Əlaqə Arxiv
news Image
2020.04.08
09:59
| A A A
ABŞ böhranı dolları da çökdürür
ABŞ iqtisadiyyatında tənəzzülün olmasının Azərbaycana müsbət təsiri də mümkündür

ABŞ iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar hər keçən gün bir qədər də pisləşir. Bu ölkədə koronavirus pandemiyasının ağırlaşması, daha çox insanın virusa yoluxması ölkədə məhdudiyyətlərin dairəsinin genişlənməsinə səbəb olur. Karantin tədbirləri artdıqca ölkə iqtisadiyyatının vəziyyəti daha da pisləşir, iqtisadi aktivlik, istehsal göstəriciləri aşağı düşür. Artıq ABŞ-ın maliyyə institutları etiraf edir ki, vəziyyət daha bir neçə ay belə davam edərsə, ölkədə son 100 ilin ən dərin böhranının baş verməsi qaçınılmaz olacaq.

Koronavirusun yayılması ilə mübarizə çərçivəsində ABŞ ştatlarının və federal hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər iqtisadiyyatın təxminən 30 faizinin iflic olması ilə nəticələnib. ABŞ-ın 50 ştatından 41-də sakinlərin hərəkətinə məhdudiyyətlər qoyulub, ictimai iaşə obyektləri, universitetlər, kinoteatrlar, gözəllik salonları, parklar və qeyri-ərzaq mağazaları bağlanıb.

Bu tədbirlər  cari ilin mart ayının ilk həftəsi ilə müqayisədə ABŞ-da ümumi daxili məhsulun (ÜDM) gündə təxminən 29% azalmasına səbəb olub. Kaliforniya ştatında bu göstəricinin azalması artıq gündə 31,5%-ə (2,8 milyard ABŞ dolları), ABŞ ÜDM-nin təxminən 70%-nin payına düşdüyü digər 15 ştatda isə 40%-ə (12,5 milyard ABŞ dolları) çatır. Daha otuz ştatın və ölkənin paytaxtın itkisi gündə 4,9 milyard ABŞ dollarına çatır.

“Moody's” beynəlxalq reytinq agentliyi hesab edir ki, bu tempdə eniş ilin ikinci rübü boyu davam edərsə, ABŞ-ın illik ÜDM-i təxminən 75% azalacaq. Əgər yaya qədər məhdudlaşdırıcı tədbirlər tədricən aradan qalxarsa, ikinci rübdə ÜDM-də nisbətən mülayim azalma olacaq.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da baş verən dərin böhran ilk növbədə dünya iqtisadiyyatının tənəzzülə sürükləyə bilər. ABŞ dünyada ən çox əmtəə idxal edən ölkədir. 2019-cu ildə onun idxalı 2,5 trilyon dollar olmaqla cəmi idxalın 15 faizini təşkil edib. ABŞ-da böhran əmtəə idxalına tələbi xeyli azaldıb və belə davam edərsə, qlobal səviyyədə məhsulların satışı xeyli azalacaq.

ABŞ dünyanın həm də ən böyük maliyyə bazarıdır. Amerikada böhranın maliyyə bazarlarına keçmə ehtimalı getdikcə artıq və ekspertlərə görə bu risk dünya üçün əmtəə bazarları qədər təhlükəlidir. ABŞ-dakı böhranın Azərbaycana mənfi və müsbət təsirləri ola bilər. Mənfi təsiri qlobal iqtisadiyyatda yaratdığı çətinliklərlərdən qaynaqlanacaq. Qlobal böhrandan bütün ölkələr zərər gördüyü kimi Azərbaycan da ziyan çəkəcək. Dünyada istehlak azalacaq və idxalda azalmalar baş verəcək. Bu halda Azərbaycanın neft və qeri-neft ixracı xeyli azalacaq. Neftin ucuzlaşması riski də qlobal böhranın yaratdığı mənfi təsirlərdən biridir. Güman edilir ki, dünya iqtisadiyyatının tənəzzülə uğraması neftə tələbi xeyli azaldacaq və “qara qızıl”ın qiyməti uzun müddət, hətta 2021-ci ilin ikinci yarsına qədər 40 dollar həddini keçməyəcək.

ABŞ iqtisadiyyatında tənəzzülün olmasının Azərbaycana müsbət təsiri də mümkündür. Nə qədər qəribə görünsə də, ABŞ özü böhrana düşdükdə neftin daha tez bahalaşmasını arzulayır. OPEC+ çərçivəsində görüşlərin keçirilməsi təşəbbüsünü irəli sürən də ABŞ olub. Rəsmi Vaşinqton iqtisadiyyatın bir hissəsini formalaşdıran neft-qaz sektorunun da zərər görməməsi üçün “qara qızıl”ın qiymətinin artırılmasında israrlı görünür.

Neftin indiki şəraitdə bahalaşmasının əhəmiyyəti həm də ona görə böyükdür ki, o, dəyər qazandıqda digər əmtəələrin də dəyər qazanmasına təsir edir və beləliklə, iqtisadiyyatların nominal dəyəri yüksəlir. ABŞ neftin bahalaşmasını həm də qlobal iqtisadiyyatın böhrandan çıxmasına kömək edən vasitə kimi görür. Xatırladaq ki, 2008-2009-cu il böhranında neftin kəskin ucuzlaşmasından sonra məhz ABŞ-ın dəstəyi ilə qısa müddətdə neftin qiyməti yüksəlmə mərhələsinə keçdi və sonradan əlverişli səviyyə çatdı.

ABŞ iqtisadiyyatında böhranın olmasının digər müsbət cəhəti faiz dərəcələrinin enməsində və dolların ucuzlaşma şəklində özünü göstərir. 2008-2009-cu illərdə olduğu kimi, bu dəfə də ABŞ faiz dərəcələrini endirir. Faiz dərəcələrinin enməsi hesabına Azərbaycanın dollarla aldığı borclar üzrə faizlər də enir. Bu baxımdan faizlərin düşməsi Azəbaycanın dollarla olan borca çəkdiyi xərci azaldacaq.

Digər tərəfdən faizlərin azalması və mühüm iqtisadi indekslərin kiçilməsi dolların ucuzlaşması ehtimalını da gücləndirir. Hazırda biz dolların ucuzlaşmasını müşahidə etmirik. Amma Amerikanın ucuz pul emissiyasını artırması dolların ucuzlaşması ehtimalını saxlayır.

 

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz