Əlaqə Arxiv
news Image
2020.04.14
12:53
| A A A
BTQ Azərbaycanı daha güclü mövqe sahibinə çevirir
Vüqar Bayramov: “ Bakı-Tiflis-Qars dəmir yolunun Orta Asiyaya qədər uzanması ilə Azərbaycanın regionda strateji mövqeyi daha da güclənəcək”

 Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Videokonfransda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik: «Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük. Bağlanan quru yollar ilə əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib”. Onu da vurğulayaq ki, bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Avropa ölkələri də bu dəmir yolu xəttinə böyük maraq göstərir. Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 günə kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirməkdir. Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, strateji baxımdan artıq BTQ Orta Asiya və Mərkəzi Avropaya daxil olub: “Bakı-Tiflis-Qars dəmir yolu regionun vacib və strateji layihələrindən biri hesab olunur. Nəzərə alaq ki, Bakı-Tiflis-Qars Xəzər dənizini Qara dənizlə birləşdirir. Bu yolla Azərbaycan, Gürcüstan Türkiyə vasitəsilə Avropaya çıxış imkanları əldə edir. Belə bir yol tək sözügedən ölkələrin Avropaya çıxış imkanlarını özündə ehtiva etmir. Artıq Avropadakı bir sıra ölkələr, Polşa və digər MərkəziAvropa dövlətləri də BTQ-dən sitifadə istiqamətində müzakirələr aparır. Bəzi dövlətlərlə bu barədə, hətta ilkin razılaşma da əldə edilib. Orta Asiya ölkələrinin bir qismi ilə də belə razılaşmalar imzalanıb. Belədə strateji baxımdan BTQ artıq Orta Asiya və Mərkəzi Avropaya daxil olub. Çünki həmin ölkələr bir sıra yüklərinin daşınmasında BTQ-dən istifadə edir. Onlar bu yol vasitəsilə öz yüklərini Avropa və ya Asiyaya yönəldirlər. Xəzər dənizi vasitəsilə gəmilərlə yüklərin daşınma tezliyinin azaldılması BTQ-nin rentabelliyinə pozitiv təsir göstərəcək. Müvafiq terminalı da istifadəyə verilib ki, bu da Azərbaycan vasitəsilə yüklərin daha tez zamanda Orta Asiyaya daşınmasına imkan verəcək. Həmin daşınan yüklər də sonradan Orta Asiyanın dəmir yolu şəbəkəsinə birləşdirilməklə lazımi məkanlara daşınacaq”. Həmsöhbətimizin fikrincə, yaranmış vəziyyət Orta Asiya dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsini tələb edir: “O baxımdan texniki baxımdan Orta Asiya dəmir yolu şəbəkəsinin Ro-ro terminalı vasitəsilə BTQ-yə birləşdirilməsi mümkündür. Xüsusən postkoronavirus dövründə beynəlxalq yükdaşımaların həcminin artacağını nəzərə alsaq, güman olunur ki, BTQ strateji baxımdan Orta Asiya da daxil region ölkələri üçün daha əhəmiyyətli olacaq”. V. Bayramovun fikrincə, BTQ-nin Orta Asiyaya tərəf uzanması ilə Azərbaycan regiondakı strateji mövqeyi daha da artacaq: “BTQ-nin təşəbbüskarı, onu dəstəkləyən və reallaşdıran ölkədir. Orta Asiya ölkələrinin də BTQ-yə qoşulması ilə həmin dəmir yolu xəttinin rentabelliyi artacaq. Digər tərəfdən, bu vəziyyətdə Azərbaycan üzərindən daşınan yüklərin həcmi də artacaq. Nəticə etibarı ilə bu, imkan verəcək ki, beynəlxalq yükdaşımalardan Azərbaycan büdcəsinə daxil olan vəsaitlərin həcmi daha da artsın. Eyni zamanda, bu addımla Azərbaycanın regionda strateji mövqeyi daha da güclənəcək”. 

R. SOLTANOV

Sizin Reklam Yeriniz