Əlaqə Arxiv
news Image
2013.07.09
17:50
| A A A
"Azərbaycan-Rusiya əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib"
Nazir Şahin Mustafayev: "Azərbaycan-Rusiya əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir"

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşüb. Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, görüşdən əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi uğurlarına həsr olunmuş sərgi ilə tanış olublar. İqtisadi İnkişaf naziri Şahin Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar barədə Rusiya Federasiyasının İnquşetiya Respublikasının nümayəndə heyətinə geniş məlumat verib.


Sonra Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz regionu ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini bildirib, dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycan qonşu Rusiyanın 83 federal subyektindən 71-i ilə uğurlu əməkdaşlıq edir.


Bununla belə, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər, biznes forumlar, işgüzar görüşlər təşkil edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olub, Rusiya Federasiyasının bu regionda yerləşən federal subyektləri ilə əlaqələrin daha da genişləndirilməsi üçün müzakirələr aparılıb. Təsadüfi deyildir ki, son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş və sərgi keçirilib. Bu gün aparılan müzakirələr, keçirilən biznes forum Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.


Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyev Rusiya Federasiyasının digər subyektləri kimi, İnquşetiya Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və İnquşetiya Respublikasına investisiya qoyuluşu imkanları barədə məlumat verib, azərbaycanlı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin başçılıq etdiyi nümayəndə heyəti Bərk məişət tullantılarının yandırılması və bərk məişət tullantılarının çeşidlənməsi zavodlarında, "Green Tech" MMC-nin müasir istixana kompleksində, Gilan Tekstil Parkında və Sumqayıt Texnologiyalar Parkında olub. Rusiyalı qonaqlara qabaqcıl və müasir texnologiyaların tətbiq olunduğu istehsal və emal prosesləri, müəssislərin texnoloji və ekoloji üstünlükləri və məhsulları barədə geniş məlumat verilib.


 


Sizin Reklam Yeriniz