news Image
2013.07.15
16:30
| A A A
Azərbaycanın AYİB ilə əlaqələri genişlənir

Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 15-də Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. AYİB nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.


Həmin gün Bakı Biznes Mərkəzində AYİB prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdən əvvəl nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi uğurlarına həsr olunmuş sərgi ilə tanış olunub. Şahin Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar, ölkə iqtisadiyyatının şaxələnməsi, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunda əldə edilmiş nailiyyətlər, həyata keçirilməkdə olan iri layihələr, məqsədli dövlət proqramları çərçivəsində görülən işlər və s. barədə nümayəndə heyətinə geniş məlumat verib.


Sonra AYİB nümayəndə heyəti ilə keçirilmiş görüşdə İqtisadi İnkişaf naziri Azərbaycanda AYİB ilə əlaqələrə böyük önəm verildiyini, cənab Çakrabartinin ölkəmizə səfərinin Bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. Şahin Mustafayev Bank tərəfindən müxtəlif istiqamətlərdə həyata keçirilən layihələrə, xüsusilə özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirdiyini qeyd edib. Bildirilib ki, indiyədək AYİB tərəfindən Azərbaycana 134 layihə çərçivəsində 2.1 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye və turizm sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa maliyyə dəstəyi və s. kimi sahələri əhatə edib. AYİB tərəfindən indiyədək özəl sektorda 125 layihəyə 1.4 mlrd. dollar həcmində vəsait ayrılıb. Qeyd olunub ki, ölkəmizdə beynəlxalq maliyyə institutları, o cümlədən AYİB ilə birgə həyata keçirilən layihələrə xüsusi diqqət yetirilir, bu layihələrdə qabaqcıl beynəlxalq təcrübənin, ən müasir texnologiya və yeniliklərin tətbiqinə, şəffaflığın yüksək səviyyədə təmin edilməsinə böyük önəm verilir.


AYİB-in Azərbaycandakı kredit portfelinin diversifikasiyası üçün geniş potensialın olduğunu diqqətə çatdıran nazir bu baxımdan 2014-2016-cı illər üzrə Bankın Azərbaycana dair Ölkə Strategiyasının hazırlanması zamanı qeyri-neft sektorunun inkişafının prioritet olaraq nəzərə alınmasını və Strategiyanın "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə uzlaşdırılmasının zəruriliyini vurğulayıb. Görüşdə ölkəmizdə korporativ idarəetmənin inkişafına böyük önəm verildiyi, korporativ idarəetmə standartlarına keçidin biznes mühitinin inkişafında, birbaşa xarici investisiyaların stimullaşdırılmasında əhəmiyyəti, bu sahədə AYİB-lə əməkdaşlığın məqsədəuyğunluğu qeyd edilib. Həmçinin, dövlət-özəl tərəfdaşlığı çərçivəsində kənd təsərrüfatı sahəsində birgə pilot layihələrin həyata keçirilməsinin, sənaye parklarının fəaliyyətinə, kiçik və orta sahibkarlığa, habelə qadın sahibkarlara dəstək verilməsinin önəmi diqqətə çatdırılıb.


Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən Şahin Mustafayev AYİB-in Müdirlər Şurasının 2017-ci ildə keçiriləcək illik toplantısının Bakıda təşkil olunmasını təklif edib, ölkəmizdə mövcud kadr potensialını nəzərə alaraq, Bankda yaranan vakant vəzifələrə gənc Azərbaycanlı mütəxəssislərin cəlb edilməsinin məqsədəuyğunluğunu bildirib.


AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, yoxsulluğun azaldılması üzrə Azərbaycanın əldə etdiyi nəticələrin dünyada ən yüksək göstəricilərdən olduğunu vurğulayıb. AYİB prezidenti Azərbaycana dair Ölkə Strategiyasının "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının iqtisadiyyatın diversifikasiyası prioritetlərinə uyğunlaşdırılmasını, ölkədə korporativ idarəetmənin genişləndirilməsi üzrə əməkdaşlığı dəstəklədiyini bildirib, kiçik və orta sahibkarlığın, xüsusilə qadın sahibkarların təşəbbüslərinə önəm verdiyini qeyd edib. Cənab Çakrabarti AYİB qərargahında Azərbaycan günlərinin keçirilməsi təklifini irəli sürüb, Azərbaycan tərəfinin AYİB-in Müdirlər Şurasının illik toplantısının Bakıda təşkil edilməsi təklifindən məmnunluğunu ifadə edib və Bankın sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığının daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.