Əlaqə Arxiv
news Image
2020.04.07
10:39
| A A A
Dövlət əmlakının idarəedilməsində səmərəlilik artırılır
Hökumətin dövlət əmlakının idarə edilməsi ilə bağlı ayrıca holdinq yaratması zərurətdən doğur

Azərbaycanda Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Bununla bağlı iş planı Nazirlər Kabineti tərəfindən "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı qəbul olunan Tədbirlər Planında öz əksini tapıb. Tədbirlər Planında qeyd edilir ki, Azərbaycanda dövlət əmlakının idarə olunması sisteminin təkmilləşdirilməsi, o cümlədən dövlət şirkətlərinə münasibətdə dövlətin maraqlı tərəf (investor) kimi çıxış etməsi nəzərdə tutulub. Bu məqsədlə islahatların həyata keçirilməsi üçün təkliflər hazırlanacaq.  Həmin islahatlarda dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq.

Eyni zamanda,  Dövlət İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsi, korporativ standartların tətbiqi və maliyyə şəffaflığı təmin olunacaq, dövlətin mülkiyyətli müəssisələri üzrə özəlləşdirmə proqramı hazırlanacaq.

Hökumətin dövlət əmlakının idarə edilməsi ilə bağlı ayrıca holdinq yaratması zərurətdən doğur. Dünya iqtisadiyyatında müşahidə edilən yeni böhran inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi idarəetməyə yeni yanaşmanın tətbiqini zəruri edir. Yaranmış vəziyyət göstərir ki, iqtisadiyyatın idarə edilməsi modeli daha da təkmilləşdirilməli, idarəetmədə peşəkar yanaşma tətbiq edilməli və ən əsası idarəetmə iqtisadi mənfəəti təmin etməyə yönəlməlidir. Bu siyasəti zəruri edən amil ondan ibarətdir ki, Azərbaycanda hələ də dövlətin mülkiyyətində çoxlu sayda əmlak və müəssisələr var. Onlar da bir iqtisadi subyektdir və özəl müəssisələr kimi dövlətə iqtisadi fayda gətirməli, dövlət büdcəsinin formalaşmasına dəstək olmalıdır. Amma təəssüflər olsun ki, dövlət əmlakında olan bir sıra müəssisələr səmərəli idarə edilmir və nəticədə onlar nəinki yaxşı gəlir gətirmir, əksinə dövlət büdcəsinin üzərində ağır yükə çevrilir. Halbuki, həmin müəssisələri, əmlakı özəl sektorda olduğu kimi bazar tələblərinə uyğun biznes maraqlarına uyğun idarə edilərsə, qoyulan sərmayənin effektivliyi artırılarsa, müəssisənin gəlirliliyi də artar və nəticədə özəl müəssisələr kimi onlar da dövlətin gəlirlərinin artırılmasına töhfə verər. Buna görə də hökmən dövlət əmlakının və müəssisələrinin idarəedilməsində, investisiya siyasətində dəyişiklik olmalıdır.  

Nazirlər Kabinetinin Dövlət İnvestisiya Holdinqi yaratmaq istəyi də bu məqsəddən doğur.

Aparılan islahatlar həm də yeni formatda iqtisadi idarəetmə sisteminin qurulmasının xəbərçisidir. Təcrübə göstərir ki, dövlətin iqtisadi proseslərə müdaxiləsinin daha aktiv şəkildə reallaşdırılan, səmərəli strateji planlaşdırma sistemi apara bilən ölkələrdə proseslərə adekvat reaksiyanın verilməsi daha səmərəli şəkildə mümkün olur. Bu baxımdan, Azərbaycanda da iqtisadi idarəetmənin, o cümlədən dövlət əmlakının və müəssisələrin idarəetmə sistemi yeni formatda təşkil olunacaq.

Bugünlərdə iqtisadi artıma və sahibkarlığa dəstək məqsədilə dövlət tərəfindən 4 proqram qəbul edilib. Həmin proqramların qəbulunda məqsəd yeni idarəetmə modeli ilə yeni institutların yaradılması, yeni iqtisadi sferaların dəstəklənməsi, onların inkişafının stimullaşdırılması, əmək resusrlarının lazımi istiqamətlərə yönləndirilməsi ilə davam etdirilməlidir. Ona görə də dövlətin iqtisadiyyatda iştirakı həm stimullaşdırıcı büdcə-vergi siyasətində, həm sosial müdafiə sisteminin gücləndirilməsində, həm pul-kredit siyasətində, həm də xarici ticarətdə öz əksini tapacaq.

Bütün bu tədbirlərin bütövlükdə idarəetmə modelinin tamamilə yeni əsaslarla qurulmasını ehtiva edir və perspektivdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni format və yanaşmaların tətbiqi baş verəcək.

 

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz