Əlaqə Arxiv
news Image
2020.02.29
09:15
| A A A
Neft Fondu Azərbaycana daha çox pul qazandırır
Ötən il fondun aktivləri 5,29 faiz gəlir gətirib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu ildə investisiya portfeli üzrə gəlirliliyi rekord səviyyə yüksəlib. Ötən il gəlirlilik 5,29 faiz səviyyəsinə çatıb və bundan əvvəl 2007-ci ildə qeydə alınan rekord göstəricini (4,49 faiz) xeyli qabaqlayıb.

Xatırladaq ki, ARDNF-in aktivlərinin artmasından sonra fondun gəlirliliyində azalma müşahidə edilirdi. 2007-ci ildə aktivlər ilk dəfə olaraq milyard dollar həddini ötdü. O vaxta qədər gəlirlilik səviyyəsi yüksək idi. 2006-2008-ci illərdə orta gəlirlilik 4,17 faiz təşkil etmişdi. Lakin aktivlər artdıqca fond mühafizəkar siyasətini gücləndirdi və əsas diqqəti gəlirlərin artırılmasına yox, aktivlərin cari dəyərinin qorunmasına yönəltdi. Nəticədə gəlirlilik səviyyəsi aşağı düşdü. 2010-2014-cü illərdə gəlirlilik 1,46 faizə gerilədi. Sonrakı illərdə də gəlirlilik aşağı səviyyədə seyr etdi. Gəlirlilik 2015-ci ildə 1,24 faiz, 2016-cı ildə 1,92 faiz, 2017-ci ildə 1,88 faiz, 2018-ci ildə 0,35 faiz olmuşdu. 2019-cu ildə gəlirliliyin 5,29 faizə yüksəlməsi olduqca böyük nailiyyətdir. Çünki Fondun aktivləri tarixi maksimuma çatıb və böyük vəsaitdən böyük gəlir əldə etmək aktivlərin daha da artırılması baxımından əhəmiyyətlidir.

ARDNF-in məlumatına əsasən 2019-cu il ərzində fodun büdcə gəlirləri 19 milyard manat, büdcə xərcləri 11,59 milyard manat təşkil edib. Gəlirlərin 15,4 milyard manatı

neft və qaz sazişlərinin həyata keçirilməsindən (o cümlədən mənfəət neftinin və qazın satışından 14,6 milyard manat), bonus ödənişlərindən 766,4 milyon manat, akrhesabı ödənişlərdən 4,7 milyon manat, tranzit gəlirlərindən 18,9 milyon manat əldə olunub.

Ötən il ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3,626 milyard manata bərabər olub ki, bu da ümumi gəlirlərin 19,1%-ni təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 731,7 milyon manat təşkil edib.

2020-ci il yanvarın 1-nə fondun aktivləri 12,48% artaraq 43,323 milyard dollara bərabər olub. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu il ərzində müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil edib.

Qeyd edək ki, ARDNF-in vəsaitlərinin idarəedilməsindən gəlirlərinin artmasına riskli aktivlərin artırılması hesabına nail olunub. 2012-ci ildən Neft Fondu öz aktivlərində müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başlayıb. Bunlar özəl səhmlərin artırılması, daşınmaz əmlak investisiyaları və qızıla investisiyalardır. Amma 2018-ci ildən riskli aktivlərin daha da artırılması istiqamətində işlərin gücləndirilməsi 2019-cu ildə öz müsbət nəticəsini verib. Burada əsas məsələ portfeldə sabit gəlirli qiymətli kağızların azaldılması və səhmlərin artırılmasıdır.

Neft Fondunun investisiya qoyuluşunda səhmləri payının artımı müşahidə edilir. Bunu illərin müqayisəsindən də görmək olar. 2014-cü ildə Fondun cəmi aktivləri 37,1 milyard dollar idi. O zaman aktivlərin 6,5 faizi səhmlərdə, 87,5 faizi qiymətli kağızlarda, depozitlərdə və pul bazarı ələtlərində saxlanılmışdı. Həmin dövrdə səhmlər üzrə gəlirlilik 0,35 faiz, istiqrazlar üzrə 0,69 faiz, depozitlər üzrə 0,18 faiz olmuşdu.

2016-cı ildə Neft Fondunun aktivləri 33,1 milyard dollara qədər azaldı. Fondun aktivlərinin 80 faizi istiqrazlar və pul bazarı alətlərində, 12,2 faizi səhmlərdə saxlanılmışdı. Gəlirlilik istiqrazlar və pul bazarı alətlərində 1,28 faiz, səhmlərdə 0,5 faiz olub.

2018-ci ilin sonunda Neft Fondunun 38,5 milyard dollar aktivi olub. Aktivlərin 76,5 faizi istiqrazlar və pul bazarı alətlərində, 12,8 faizi səhmlərdə saxlanılıb. Gəlirlilik istiqrazlar və pul bazarı alətlərində 0,68 faiz olub. Səhmlərdə isə 0,87 faiz zərər qeydə alınıb.

2019-cu ilin yekununda isə Neft Fondunun aktivləri 43,3 milyard dollar olub. Aktivlərin 68,7 faizi iqtiqrazlar və pul bazarı alətlərində, 14,1 faizi səhmlərdə, 11,4 faizi qızılda, 5,8 faizi daşınmaz əmlakda saxlanılıb.

İllərin müqayisədi göstərir ki, səhmlərdə saxlanılan vəsaitin həcmi artır. Səhmlərə qoyulan vəsait 2014-cü ildə 2,41 milyard dollar olduğu halda 2019-cu ildə 6,1 milyard dollara yüksəlib.

Riski aktivlərə sərmayə qoymağın müsbət və mənfi tərəfləri var. Riskli aktivlərin ən pis tərəfi buraya qoyulan sərmayənin dəyərini itirməsi ehtimalıdır. Azriskli aktivlərə qoyulan sərmayə dəyər itirmir və sabit gəlir əldə edilir.

Yüksəkriski aktivlərin müsbət tərəfi onların əmtəə qiymətləri kimi dəyər qazanmasıdır. Bir şirkətin səhmləri bəzən bir-iki ilin içində 10-15 faiz dəyər qazana bilir. İstiqrazlar belə xüsusiyyətə, imkana sahib deyil. İstiqrazlar sabit dəyərə sahibdir, onların dəyər itirmədiyi kimi dəyər qazana da bilmir.

Neft Fondunun aktivlərinin böyüməsini nəzərə alsaq aktivlərin bir hissəsinin riskli maliyyə alətlərinə yönəldilməsi yaxşıdır. Hazırda Neft Fondunun aktivlərinin idarə edilməsindən əldə etdiyi gəlir oxşar digər forndlarla müqayisədə daha aşağıdır. Xüsusilə, Norveç Pensiya Fondunun idarə edilməsindən əldə edilən gəlirlə müqayisədə bunu görmək olar. Azərbaycanın Neft Fondunun aktivlərinin idarə edilməsindən 1-2 faiz mənfəət olursa, Norveç Fondu aktivlərin idarə edilməsindən 4, bəzən 5 faiz gəlir əldə edir. Norveç Fondunun 1,2 trilyon dollar aktivi var və bu qədər vəsaitin idarə edilməsi daha çətindir. Amma buna baxmayaraq norveçlilər daha çox gəlir əldə etməyə müvəffəq olur. Azərbaycan isə 43,3milyard dollarlıq vəsaiti idarə edir. Bu qədər vəsaitin əvvəllər olduğu kimi 90 faizini az gəlirli sahələrə yönəltmək düzgün deyil.

 

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz