də belədir. Azərbaycanda dərmanların əksəriyyətini reseptsiz almaq mümkündür. Bunu fərqli şərh edənlər var. Amma təcrübə göstərir ki, bu da yaxşı hal deyil. Uşaq qidalarının ticarəti də nəzarətə götürülməlidir. Uşaq qidaları adi mağazalarda satılmamalıdır. Belə qidaların satış yeri ilk növbədə apteklər olmalıdır”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz