Əlaqə Arxiv
news Image
2020.02.29
09:29
| A A A
İqtisadiyyatda xidmət sektorunun pay artımı zərurətə çevrilir
Davamlı yüksəliş üçün xidmət sektorunun böyüməsi şərtdir

Son onilliklərdə xidmət sektorunun iqtisadiyyatda rolu artmaqdadır. Bunun iki başlıca səbəbi var. Birincisi, insanların gəlirinin artması fiziki mallarla bərabər xidmətlərə xərclənən pulların da artmasına imkan verir. Bu cəhət xidmət sektorunun inkişafını şərtləndirir. İkinci səbəb informasiya kommunikasiya texnologiyalarının inkişafının xidmət sektorunun imkanlarını genişləndirməsi və xidmət sektorunun iqtisadi dəyərini artırmasıdır.

Sadalanan səbəblərlə əlaqədar olaraq XX əsrin ikinci yarısından etibarən inkişaf etmiş ölkələrdə xidmət sektoru istehsal sektorunu geridə qoymağa başlayıb. 1980-ci illərdən etibarən isə inkişaf etməkdə olan ölkələrdə baş verən struktur dəyişikliyi xidmət sektorunun həm ümumi iqtisadiyyatda payının, həm də bazar həcminin sürətlə artmasına şərait yaradıb. Hazırda dünyanın əksər ölkəsində ümumi daxili məhsulun (ÜDM) formalaşmasında xidmət sektoru daha böyük paya sahibdir.

Xidmət sektorunun bazar payının artması əslində iqtisadiyyatın şaxələnməsini və sahələr üzrə ixtisaslaşmasını da təmin edir. Klassik iqtisadiyyatda sənayeləşmə, fiziki məhsul istehsalı iqtisadiyyatın can damarı, istehsal edilən mala sahib olmaq zənginlik əlaməti sayılırdısa, müasir iqtisadiyyatda eyni fikirlər xidmət sektoru haqqında deyilir. Dövrümüzdə xidmət sektoru perspektiv vəd edən sahə kimi tanınır və dünya iqtisadiyyatının gəlirli sahəsi kimi böyük cəlbediciliyə sahibdir.

Xidmətlərdə informasiya texnologiyalarının sürətlə tətbiqi yeni bir mərhələnin əsasını qoydu. Kompüter və informasiya texnologiyalarından geniş istifadə informasiya mübadiləsinin sürətini artırdı ki, bu da nəticədə rabitə xərclərinin aşağı düşməsinə və elektron ticarətin genişlənməsinə səbəb oldu. Müasir zamanda xidmət sektorunun dəyərinin istehsal sektorunu 7 dəfə qabaqlaması da iqtisadiyyatda onun rolunun və gücünün bariz göstəricisidir. ABŞ-ın xidmət bazarı inkişaf etməsəydi Çin artıq ÜDM istehsalına görə dünyanın ən böyük ölkəsi ünvanını qazanacaqdı. Çin məhz xidmət sektorundakı göstəricilərə görə ABŞ-a uduzduğundan dünyanın ən böyük iqtisadiyyatı ünvanına sahib ola bilmir. Çində də hesab edirlər ki, xidmət sektorunun istehsal sahələri kimi inkişafından sonra onlar dünyanın ən böyük iqtisadiyyatına sahib ölkə olacaq.

Müxtəlif sahələri əhatə edən xidmət sektoru ölkənin həm də əsas inkişaf və rifah göstəricilərindən sayılır. Dünya Bankının ölkələrin rifah səviyyəsinə görə reytinqini müəyyənləşdirən zaman sosial həyatla xidmət sektorunun səviyyəsi arasında əlaqənin olduğu bir daha təsdiqini tapıb. Məlum olub ki, xidmət sektorunda əmək qabiliyyətli əhalinin 60-75%-i çalışır. Xidmət sektorunda bir qayda olaraq istehsal sahələrinə nisbətən daha çox insan üçün iş yerləri yaradılır. Say çoxluğu ilə bərabər xidmətlərdə insan amili digər sahələrə nisbətən çox güclü olur. Bir qayda olaraq xidmət sektorunda çalışan insanların mütəxəssis səviyyəsində olması tələb edilir.

Bir ölkənin iqtisadiyyatında xidmət sektorunun payının artması üçün həmin ölkədə adambaşına düşən gəlirin yüksəlməsi şərtdir. Buna görə də inkişaf etməkdə olan ölkələrdə ÜDM-in 50%-ni xidmət sahəsi yaratdığı halda, inkişaf etmiş ölkələrdə 65-70%-ni formalaşdırır.

Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın inkişaf etməkdə olan ölkələrinin alt qrupundan tədricən yüksək göstəricilərə sahib qrupuna doğru yer dəyişməkdədir. Bu qrup ölkələr inkişaf etmiş ölkələr sayılmasa da, bir çox əlamətlərinə görə, onlardan demək olar ki, fərqlənmir. Azərbaycan hökuməti hesab edir ki, artıq bizim iqtisadiyyat da inkişaf etmiş ölkələrin iqtisadiyyatına oxşayır və tezliklə bu cərgəyə qoşulacaq.

Amma bu, asanlıqla baş vermir. Gərək iqtisadiyyatda strukturlaşma inkişaf etməkdə olan ölkələrin mütləq əksəriyyətində olduğu kimi formalaşsın. Yəni, yuxarıda bəhs etdiyimiz kimi ÜDM istehsalında xidmət sektoru önə keçməlidir. İnkişaf etmiş ölkələrdə ÜDM-də xidmət sektorunun payı 50%-dən az deyil. Azərbaycanda isə vəziyyət hələ pisdir. İllər ötdükcə xidmət bölməsinin ÜDM-də çəkisi nəinki artır, əksinə bir qədər də azalırdı. Yalnız 2019-cu ildə xidmət sektorunun iqtisadiyyatda payı yüksəldi.

Azərbaycanda xidmət sektorunun payı 2019-ci ildə 38-39% olub. ÜDM-nin 61-62 faizini istehsal sahələri formalaşdırıb. 1995-ci ildən bəri göstəricilərə diqqət yetirdikdə aydın olur ki, ÜDM-də xidmət sektorunun payı artmaq əvəzinə azalır. 1995-ci ildə payı 38% olan xidmət sektoru 1998-ci ildə payını 43,3%-ə çatdırdı. Lakin sonradan neft hasılatına başlanılması və ümumi sanaye istehsalının artması ilə əlaqədar dominantlar istehsal sahələrinə, xüsusilə də sənayeyə keçdi.

Xidmət sektoru o vaxt ÜDM-də üstün mövqeyə malik olur ki, əhalinin ən azı 50%-i normal gəlirə sahib olur. Bunun üçün ölkədə əmək haqlarının və pensiyaların artırılması, kiçik və orta sahibkarlığın inkişafı önəmli məsələdir. Bunların baş verməsi ölkə iqtisadiyyatının çoxşaxəli və rəqabətədavamlı olması vacibdir.

Azərbaycanda qeyri-neft sektoru son illərdə neft sektoruna nisbətən daha sütərlə inkişaf edir, neft sektorunun ÜDM-də payı azalır. Qeyri-neft sektorundakı yüksəlişə baxmayaraq hələlik xidmət sektoru ÜDM-də mövqeyini nəzərəçarpacaq dərəcədə gücləndirə bilmir.

Xidmət sektorunun iqtisadiyyatda payının artırılması məqsədilə vacib olan şərtlərdən biri də burada qiymətlərin bazar şərtlərinə uyğunlaşdırılmasıdır. Hökumət Azərbaycan əhalisinin gəlir səviyyəsini nəzərə alaraq bir çox sahələrdə qiymətlərin bazar dəyərindən aşağı səviyyədə tutur, bu məqsədlə dövlət büdcəsi hesabına subsidiyalaşdırma həyata keçirir. Ölkəmizdə xidmət sektorunun inkişafı məqsədilə hökmən qiymətlərin bazar şərtlərinə uyğunlaşdırılması, eyni zamanda əhalinin əmək haqqı və digər gəlirlərinin paralel artırılmasına nail olunması vacibdir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz