Əlaqə Arxiv
news Image
2020.04.16
12:05
| A A A
Azərbaycan postpandemiya dövründə yeni iqtisadi imkanlar qazanacaq
Aparılan islahatlar iqtisadiyyatın rəqabət qabiliyyətini artırıb

“Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə, həm iqtisadi-sosial sahədə, həm də siyasi sahədə islahatlar aparılmalıdır”.

Bu fikirləri Prezident İlham Əliyev ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə bildirib. Dövlət başçısı söyləyib ki, siyasi islahatların aparılması bundan sonra da imkanlarımızı daha da genişləndirəcək. “Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq”, - deyən İlham Əliyev vurğulayıb ki, bizim kifayət qədər güclü siyasi iradəmiz var: “Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik”.

Prezident bildirdi ki, struktur islahatları aparılıb və struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Dövlət başçısının fikrincə, islahatlar idarəetmə mexanizmi daha da təkmilləşdirir: “Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə, biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır”.

2020-ci ildə qarşılaşdığımız böhran əvvəlki dövrlərdə baş verdən böhranlardan təsiretmə gücünə görə daha qüvvətlidir. Bu böhran nəticəsində sadəcə xarici iqtisadi fəaliyyətdən gəlirlər azalmayıb. Həm də ölkədaxilində karantin tədbirləri ilə əlaqədar iqtisadi aktivlik xeyli dərəcədə azalıb. Yaranan arzuedilməz, çətin vəziyyətə baxmayaraq əvvəlki böhran dövrlərinə nisbətən iqtisadiyyatın dayanıqlığının daha güclü olması üzə çıxır. İqtisadiyyatın dayanıqlığının artması məhz son 2 ildə həyata keçirilən idarəetmə, struktur, eyni zamanda iqtisadi islahatlarla bağlıdır. Qısa müddətdə təmin edilən islahatlar Azərbaycanın pandemiya dövrünə hazır olduğunu göstərir.

Ölkəmizin çətin iqtisadi dövrdə daha güclü immunitetinin olması ona postpandemiya dövründə çevikliyini sürətlə artırmağa şərait yaradacaq. Bu mərhələdə Azərbaycanın daha güclü dövlətə çevrilməsi imkanları yaxşılaşacaq və qısa müddət ərzində iqtisadiyyatın böhrandan iqtisadi inkişafa keçməyə təkan verəcək.

Aparılan islahatlar Azərbaycana yeni dövrdə yeni fürsətlər də təqdim edəcək. Bütün analitik institutlar bildirir ki, postpandemiya dövründə yeni iqtisadi şərtlər formalaşacaq. Pandemiyadan iqtisadiyyatı daha az zərər görən, dayanıqlı olan ölkələr həmin şərtlərə uyğunlaşıb, yeni şəraitdən istifadə edib daha sürətlə böyüyəcək. İqtisadiyyatı zəif olan, pandemiyanın təsirinə tab gətirə bilməyən ölkələr isə əksinə, inkişafdan qalacaq, öz əvvəlki iqtisadi mövqeyini itirəcək. Ölkəmizdə 2018-ci ildən başlanan islahatların ən böyük səmərəsi ondan ibarət olub ki, iqtisadiyyatda çeviklik artıb və o yeni şərtlərə daha tez və uyğun reaksiya verə bilir.

Buna görə də böhrana baxmayaraq 2020-ci ildə də islahatlar dərinləşdirilməli, iqtisadiyyatın rəqabət apara bilmək imkanları yaxşılaşdırılmalıdır. Proqnozlara əsasən postpandemiya dövründə Çinin Avropa ölkələri ilə ticarət əməliyyatlarının həcmi artacaq və bu dinamika uzun illər qorunacaq. Bu məsələdə Çinin daha çox maraqlı olduğu bildirilir. Çin Avropa bazarlarına daha tez çıxmaq və müxtəlif maneələrlə rastlaşmamaq üçün üçüncü ölkənin imkanlarından da istifadə edəcək. Bu variantda Çin son məhsulu Avropaya birbaşa ixrac etməyəcək. Başqa bir ölkədə tikilən müəssisədə son məhsul istehsal olunacaq və Çin həmin müəssisəyə istehsalda istifadə edilən hissələri satacaq. Həmin ölkə isə son məhsulu Avropa bazarına çıxartmaqla dolayısı ilə Çinin ixracının artmasına töhfə verəcək. Çin bu cür ölkələri seçən zaman onların nəqliyyat qovşaqlarının yaxınlığında yerləşməsi, Avropaya yaxın olması, istehsal müəssisəslərinə əlverişli şəraitin yaradılması (vergi və s. güzəştlər) kimi amilləri əsas götürəcək. Azərbaycan bu baxımdan Çin üçün əsas tərəfdaşa çevrilə bilər. Çünki ölkəmizin nəqliyyat sistemi, qeyri-neft sənayesinin üçün yaratdığı imkanlar daha cəlbedicidir. Aparılacaq islahatlarla bu cəlbediciliyi daha da artırmaq olar.

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz