Əlaqə Arxiv
news Image
2020.04.17
10:10
| A A A
Kreditlərin qaytarılmasına yenə dövlət kömək edəcək
​ İstehlak kreditlərinə görə də əhaliyə yardım edilməsi gözlənilir

Koronavirus pandemiyasının iqtisadi artıma və əhalinin maddi vəziyyətinə mənfi təsirini minimuma endirmək üçün hökumət maliyyə yardımlarından istifadə edir. Bununla bağlı açıqlanan tədbirlər planına əsasən dövlət sahibkarların və əhalinin kredit borclarının qaytarılmasına da köməklik göstərəcək. Tədbirlər planına əsasən yalnız biznes kreditlərinə görə maliyyə dəstəyi nəzərdə tutulur. Bu məqsədlə ümumilikdə 1,5 milyard manat dəyərində maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır.

Biznes kreditləri ilə yanaşı istehlak kreditlərinə görə də dövlətin maliyyə dəstəyinə ehtiyac yaranıb. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri​ İbrahim Məmmədov​ aprelin 15-də keçirilən brifinqdə deyib ki, istehlak kreditlərinə güzəştlərin edilməsi məsələsi hazırda müzakirə olunur.

O bildirib ki, istehlak kreditləri götürənlər adətən işləyən şəxslər olur: "Bu insanlara da dövlət dəstək göstərir. Bu proses bundan sonra da davam edəcək. Bütövlükdə güzəştlərin edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".

Bəs, kreditlərə güzəşt əhali və iqtisadiyyata nə vəd edir?

Əhali və biznes strukturlarının kredit borclarını ödəmə qabiliyyəti ölkəmizin maliyyə sabitliyinin təmin edilməsində önəmli rol oynayır. Borc alanlar kreditləri vaxtında qaytardıqda banklar da öz növbəsində digər subyektlərdən cəlb etdiyi borcları vaxtında qaytarır və bunun nəticəsində maliyyə öhdəliklərində problem yaranmır. Kredit götürənlər öz borclarını qaytara bilmədikdə isə əks hal baş verir və iqtisadiyyatda maliyyə əməliyyatlarında böhran yaşanır. Bu cür böhranlar sonradan ölkədə real sektorda da böhranın baş verməsinə səbəb olur. Məsələn, 2008-ci ildə dünya maliyyə bazarlarında baş verən böhranın da əsasında kredit borclarının vaxtında qaytarılmaması məsələsi dayanırdı. ABŞ-ın ipoteka bazarında öhdəliklərin vaxtında icra edilməməsi bütünlüklə ölkənin maliyyə sistemində böhran yaratdı ki, bu da sonradan qlobal səviyyədə maliyyə böhranına çevrildi.

Koronavirus səbəbindən Azərbaycanda çoxlu sayda iş yerlərinin bağlanması sahibkarların və əhalinin gəlirlərinin azalmasına səbəb olub. Əgər belə bir vəziyyətdə dövlət sahiblarlara və əhaliyə dəstək verməsə, onların kredit borclarını icra etməsi çox çətin olacaq və yəqin ki, borcların böyük hissəsi qaytarılmayacaq. Bunun nəticəsində nələrin baş verə biləcəyini qeyd etdik. Hökumət maliyyə böhranının baş verməməsi üçün sahibkarlara və əhaliyə biznes kreditlərində kömək etməyi məqbul hesab edib. Hələlik biznes kreditlərinə görə köməklik ediləcək. Lakin istehlak kreditləri də az deyil.

Son açıqlanan məlumata görə əhalinin 6,86 milyard manat kredit borcu var. Bunun 0,68 milyard manatı biznes, 6,18 milyard manatı istehlak krediti təşkil edib. Kreditlərin 5,523 milyard manatı uzunmüddətlidir, yəni 1 ildən artıq müddətə ayrılıb. Əhalinin aldığı kreditlər bütün kreditlərin 45 faizini təşkil edir. Buna görə də əgər əhalinin kredit borcunu ödəyə bilməsi çox önəmlidir. Əgər əhali kredit borcunu ödəyə bilməsə, sadəcə özü yox, həm də banklar və onların vasitəsilə gəlir əldə edənlər də çətinliklə üzləşəcək.

Bunun baş verməməsi üçün hökmən dövlət əhalinin də aldığı kreditlərə təminat verməli, banklara müəyyən məbləğdə maliyyə dəstəyi göstərilməli və aylıq ödəniş ən azı 2 ay müddətinə təxirə salınmalıdır.

İstehlak kreditlərinin təyinatı elədir ki, o, əhalinin gəlirini yox, xərclərini artırır.

İndiki karantin dövründə istehlak krediti götürənlərin vəziyyəti özlərindən asılı olmayan səbəblərdən pisləşib. Həmin insanların gəliri ən yaxşı halda gündəlik zəruri xərclərin ödənilməsinə çatır. Bu insanların gündəlik xərclərindən başqa həm də kredit borcunu ödəməsi onların maddi vəziyyətini ağırlaşdıra bilər.

Onu da nəzərə alaq ki, karantin müddətinin aprelin 20-də başa çatması ehtimalı azdır və böyük ehtimalla müddət bir qədər də uzadılacaq. Müddətin uzanması işsiz vətəndaşların öz öhdəliklərini yerinə yetirməsini bir qədər də çətinləşdirəcək və bu, ölkədə ciddi borc böhranı yarada bilər. Böyük ehtimalla dövlət əhalinin götürdüyü istehlak kreditlərinə də təminat verəcək.

İstehlak kreditlərinə təminat verilməsi bankların sağlamlaşmasına, öhdəliklərini vaxtında icra etməyə, eyni zamanda kredit alanların kredit tarixçəsinin pisləşməməsinə səbəb olacaq.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz