Əlaqə Arxiv
news Image
2020.05.31
14:06
| A A A
Ölkəmizin inkişafında sahibkarlığın rolu : Kölgədən işığa doğru

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçmişdir. XIX əsrdən başlayaraq bu fəaliyyət növü sürətli inkişaf dövrü keçmişdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına şərait yaratmışdır. Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişmişdir. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olmuşdur. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin etmişlər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin və başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır. XX əsrin əvvəllərində xarici kapitalın ölkəyə axını sahibkarlıq fəaliyyətinin daha da inkişafına səbəb oldu. Bakı fəhlələrinin çox hissəsi gəlmələrdən ibarət olub. 1901-ci ildə dünya neft hasilatının yarıdan çoxu Azərbaycan neft sənayesinə məxsus olub. Ölkəmizdə istehsal edilən sənaye məhsullarının 70-80%-i neftin payına düşürdü. XIX əsrin sonu, XX əsrin əvvəllərində sahibkarlığın inkişafına görə Bakı artıq böyük nüfuza malik iri sənaye mərkəzinə çevrilmişdi. Bu dövrdə kapitalın və istehsalın mərkəzləşməsi və təmərküzləşməsi prosesi xeyli sürətlənmişdi. O dövrdə Azərbaycanda aqrar sahənin inkişafı da sürətlənmiş, iri fermer təsərrüfatları yaranmışdı. Azərbaycanın kənd təsərrüfatı sektorunda o vaxt inkişaf edən əsas sahə pambıqçılıq olub. 1914-cü ilin statistikasına görə, Azərbaycanda yığılan pambıq Zaqafqaziyada istehsal edilən pambığın 70%-ni təşkil edib. Kənd təsərrüfatındakı inkişaf təbii olaraq sənayenin ayrı-ayrı sahələrinin inkişafına təkan verirdi. Azərbaycanın sahibkarlıq tarixində ipəkçiliyin inkişafı da mühüm yer tutur. XIX əsrin sonlarında bu sahənin tərəqqisi yolunda böyük addımlar atılıb. O dövrdə Zaqatala, Füzuli, Naxçıvan, Ordubad, Şuşa, Şəki şəhərlərində, qəza mərkəzlərində və onlara yaxın yerlərdə 400-dən çox iri və xırda ipəksalma (baramanın açılması), ipəkburma (baramanın eşilməsi) müəssisəsi fəaliyyət göstərirdi. Azərbaycanda ipəkçiliyin geniş vüsət alması, ipək istehsalının artması inkişaf etmiş baramaçılığa əsaslanırdı. Eyni zamanda, tut plantasiyalarının çoxluğu da bu inkişafı sürətləndirən mühüm amil idi. Azərbaycan ipəyi dünyada məşhurlaşmışdı. Dünya bazarlarında bu məhsul adı ilə tanınırdı. Müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələ başlamışdır. Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Azərbaycanın iqtisadi islahatlar və inkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Respublikanın potensialı nəzərə alınaraq uğurlu neft strategiyası işlənib hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilir. Bu isə öz növbəsində, neft sektorunun inkişafı ilə bağlı

yardımçı sahələrin inkişafına təkan vermiş və həmin sahələrdə yerli sahibkarların mövqeləri möhkəmlənmişdir. İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan vermişdir. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyaların,rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının istiqamətlərindəndir. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş sənədləd iş adamlarında özünəinam hissini artırmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daima qayğı göstərilməkdədir.

Sizin Reklam Yeriniz