Əlaqə Arxiv
news Image
2020.04.22
10:01
| A A A
Ucuz neft qlobal iqtisadiyyat üçün ciddi təhdidə çevrilir
Neft iqtisadiyyatının zərər görməsi maliyyə problemləri yaradacaq

Aprel ayında neft bazarında təlatümlərin olacağı gözlənilən idi. Çünki aprelin 9-da OPEC və onunla əməkdaşlıq edən ölkələrin gündəlik neft hasilatının azaldılması haqqında əldə etdiyi razılaşma ilk gündən deyil, may ayından qüvvəyə minəcək. Razılaşmanın bu şəkildə əldə edilməsi neft ixrac edən ölkələrin apreldə daha çox neft hasil etməsinə imkan yaradıb.

Hazırda dünyada neftə olan gündəlik tələbin 65 milyon barel olduğu bildirilir. Amma apreldə gündəlik hasilat bundan 30-35 milyon barel artıqdır. İndi elə bir vəziyyət yaranıb ki, neft hasil edilir və artıq çıxarılan məhsulu satmağa alıcı tapılmır. Alıcılar neft saxlanılan anbarların dolmaq üzrə olduğunu və mövcud vəziyyətin dəyişməyəcəyi təqdirdə əlavə neft həcmlərinin alınmasının mümkün olmayacağını bildirirlər. Buna görə də neft hasil edənlər məhsullarını sata bilmək üçün daha aşağı qiymətə razı olurlar.

Bu vəziyyətlə əlaqədar olaraq aprelin 20-də ABŞ-da neft ticarəti tarixində görünməmiş qiymət vəziyyəti qeydə alınıb. Texas neftinin qiyməti sıfır həddindən də aşağı düşərək mənfi 40 dollara satılıb. Dünən qiymətlər yenidən müsbət məcraya qayıdıb. Lakin yaranmış vəziyyət onu göstərir ki, apreldə neft qiymətlərində bir neçə antirekord imzalana bilər.

Yaranmış vəziyyətdən çıxmaq üçün neft hasil edən şirkətlər hasilatı daha çox azaltmalıdır və ya dünyanın əksər ölkələrində tətbiq edilən karantin rejimi ləğv olunmalıdır. Şirkətlər hasilatı ona görə daha çox azalda bilmir ki, sonradan neftə tələb artdıqda hasilatı bərpa etmək üçün xeyli xərc çəkilməlidir. Hasilatçı şirkətlər bir-iki aydan sonra neftin bahalaşacağını proqnozlaşdıraraq həmin xərci əvvəlcədən çəkib, zərərlə işləmiş olsa belə hasilatı davam etdirir. Buna görə də dünya neft bazarlarında neft bolluğu yaranır.

Koronavirusla bağlı karantinin ləğv ediləcəyi tarix iyun ayına təsadüf edəcək. Güman olunur ki, həmin tarixdən insanların hərəkətinə, nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət aradan qalxacaq və neftə tələb artacaq, bu halda neft qiymətləri sabitləşib, yenidən yüksəlişə keçəcək. OPEC+ razılaşması karantinin ləğvi ilə paralel həyata keçiriləcək. Bir tərəfdən satışa çıxarılan neft azalacaq, digər tərəfdən neft alışı artacaq. Proqnozlaşdırılır ki, iyunun sonunda təkliflə tələb arasındakı böyük fərq minimuma enəcək.

Qeyd edək ki, beynəlxalq birjalardakı böhran məhz neft bolluğundan yaranıb. Bu baxımdan ən gərgin dövr aprel ayı hesab edilir. Apreldə gündəlik neft hasilatının 100 milyon barel səviyyəsində qalma ehtimalı var. Koronavirus pandemiyasına qədər dünyada gündəlik neft istehlakı 100,5 milyon barel idi. Hazırda gündəlik istehlak 65 milyon barelə qədər azalıb. Göründüyü kimi lazım olandan xeyli çox neft istehsal edilir ki, bu da beynəlxalq birjalarda neft qiymətlərinin xeyli aşağı düşməsinə gətirib çıxarıb.

Aprelin əvvəlində əldə edilən razılaşmaya əsasən, gündəlik hasilatın may-iyunda 9,7 milyon barel, iyul-dekabr dövründə isə 7,7 milyon barel azaltmaq öhdəliyi var. Lakin OPEC+ ölkələrinin əldə etdiyi razılaşmaya baxmayaraq neft bahalaşmır. Bazarın razılaşmaya belə reaksiya verməsi ondan xəbər verir ki, yeni şərtlər də neftin bahalaşması üçün yetərli deyil. Bazar indiki vəziyyətdə neftin bahalaşması üçün hasilatın daha çox azaldılmasını gözləyirdi. Əgər bu, baş verməyəcəksə, neftin bahalaşmasına dair ümidlər zəifləyəcək.

Qlobal iqtisadiyyat üçün neftin həddən artıq ucuz olması maliyyə böhranı riskini də artırır. Çünki bu vəziyyətdə neft şirkətlərinin maliyyə öhdəliyini icra etməmək ehtimalı güclənir. Neft iqtisadiyyatının həcmi neftin qiyməti 50 dollar olduqda 2 trilyon dollara yaxın idi. Neftin qiyməti 20-25 dollara düşdükdə qlobal iqtisadiyyat sadəcə olaraq 1-1,2 trilyon dollar itirmir, həm də bu sahə ilə bağlı olan biznes dairələrini iflic edir, onların öz öhdəliklərini yerinə yetirməsini çətinləşdirir. Hazırda neft şirkətlərinin ümumi borcu trilyon dollardan artıqdır. Onların ucuz neft səbəbindən normal gəlir əldə etməməsi onunla nəticələnəcək ki, aldıqları borcları geri qaytara bilməyəcəklər. Bununla da neft iqtisadiyyatında yaranan böhran özü ilə bərabər maliyyə böhranı da yarada bilər.

Bu səbəbdən də iri sənayeyə sahib olan ölkələr neftin qiymətinin optimal səviyyədə olmasını arzulayırlar. Optimal neft qiymətinin isə 40-60 dollar intervalında olduğu bildirilir.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz