news Image
2013.07.03
10:50
| A A A
Vergi ödəyiciləri üçün Asan İmza xidməti yaradılıb

Azərbaycan Vergilər Nazirliyi nəzdində Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılıb və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilib.

 

Mövqe.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, Asan SXM "Rəqəmsal ID" adlandırılan "elektron imza" kartları üzərindən xidmət göstərmək imkanına malikdir. Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə Asan SXM, Mobil-ID Mərkəzi və mobil operator vasitəsilə mobil imza ("Asan İmza") xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də "elektron imza" yaratma məlumatlarının fiziki daşıyıcısıdır.

 

"Asan İmza" xidməti – elektron xidmətləri həyata keçirən istifadəçinin mobil telefon vasitəsilə autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. "Asan İmza" SİM kartlarını mobil operatorların (hələlik yalnız "Azercell") müştəri xidmətlərindən və ya Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət Mərkəzlərindəki mobil operator nümayəndəsindən əldə etmək olar. Bundan sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, Ərazi Vergi İdarələrinin və Departamentlərinin vergi ödəyicilərinə xidmət şöbələrində və ya ASAN xidmət mərkəzlərindəki Vergilər Nazirliyinin nümayəndəsindən müqavilə bağlayaraq elektron imza üçün təkmil sertifikat almaqla "Asan İmza" xidmətini aktivləşdirmək olar. ASXM-in istismara verilməsi İnternet Vergi İdarəsində istifadəçi səlahiyyətlərinin idarə edilməsi sisteminin yaradılmasına (bu sistem, bir VÖEN-lə bağlı əməliyyatların eyni vaxtda qeyri-məhdud sayda istifadəçi tərəfindən həyata keçirilməsinə imkan verir), hüquqi və fiziki şəxslərin online qeydiyyatı, POS-terminalların qeydiyyatı, elektron vergi-hesab fakturalarının göndərilməsi, ƏDV-nin depozit hesabı və s. xidmətlərdə "Asan İmza"nın tətbiqi həyata keçirilməsinə imkan yaradıb.

 

İstifadəçi kodu, parol və şifrə vasitəsilə sistemə daxil olmaq, müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermədiyindən və istifadəsi zamanı problemlər yarandığından, ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturaları kimi təhlükəsizlik tələb edən xidmətlərin istifadəsi yaxın zamanlarda yalnız "Asan İmza" vasitəsilə mümkün olacaq.