Əlaqə Arxiv
news Image
2020.02.28
10:26
| A A A
Koronavirus İranla təmasları azaldacaq?!
Azərbaycanın İranla ticarət və turizm əlaqələrini məhdudlaşdırmaq zərurəti yaranır

Çindən sonra dünyada koronovirusun ən çox yayıldığı ölkələrdən biri də İrandır. Açıqlanan məlumatlardan görünür ki, cənub qonşumuzda vəziyyət ürəkaçan deyil, ötən hər gün virusa yoluxanların sayı və ölüm faktları artır. İranın rəsmi orqanlarının məlumatına görə, vurusa yoluxanların sayı 140-a, virusdan ölənlərin sayı 20-yə çatıb. Bəzi qeyri-rəsmi məlumatlara əsasən, əslində İranda vəziyyət daha ağırdır. Qonşu ölkədə virusa yoluxanların sayının bir neçə yüz yox, hətta bir neçə min olduğuna dair iddialar var.

İstənilən halda İranda virusun çox insana yoluxduğu bəllidir və hər gün daha çox insanın koronavirus daşıyıcısı olduğu bəlli olur. İranda koronavirusun aşkarlanmasına dair ilk xəbər fevralın 19-da yayılıb. Həmin tarixdə cəmi 2 nəfərin virus daşıyıcısı olduğu aşkarlanıb. Bir həftə sonra, yəni fevralın 26-da açıqlanan məlumatda isə artıq 20-yə yaxın insanın dünyasını dəyişdiyi, 100-dən çox insanın bu virusun daşıyıcısı olduğu üzə çıxdı.

İranda virusun yayılması bir-iki şəhərlə məhdudlaşmaya bilər. Belə ki, virusa daha çox yoluxma Qum şəhərində olsa da bu şəhərə vurus daşıyıcıları birbaşa Çindən gəlməyib. Çünki şəhərdə hava limanı yoxdur. Qum şəhəri Tehranın yaxınlığında yerləşir. Hər gün mütəmadi qaydada Çinin müxtəlif şəhərlərindən Tehrana təyyarə reysləri təşkil edilir. Buradan aydın olur ki, virus daşıyıcıları əvvəlcə Tehrana, sonra Quma gəliblər və burada günlərlə qalaraq çoxlu sayda insana yoluxublar. Deməli, virus sadəcə Qum şəhərində deyil, Tehrandan digər yaşayış məntəqələrində də yayılıb. Vəziyyətin ilkin təhlili və nəticələri göstərir ki, İranda koronavurusun yayılması kütləvi hal alıb və onun digər ölkələrə keçmə ehtimalı yüksəkdir.

İranın virus ötürə biləcəyi ölkələrdən biri Azərbaycandır. Hər gün İrana müxtəlif məqsədlərlə səfər edən vətəndaşlarımız var. Həmin şəxslər ya tibb xidmətləri üçün, ya da ticarət məqsədilə İrana səfər edir. Xüsusən İranla sərhəddə yerləşən rayonlarımızın sakinləri ay ərzində bir neçə dəfə İrana gedərək gündəlik istehlak mallarını oradan alır. Eyni zamanda İran vətəndaşlarının da Azərbaycana səfərləri mütəmadi xarakter alıb. İranın Şəqri və Qərbi Azərbaycan ostanlıqlarında yaşayan soydaşlarımızın Azərbaycan Respublikasına tez-tez səfər etdikləri bilinir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin yanvarında Azərbaycana İrandan 13,11 min turist gəlib. İrandan gələnlərin sayı 26,4 faiz artıb. Yanvarda Azərbaycandan İrana səfər edənlərin sayı isə 165,2 min olub.

Statistik rəqəmlər göstərir ki, Azərbaycan vətəndaşlarının İranla təmasları çoxdur. Təmasların çox olması təbii ki, vurisun yayılma riskini artırır. İrana hər gedib-gələni karantinə də almaq olmur. Virusun inkişaf xüsusiyyəti elədir ki, o, öz ağır təsirini ən yaxşı halda 10 gündən sonra göstərir. Buna görə də İranda virusa yoluxan şəxslərin hamısının vaxtında aşkarlanması qeyri-mümkündür və onların Azərbaycana keçərək digər şəxslərə yoluxma riski yüksəkdir.

Yüksək riski nəzərə alaraq bəzi ölkələr vətəndaşlarının İranla təmaslarını minimuma endirib. Onlar İrana və İrandan səfərləri məhdudlaşdırmaqla bərabər, İrandan kənd təsərrüfatı və dərin emaldan keçməyən qida məhsullarının idxalına da məhdudiyyət, ciddi nəzarət tətbiq edirlər. Çünki virusun qeyri-ərzaq malları və dərin emaldan keçən qida məhsulları ilə daşınmazı mümkün deyil. Amma kənd təsərrüfatı, xüsusilə də heyvan mənşəli mallarla daşınması mümkün görünür.

Bəs, Azərbaycan da İranla əlaqələrində oxşar məhdudiyyət tətbiq etməlidirmi? Son günlər cəmiyyətimizdə İranla sərhəddin bağlanması məsələsi çox müzakirə edilir. Bəzi rəylərə əsasən, İranla ərzaq məhsullarının ticarətinin dayandırılması Azərbaycanda kasadlıq yarada bilər. Statistik məlumata əsasən, İranla qida məhsullarının ticarətinin dayandırılmasının müəyyən qədər qıtlıq yaratmaq imkanı var. Lakin həmin məhsulların miqdarı çox olmadığına və onları başqa ölkələrdən idxal hesabına əvəzləməyin mümkün olduğuna görə ticarətin dayandırılması, səfərlərinin minimuma endirilməsi ciddi problem yarada bilməz.  

Rəsmi rəqəmlərə əsasən, ötən il İran Azərbaycana 453 milyon dollarlıq, Azərbaycan İrana isə bundan 10 dəfə az ixrac həyata keçirib. Fiziki şəxslər vasitəsilə sərhəd ticarətinin həcmi daha böyükdür və onların hamısı uçota alınmır. İrandan ölkəmizə təxminən 1600 adda mal gətirilir. İdxalın 10 faizi (45 milyon dollar) ərzaq məhsullarından ibarətdir. Ərzaq məhsullarının 1,6 milyon dolları heyvan mənşəli, qalanı bitki mənşəli məhsullardır.

İrandan ərzaq məhsulu kimi əsasən tərəvəz, meyvə və meyvə quruları idxal edirik. 2019-cu ildə 13,2 milyon dollar dəyərində 54,2 min ton kartof və 6 milyon dollarlıq digər tərəvəz məhsulları alınıb. Digər tərəvəz məhsulları içərisində badımcan, bibər, xiyar üstünlük təşkil edib. Meyvə idxalının dəyəri 13 milyon dollardan artıqdır. Bura meyvə quruları da daxildir. İrandan daha çox xurma, portağal, qurudulmuş üzüm, kivi idxal olunub.

Statistik məlumatlar göstərir ki, İrandan kənd təsərrüfatı və ilkin emaldan keçən ərzaq məhsullarının idxalının dayandırılması qıtlıq yarada bilməz. Həmin məhsulları digər ölkələrdən almaq olar. Azərbaycan üçün əsas məsələ əhalinin sağlamlığının təmin edilməsidir ki, bu məqsədlə də istənilən məhdudlaşdırıcı tədbirləri görmək vacibdir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz