Əlaqə Arxiv
news Image
2020.05.22
10:04
| A A A
“Vətəndaş” tipli “Asan İmza” imza ödənişsiz olacaq

“Vətəndaş” tipli “Asan İmza” xidmətini ödənişsiz əldə etmək mümkün olacaq.

COVİD-19 epidemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycanda rəqəmsal iqtisadiyyatın sürətli inkişafı və vətəndaşların dövlət və özəl sektorların elektron xidmətlərinə geniş əlyetərliyinin təmin edilməsi zəruridir.

Rəqəmsal iqtisadiyyat mexanizmlərinin təmin edilməsi və əlverişli investisiya mühitinin yaradılması, eləcə də ən son innovasiyaların tətbiqi və əhalinin bu innovasiyalara kütləvi əlyetərliyinin təmin edilməsi üzrə ölkənin dünya liderləri sırasına daxil olması üçün dövlət tərəfindən qarşıya qoyulan məqsədə nail olunmasına dəstək məqsədilə “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən B.EST Solutions şirkəti 20 iyun 2020-ci il tarixindən etibarən “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətini respublika vətəndaşları üçün (“Vətəndaş” tipli “Asan İmza” xidməti) 3 il müddətinə ödənişsiz təqdim etmək qərarına gəlib.

Vətəndaşlar üçün “Asan İmza” xidməti onlara sosial sığorta, pensiyalar, sosial müavinətlər kimi elektron xidmətlərə uzaq məsafədən əlyetərlikdən əlavə nağdsız ödənişlərdən, onlayn kreditləşmələrdən, notariuslardan və s. kütləvi istifadə imkanı yaradacaqdır. Bu da öz növbəsində şəffaflığı artıracaq, vaxt və resurslara qənaət edəcək və vətəndaşları lazımsız bürokratiyadan azad edəcəkdir. Xatırladaq ki, əvvəllər bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 AZN təşkil edirdi.

Qeyd etmək lazımdır ki, "Asan İmza" xidmətinin sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan "Biznes" və "Dövlət" tiplərinin qiyməti, həmçinin “Asan İmza” istifadəçilərinin bütün kateqoriyaları üçün aylıq abunə haqqı dəyişilməz olaraq qalır. Xüsusilə vurğulayaq ki, “Asan İmza” xidmətini mövcud mobil nömrədə aktivləşdirmək olar və yeni bir nömrənin alınmasına ehtiyac yoxdur.

B.EST Solutions şirkəti 10 ildən artıqdır ki, Azərbaycan bazarında fəaliyyət göstərir və bütün resurslarını rəqəmsal iqtisadiyyatın inkişafına və innovativ həllərə sərmayə qoyaraq, “Asan İmza”nı respublika üzrə 1000-dən çox elektron xidmətə ödənişsiz inteqrasiya etmişdir. Bütün xidmət provayderləri üçün inteqrasiya və texniki dəstək məsləhətləri də ödənişsizdir. Bu qərarın verilməsində əsas prioritet vətəndaşlarımızın fərdi məlumatlarının və dövlət məlumat sistemlərinin ən yüksək səviyyədə məxfiliyini təmin etməklə, bütün Azərbaycan vətəndaşlarına istənilən onlayn əməliyyatları, nağdsız ödənişləri həyata keçirmək üçün ən yüksək dünya standartlarına cavab verən təhlükəsizlik vasitələrilə təmin etməkdir.

B.EST Solutions şirkətinin direktoru və təsisçisi Jana Krimpe qeyd etmişdir: “Şirkətimiz Azərbaycanda kiçik biznes kateqoriyasına aiddir. Biz, vətəndaşlarımızın innovativ xidmətlərə maksimum əlyetərliyinin təmin edilməsinin nə qədər vacib olduğunu başa düşürük. Azərbaycan vətəndaşı və dövlətimizin dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi üçün islahatlar hər zaman prioritet məsələlərimizdən olmuşdur. Biz bütün resurslarımızı beynəlxalq təşkilatlar və ölkələr tərəfindən dünya miqyasında qəbul edilən və tanınan “Asan İmza” - “ Made in Azerbaijan” milli brendinə investisiya edirik. Vətəndaşlarımız üçün ödənişsiz “Asan İmza” mobil elektron imza xidmətinin tətbiqi ilə yanaşı şirkətimizin rebrendinqini də həyata keçirdik. Bununla da fəaliyyətimizin yeni rəqəmsal mərhələsinə daxil olmağı və Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaş və əcnəbilər üçün innovasiyaya əlyetərlik imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəflədik.

 

Şirkətin yeni loqotipi “Asan İmza” mobil elektron imzanın hər bir istifadəçisi üçün keyfiyyətli xidmətlərin təqdim edilməsinə istiqamətlənən strategiyanı simvolizə edir. İnnovativ və ölkəmizin vətəndaşının həyatını asanlaşdıran xidmətlər - B.EST Solutions şirkətinin əsas məqsədidir. Bütün partnyorlarımıza –ölkənin rəqəmsal infrastrukturu və onlayn xidmətlərinin inkişafı üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, təhlükəsizlik və ən yüksək beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üçün mobil operatorlara, onlayn hesabların açılması imkanı və digər innovativ məhsullara görə banklara, eləcə də ölkənin vətəndaşları, dövlət və biznes strukturlarına yüksək keyfiyyətli elektron xidmətlər göstərmək üçün səylə çalışan bütün digər dövlət və özəl xidmət provayderlərinə minnətdarlığımızı bildiririk".

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əl imzasına bərabər sayılan “Asan İmza” gücləndirilmiş mobil elektron imza bütün beynəlxalq təhlükəsizlik standartlarına cavab verir.

Bu gün Azərbaycanda yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-İmza, Mərkəzi Bankın BSXM-i tərəfindən təqdim edilən elektron imza və B.EST Solutions şirkətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi və Azərbaycanın mobil operatorları ilə birlikdə təqdim etdiyi “Asan İmza” mobil elektron imza geniş yayılmış həllər kimi qanunvericiliyin tələblərinə uyğun olaraq əl imzasına bərabərdir. Bütün digər mobil, bulud həllər və kod-parollar yüksək təhlükəsizlik səviyyəsinə malik deyil və mövcud qanunvericiliyə əsasən gücləndirilmiş elektron imza hesab edilmir.

“1847” – “Asan İmza” Çağrı Mərkəzi öz işini adi rejimdə davam etdirərək, xidmətlə bağlı bütün suallara cavab almaqda sizə kömək edəcək. Suallar yarandıqda eyni zamanda [email protected] elektron poçt ünvanına elektron məlumat göndərə bilərsiniz.

“Asan İmza” haqqında: “Asan İmza” mobil identitet həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir. Hal-hazırda dövlət və özəl qurumların 1000-dən çox elektron xidmətlər sistemində “Asan İmza”dan istifadə edilir. "Asan İmza" müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, bank hesablarının uzaq məsafədən açılması, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir. Daha ətraflı məlumatı http://www.asanimza.az saytından əldə edə bilərsiniz.

B.EST Solutions şirkəti haqqında: Şirkətin rəqəmsal həlləri Birləşmiş Millətlər Təşkilatı, Google, Financial Times, AB, OECD, ABŞ Dövlət Departamenti və Milli Standartlar və Texnologiyalar İnstitutu kimi qlobal təşkilatlar tərəfindən tanınmışdır. Müştərilərimiz transmilli korporasiyalar, böyük banklar, mobil operatorlar və sığorta şirkətləri, eləcə də beynəlxalq təşkilatlar və bir çox digər müştərilərdir. Daha ətraflı məlumatı https://bestsolutions.ee/ saytından əldə edə bilərsiniz.

Sizin Reklam Yeriniz