news Image
2012.04.03
18:46
| A A A
Rusiya Azərbaycandan aqrar məhsulların alışını dayandırır

Vahid Məhərrəmov: "Rusiya artıq dünya ticarət təşkilatına üzv olduğundan onun standartına cavab verməyən məhsullara qadağa qoymaq məcburiyyətindədir"


Vüqar Bayramov: "Rusiya bazarları bağlansa, bu fermerlərimizin əhəmiyyətli hissəsinin müflis olmasına gətirib çıxaracaq"


Rusiya Özbəkistan, Tacikistan və Azərbaycandan idxal etdiyi kənd təsərrüfatı məhsullarına qadağa qoymağa hazırlaşır. Və bunu sözügedən ölkələrdən idxal edilən məhsulların tələblərə cavab verməməsi ilə əsaslandırır. Bildiyimiz kimi, Azərbaycan fermerləri öz məhsullarının mühüm bir hissəsini Rusiya bazarlarında realizə edir. Bundan da böyük gəlir əldə edirlər. Belə olan halda söz yox ki, Rusiyanın atmaq istədiyi addım Azərbaycan fermerlərinə böyük ziyan gətirəcək.

Onlar Rusiya bazarını itirməklə digər ölkələrdə bazar axtarışına çıxmalı olacaq ki, bu da riskli və çətindir. Həmçinin Azərbaycanın aqrar məhsullarının əsas realizə olunduğu məkan Rusiyadır. Digər ölkələrdə isə bizim məhsullara tələbat çox aşağıdır. Belədə Rusiyaya yolların bağlanması ilə həmin aqrar sahə məhsulları ölkə daxilində satışa çıxarılacaq. Bu halda bol məhsulun olması ilə qiymətlərin ucuzlaşması baş verə bilər. Rusiyanın atmaq niyyətində olduğu yuxarıda qeyd etdiyimiz addımdan sonra Azərbaycanın kənd təsərrüfatı sektorunda vəziyyətin necə ola biləcəyini ekspertlərlə dəyərləndirdik.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov düşünür ki, Azərbaycanın aqrar məhsullarının ölkəsinə ixracına Rusiyanın qadağa qoyması Moskvanın Dünya Ticarət Təşkilatına üzv olması ilə bağlı ola bilər: "Azərbaycanın ən çox kənd təsərrüfatı məhsulu ixrac etdiyi ölkə Rusiyadır. Bu ölkəyə tərəvəz məhsullarından pomidor, xiyar, faraş kartof, meyvələrdənsə alma, xurma, albalı göndəririk. Hazırda vəziyyət elədir ki, Rusiyanın bazarlarında yerimizi genişləndirmək imkanındayıq. Bununla da əvvəlki mövqeyimizi bərpa edə bilərik. Belə ki, vaxtilə Rusiyaya indikindən daha çox aqrar məhsullar göndərirdik.

Çünki sovet dönəmində potensialımız və istehsal səviyyəmiz daha yüksək idi. Rusiya artıq dünya ticarət təşkilatına üzv olduğundan onun standartlarını prioritet olaraq qəbul edib. Bu səbəbdən də ölkəsinə gətirilən məhsulların da həmin standartlara uyğun olmasına xüsusi yanaşacaq. Təəssüf ki, bizim ora göndərdiyimiz aqrar məhsulların bəziləri Rusiya tərəfinin rəyinə görə həmin standartlara dolğun cavab vermir. Ona görə də Rusiya istəsə də, istəməsə də ticarət təşkilatının standartlarına uyğun olaraq Azərbaycan məhsullarına qadağa qoymalı olur".

