Əlaqə Arxiv
news Image
2020.04.14
10:30
| A A A
İpoteka kreditlərinin artımına ciddi zərurət yaranır
Elnur Azadov: “Dövlət xətti ilə kredit qoyuluşunun artması tələbə dəstək ola bilər”

Böhran dövündə ən çox durğunluq hiss edilən sahələrdən biri də daşınmaz  əmlak sektorudur. Tələbin azalması bu sahədə qiymətlərə, satışın həcminə mənfi təsir göstərir. Azərbaycanda da oxşar vəziyyətdir. Koronavirus pandemiyası ilə əlaqədar daşınmaz əmlak bazarında durğunluq müşahidə edilir.

Daşınmaz əmlak bazarının yaşayış sahələri bölməsində isə mənzillərə tələb hər zaman yüksək səviyyədə mövcud olub. Çünki ölkəmizdə mənzilə ehtiyacı olan insanların sayı çoxdur və onlar potensial alıcıdırlar. Əgər ipoteka kreditlərinin həcmi artırılarsa, həmin insanların vasitəsilə bazarda canlanma yaradıla bilər.

İpoteka kreditləri əsasən iki mənbə hesabına maliyyələşdirilir. Bunlardan birincisi bankların öz vəsaitidir. Banklar hər il böyük məbləğdə vəsaiti yaşayış evlərinin ipoteka krediti vasitəsilə alınmasına yönəldir. Bu növ kreditlər ev təsərrüfatlarının aldığı kreditlərin önəmli hissəsini formalaşdırır. Amma son bir ildə banklar bu məqsədlə vəsait ayrılmasını azaldıb.

İpoteka kreditləri üzrə ikinci mənbə dövlətin ayırdığı vəsaitdir. Bu vəsaiti İpoteka və Zəmanət Fondu banklara ayırır və banklar də öz növbəsində əhaliyə verir.

2020-ci ilin martın 1-nə olan məlumata əsasən daşınmaz əmlakın tikintisinə və alınmasına görə kredit borcu 1,963 milyard manatdır. 2019-cu ilin martın 1-də bu göstərici 1,82 milyard manat idi. Müqayisə olunan bir illik dövrdə ev təsərrüfatlarına daşınmaz əmlak tikmək və ya almaq üçün ayrılan pul 143 milyon manat artıb. Bu vəsaitin böyük hissəsini məhz dövlətin vəsaiti təşkil edib.

Amma 2019-cu ilin yanvar-fevral dövrünə nisbətən 2020-ci ilin yanvar-fevral dövründə dövlətin ayırdığı ipoteka kreditləri də azalıb. Ötən ilin iki ayında 36,5 milyon manat ayrıldığı halda, bu ilin eyni dövründə 26,5 milyon manat ayrılıb.

Bəs, dövlətin xətti ilə ipoteka kreditləri üçün ayrılan vəsait artırılarsa, daşınmaz əmlak bazarında durğunluğu zəiflətmək olarmı?

Qeyd edək ki, böhranla əlaqədar olaraq dövlətin dəstək verəcəyi sahələrdən biri də yaşayış evlərinin alınması olacaq. Koronavirusun iqtisadiyyatda yaratdığı durğunluğu azaltmaq məqsədilə Nazirlər Kabinetinin hazırladığı tədbirlər planında güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitin həcminin artırılması da var. Plana əsasən bu il güzəştli ipoteka üçün əlavə olaraq 90 milyon manat ayrılacaq.

Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini artırmaqla yaşayış mənzillərinin satışı və tikintisi bazarında aktivliyi artırmaq hədəflənir.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, hazırda bazarda durğunluq yaradan səbəb tələblə bağlıdır. Onun sözlərinə görə, təklif də azdır, amma tələb daha zəif olduğuna görə aktivliyi artırmaq mümkün olmur. O hesab edir ki, tələbi artırmaq üçün əsas mənbə ipoteka kreditləri ola bilər.

 

Ekspert söylədi ki, 2020-ci ilin yanvar-fevral dövründə daşınmaz əmlak bazarı durğunluq hiss etmədi, əksinə qiymətlər bir qədər artdı. O qiymət artımlarının yeni tikilən binalardan satışa çıxarılan mənzillərdə müşahidə edildiyini söylədi. Lakin mart ayından həm ilkin mənzil bazarında, həm də təkrar bazarda durğunluq yaranıb. Ekspert bildirdi ki, durğunluq apreldə də davam edir.

E.Azadov hesab edir ki, durğunluğu yaradan əsas faktor əhalinin karantin vəziyyətində yaşamasıdır. Onun sözlərinə görə, belə bir vəziyyətdə insanlar daha çox evdə qalır və tikinti şirkətlərinə müraciətlər xeyli azalır.

Ekspert düşünür ki, karantin başa çatdıqdan sonra əhali yenidən mənzil alışı ilə maraqlanacaq. Bu zaman əhalinin daha çox ucuz vəsaitə ehtiyacının yaranacağını deyən E.Azadov bildirdi ki, dövlət xətti ilə kredit qoyuluşunun artması tələbə dəstək ola bilər: “İnsanların yaşayış sahələrinə ehtiyacı hər zaman var. Bazarda satışa çıxarılan mənzillərin sayı isə yetərli deyil. Tikinti şirkətləri mənzillərini aşağı qiymətə satmaq istəmirlər. Tələb azalsa da, qiymətləri endirmirlər. Əgər Dövlət İpoteka və Zəmanət Fondu tərəfindən ayrılan vəsait artırılarsa, şirkətlər mənzilləri daha tez satıb yeni layihələrə investisiya qoyarlar”.

E.Azadov söylədi ki, indi yeni tikilən binalardan da ipoteka krediti ilə mənzil almaq olur. Çünki həmin evlərin bir çoxunun sənədi qaydasına salınıb və ipoteka krediti ilə almaq mümkündür: “Həmin mənzillərin sayı azdır və onları da hər kəs ipoteka yolu ilə ala bilmir. Bu da bazarda aktivliyə təsir göstərir. Daha çox ipoteka kreditinə ehtiyac var. İndiki şəraitdə öz vəsaiti hesabına mənzil alanların sayında azalma var. Amma ipoteka vəsaiti daha çox artırılarsa, o halda tələb zəifləməz və yaşayış sahələrinin tikintisi sektorunda canlanma qalar, bura əvvəlki kimi yüksək sərmayə qoyuluşu davam edər”.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz