Əlaqə Arxiv
news Image
2020.02.29
09:44
| A A A
Enerji sektorunda Avropanın Azərbaycana ehtiyacı artır
Zəfər Vəliyev: “Qarşıdakı illərdə Azərbaycanın mavi yanacaqla təmin etmək baxımından Avropanın cənub periferiyasında, İtaliya və Balkanlarda xüsusi paya malik olması artıq qaçılmazdır”

Dünyada mavi yanacağa tələbatın artması fonunda Azərbaycan qazına da maraq artır. Bu fonda xatırladaq ki, , Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazını Gürcüstan, Türkiyə Yunanstan, Bolqarıstan, Albaniya ərazilərindən və Adriatik dənizin dibindən keçməklə İtaliyaya çatdırmağı nəzərdə tutur. Bu isə o deməkdir ki, adı çəkilən bu ölkələr öz tələbatlarını ödəmək üçün Azərbaycanq azından yararlanacaq. Ancaq bu da son deyil.

Digər Avropa ölkələri də Azərbaycandan qaz almaqda maraqlıdır. Bu ölkələrədn biri də Rumıniyadır. Beləliklə, görünən odur ki, getdikcə daha çox Avropa ölkəsi özünün qaza olan tələbatını məhz Azərbaycan qazı ilə ödəməyə üstünlük verir. Bunu Rumıniyanın tqtisadiyyat, energetika və biznes mühiti nazirinin müavini Niculae Havrilet də təsdiq edir. O bildirir ki, ölkəsi Azərbaycan qazının idxalına maraq göstərir. Rumıniyanın “Transqaz” şirkətinin rəhbərliyi də bunu mümkün sayır. “Transqaz” gələcəkdə Rumıniyanın təbii qaza tələbatının artacağını və həmin tələbatın təmin olunması məqsədi ilə Azərbaycandan,  başqa ölkərdən əlavə qaz həcmlərinin cəlb edilməsində maraqlı olduğunu bəyan edir. Artıq Azərbaycan qazının BRUA kəməri ilə Rumıniya üzərindən keçməklə Bolqarıstandan Avstriyaya qədər Avropanın müxtəlif qaz bazarlarına daşınması perspektivləri  bu fonda xüsusi diqqət mərkəzindədir. Hazırda SOCAR Rumıniya bazarında yanacaqdoldurma məntəqələrinin operatoru olan “SOCAR Petroleum SA Rumıniya” şirkəti ilə təmsil olunur. SOCAR-ın 2011-ci ildə təsis edilmiş bu törəmə şirkəti hazırda Ruminiyada “SOCAR” brendi altında 40-dan çox premium səviyyəli yanacaqdoldurma məntəqəsinə malikdir. Amma Rumıniya təbii qaz sahəsində də ölkəmizlə əməkdaşlıqda maraqlıdır.

Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, qaza olan tələbatın artması və bu fonda alternativ axtarışları Avropa ölkələrini Azərbaycan qazından yararlanmağa meylləndirir: “Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının VI toplantısı keçirilib. Bu toplantıda da Cənub Qaz Dəhlizinin bütün seqmentlərində görülən işlər müzakirə edilir.

Eyni zamanda, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, yəni onun ötürücülük qabiliyyətinin perspektivdə artrılması, yəni 16 milyarddan 31 milyard kubmetrə çatdırılması, habelə, kəmərin keçdiyi dəhlizdə yeni birləşdirici qaz kəmərlərinin çəkilməsi perspektivləri, kəmərin Avropanın cənub periferiyasında Balkanlara kimi şaxələnməsi məsələləri müzakirə olunacaq. Tədbirə dəvət olunmuş nümayəndələr arasında Serbiya, Rumıniya, Bolqarıstan, Macarıstan, Monteneqro və kəmərin çəkilişi yolundan keçən ölkələrin, gürcüstan, İtaliya, Yunanıstan nümayəndələri də var.  Məsələ ondadır ki, Cənub Qaz Dəhlizi bir magistral qaz kəməri deyil. Eyni zamanda, geniş bir əməkdaşlıq platformasıdır.

Cənub Qaz Dəhlizi 2020-ci ilin oktyabrında sənaye istismarına verildikdən sonra, Avropanın enerji xəritəsində ciddi dəyişiklik baş verəcək. Burada rəqabət mühiti bir qədər də artacaq. Alternativ qiymətlər ortaya çıxacaq. Bu da öz-özlüyündə Azərbaycan qazına olan tələbatı bir daha artıracaq. Çünki qlobal enerji tarazlığının qorunması nöqteyi nəzərindən, həm qlobal istiləşməyə qarşı beynəlxalq təpkinin artması, həm də daha təmiz yanacaq növündən istifadə etmək baxımından qarşıdakı illərdə boru kəməri qazı aralıq enerji mənbəyi kimi öz əhəmiyyətini bir qədər də artıracaq. Nəticədə qarşıdakı illərdə Avropanın qaza olan tələbatında artımlar müşahidə edəcəyik. Keçən il Avropanın qaza olan tələbatı 540 milyard kubmetrdən çox olub. Onun da 390 milyard kubmetri idxal həcmləri hesabına ödənilib”.

Z. Vəliyevin fikrincə, yaranmış vəziyyətdə perspektivdə, siyasi iradə nümayiş etdirə bildikləri təqdirdə, Türkmənistan və İran da Cənub Qaz Dəhlizinə qoşula bilər: “Məşvərət Şurasının VI toplantısına Türkmənistan nümayəndə heyəti də qatılıb. Geniş əməkdaşlıq platforması olaraq Cənub Qaz Dəhlizinə qonşu ölkələr də qoşula bilər. O cümlədən, Xəzər dənizində karbohidrogen ehtiyatları ilə zəngin olan Türkmənistan, İran kimi dövlətlər də perspektivdə Azərbaycanın ixrac güclərindəın istifadə edə bilər. İranın Avropa qaz bazarına daxil olmaqla bağlı illər öncə layihəsi olub. Amma təəssüf kİ, Suriya və İraqda baş verən hadisələr və Tehrana tətbiq olunan sanksiyalar İran qazının Avropa bazarlarına çıxmasını hələlik məhdudlaşdırır. Ancaq gələcəkdə İran beynəlxalq birliklə ortaq məxrəcə gəlsə, ABŞ-la münasibətləri qaydaya sala bilsə, təbii ki, qarşıdakı illərdə İran qazının da Avropaya məhz elə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxmaq imkanları yarana bilər. Ancaq İranın qaz sənayesinin bu gün böyük investisiyalara ehtiyacı var. Bütün hallarda Azərbaycanın qaz dəhlizi geniş infrastruktur platformasıdır. Ölkəmizin ixrac gücündən siyasi iradə ortaya qoya bilsələr, Türkmənistan da, İran da istifadə edə bilər.  Bütün hallarda Azərbaycan qazının Avropa bazarlarına daxil olması o deməkdir ki, Xəzər regionun karbohidrogenlə zəngin mənbələri Avropanın enerji bazarları ilə birbaşa körpü yaradacaq. O baxımdan qarşıdakı illərdə Azərbaycanın mavi yanacaqla təmin etmək baxımından Avropanın cənub periferiyasında,  İtaliya və Balkanlarda xüsusi paya malik olması artıq qaçılmazdır.  Qarşıdakı dönəmdə bunun şahidi olacağıq”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz