Əlaqə Arxiv
news Image
2020.03.25
12:54
| A A A
Koronavirusla bağlı İşçi Qrupun videokonfrans formatında iclası keçirilib
Koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun iclası keçirilib. İclas videokonfrans formatında aparılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, İşçi Qrupun rəhbəri, nazir Mikayıl Cabbarov pandemiyanın qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verib. Nazir qeyd edib ki, yaranmış şəraitdə milli iqtisadiyyata bir sıra faktorlar təsir edir. Bu, pandemiyanın bilavasitə təsiri altında dünya iqtisadiyyatında və xarici ticarət əlaqələrində müşahidə olunan durğunluq, dünya enerji bazarlarında neftin qiymətlərində kəskin dalğalanmalar, həmçinin pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərlə bağlı iqtisadi fəallığın azalmasıdır. Bütün bu amillər bir sıra iqtisadi fəaliyyət sahələrində özünü daha qabarıq göstərir. Nazir Mikayıl Cabbarov mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üçün qısa müddət ərzində İşçi Qrupun intensiv və böyük həcmdə iş aparmalı olduğunu diqqətə çatdırıb. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, otelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi, ümumilikdə, təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib.
Sizin Reklam Yeriniz