Həmsöhbətimiz dedi ki, Rusiyaya ixracın dayanması ilə bəzi kənd təsərrüfatı məhsullarımızın satılmayaraq çürümə ehtimalı da artmış olacaq: "Kartof və almaya olan tələbatımızı özümüz ödəyə bilmədiyimizdən Rusiyaya göndərilən həmin məhsulların geri qayıtmasının elə bir mənfi təsiri olmayacaq. Bu hal özünü yalnız xurmada göstərər. Çünki o çox istehsal edildiyindən onun bir hissəsi məhz Rusiyaya göndərilir. İndi qadağa qoyulsa həmin artıq məhsulun tələf olma ehtimalı da artacaq. Rusiya bazarının kənd təsərrüfatı məhsullarımızın üzünə bağlanması ilə ölkə daxilində təklif artar. Bu halda isə fermerlərin ziyanına olaraq qiymətlər aşağı düşəcək".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Rusiyanın Azərbaycandan gələn bütün kənd təsərrüfatı məhsullarına qadağa qoyacağını inandırıcı saymır: "Rusiyanın aqrar məhsullara olan tələbatının ödənilməsində Azərbaycan əsas ölkələrdən biridir. Həm də Azərbaycanın aqrar məhsulları Rusiya bazarında müvafiq üstünlüklərə malikdir. Azərbaycandan şimal qonşuya ixrac edilən kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olsa da, digər ölkələrdən Rusiyaya gətirilən məhsullarla rəqabət aparmaq imkanına malikdir. Bu mənada belə bir qadağanın tətbiq olunacağı müzakirə edilsə də belə, inandırıcı deyil". Lakin qadağa tətbiq olunarsa, bu həmsöhbətimizə görə birmənalı şəkildə Azərbaycan fermerlərinin maliyyə vəziyyətinə mənfi təsir edəcək: "Çünki Azərbaycan üçün Rusiya bazarı böyük əhəmiyyət daşıyır. Bütövlükdə Azərbaycanın aqrar məhsul istehsalçıları üçün regionda əsas bazar Rusiyadır. Bunun da müxtəlif səbəbləri var. 150 milyona qədər əhalisi olan Rusiya bazarı böyük olması ilə seçilir. Digər tərəfdən Azərbaycan iş adamları Rusiyada işləməkdə müəyyən təcrübə və ixtisaslaşma toplayıblar. Onlar çox asanlıqla öz məhsullarını Rusiya bazarına ixrac edir. Həmçinin səbəblərdən biri də odur ki, Rusiyada yaşayan vətəndaşlar Azərbaycanın aqrar sahə məhsullarını tanıyır. Bizim məhsullar bu ölkənin bazarında özünü təsdiq edib. Bütün bunlara görə bizim üçün Rusiya bazarları bağlansa, bu fermerlərimizin əhəmiyyətli hissəsinin müflis olmasına gətirib çıxaracaq. Belədə regionda yaşayan əhalinin vəziyyətinə də kifayət qədər mənfi təsir göstərəcək".

V. Bayramov qeyd etdi ki, Rusiyanın sözügedən qərarı reallaşsa, bu əvvəllər Moskvaya daşınan kənd təsərrüfatı məhsullarımızın indi daxili bazarda reallaşmasına rəvac verəcək. Belədə ekspertin fikrincə qiymətlər də ucuzlaşar: "Amma problem ondadır ki, bir sıra kənd təsərrüfatı məhsullarını uzun müddətə saxlamaq mümkünsüzdür. Soğanın ölkəmizdə hazırkı qiyməti uzun müddət saxlamaq mümkün olmadığından ucuzlaşıb. Ona görə də aqrar sahə məhsullarının qiymətinin aşağı düşməsi iqtisadi baxımdan əlverişli deyil. Belədə fermerlər ziyanla üzləşə bilər və beləliklə də onun soğan əkməyə marağı azalar. Bu da növbəti ildə soğanın qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bütün bunlara görə düşünürəm ki, Rusiyanın qadağasından sonra aqrar məhsullarımızın yerli bazarda realizə olunması ilə qiymətin ucuzlaşması sadəcə olaraq qısa müddətli olacaq".

Aqrar məhsulumuzun Rusiyaya yolu bağlandıqda onu başqa xarici ölkəyə ixrac etmək imkanlarımız isə V. Bayramovun zənnincə mümkünsüzdür: "Rusiya bazarına alternativlər olduqca azdır. Standartlara cavab vermədiyindən məhsulumuzu Avropa bazarına çıxara bilmərik. Yalnız MDB bazarına çıxara bilərik. Amma Gürcüstan bazarına aqrar məhsulumuzun çıxarılmasının ciddi əhəmiyyəti olmayacaq. Məhsulun bir hissəsini Moldovaya, Ukrayna və Belarus bazarına çıxarmaq isə mümkündür. Lakin Orta Asiya ölkələrinin öz kənd təsərrüfatı istehsalı olduğundan həmin bazara çıxarmağımız da mümkünsüz görünür. Sadəcə Qazaxıstana ixrac baş verə bilər. Amma bu halda da Rusiya bazarındakı mövqeyimizi təmin edə bilməyəcəyik. Çünki Rusiya bazarına alternativ bazar hələ ki, yoxdur".



Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs