Əlaqə Arxiv
news Image
2020.06.04
08:49
| A A A
Beynəlxalq maliyyə qurumları Azərbaycanla işbirliyində maraqlıdırlar
Əkrəm Həsənov: “Azərbaycan Asiya və Avropada kifayət qədər cəlbedici ölkə statusu qazana bilib” Natiq Cəfərli: “Beynəlxalq maliyyə qurumlarının Azərbaycanın aldığı kreditləri vaxtında qaytaracağına dair digər ölkələrlə müqayisədə əminlikləri var”

Azərbaycanda baş verən islahatlar fonunda dünyanın aparıcı bank sektorunun ölkəmkizə marağı artır. Bu xüsusda son günlər əsasən də Asiya İnkişaf Bankı(AİB) fəallıq nümayiş etdirir. AİB sentyabr ayında 2021-2023-cü illər üçün Azərbaycan üzrə biznes planın təsdiq olunacağına ümid edir.

2019-cu ildə isə AİB Azərbaycan üzrə yeni 5 illik strategiyanı təsdiq edib. Yeni strategiyaya 3 strateji prioritet daxildir: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun effektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmlənməsi. Cari il üçün isə  AİB Azərbaycana 239 milyon dollar məbləğində kredit vəsaiti ayırmağı nəzərdə tutub. Ümumiyyətlə, Asiya İnkişaf Bankı (AİB) 2019-2023-cü illərdə yeni 5 illik strategiya çərçivəsində Azərbaycana 900 milyon dollar ayırmağı planlaşdırır. Onu da qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-nin üzvüdür.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikrincə, Azərbaycanın cəlbedici ölkə statusu qazanması nəhəng maliyyə qurumlarının ölkəmkizə marağının artmasına səbəb olub: “Adətən beynəlxalq maliyyə qurumları belə baxanda kiməsə kredit verməlidir ki, özləri də gəlir əldə etsin. Bu mənada da onlar iqtisadi vəı maliyyə cəhətdən daha stabil ölkələri seçirlər ki, prosesdən özləri də uduşla çıxa bilsinlər.

İndiyə qədər Azərbaycanın belə böyük kreditlərə ehtiyacı olmayıb.  Bu da valyuta ehtiyatlarımız və gəlirlərimizin kifayət qədər olmasında irəli gəlirdi.  İndi isə neftin qiymətinin düşməsi və pandemiya fonunda gəlirlərimizdə müəyyən qədər azalma baş verib. Ona görə də xarici kreditlərə müəyyən ehtiyac yaranıb. Amma hesab edirəm ki, Azərbaycanın böyük həcmli kreditlərə hələ də ciddi ehtiyacı yoxdur.  Azərbaycanın neftdən gələn gəlirlər hesabına valyuta ehtiyatı var və kifayət qədərdir. 40 milyard dollardan çoxdur. Həmin pulları da xarici banklarda qoymuşuq və belədə faiz alırıq. Bu mənada hansısa digər bankdan kredit alıb ona fazi ödəməyin fikrimcə əsası yoxdur. Yəni bu məsələdə ehtiyatlı olmalıyıq.  Azərbaycan əlbəttə ki, Asiya və Avropada kifayət qədər cəlbedici ölkə statusu qazana bilib. Neft və qaz ehtiyatları hesabına gəlirli ölkəyə çevrilmişik.  Ona görə istənilən beynəlxalq maliyyə qurumu və ölkələr Azərbaycana kredit vermək istəyir ki, özləri də qazansın. Bütün hallarda dünya maliyyə qurumlarının verdiyi kreditə görə, aldığı faiz dərəcəsi Azərbaycanın valyuta ehtiyatlarının faiz dərəcəsindən aşağıdırsa, həmin qurumlardan kredit almaq olar”.

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan aldığı kreditləri vaxtlı-vaxtında qaytarmaq bacarığına malik olduğundan beynəlxalq maliyyə qurumları da bu mənada ölkəmizlə əlaqələrə xüsusi maraq göstərir: “Azərbaycan kreditlərin geri qaytarılması nöqteyi-nəzərindən kifayət qədər yüksək reytinqə malik olan ölkələrdən biridir.  Azərbaycanda son üç ildə kredit portfeli artsa da, hələ ki, təhlükəli həddə deyil. Rəsmi rəqəmlərə görə, ümumdaxili məhsulumuzun cəmi 20 faiz civarındadır. Düzdür, bura dövlət şirkətlərinin, SOCAR-ın, AZAL-ın və digər şirkətlərin kreditləri aid edilməyib. Hətta onlar da aid edilsə belə, kredit portfelimiz ümumdaxili məhsulun 45-50 faiz nisbətində olacaq ki, bu da yaxşı göstəricidir.  Neft Fondunda olan 42-43 milyard dollarlıq təhlükəsizlik yastığı kifayət qədrə zəmanət və zamin yaradır, böyük beynəlxalq banklarda Azərbaycana maraq getdikcə artsın. Onlar ölkəmizdə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi fonunda Azərbaycanın aldığı kreditləri vaxtında qaytarılacağına digər ölkələrlə müqayisədə əminlikləri var.  

Ona görə də belə maraq yaranıb. Özü də bu, ilk dəfə deyil. Azərbaycanda Neft Fondunun ehtiyatları artdıqca böyük maliyyə qurumlarının da Azərbaycana marağı həmişə yüksək olub.  İndi dünyada bir likvidlik bolluğu var. Bütün ölkələrdə böyük likvidlik paketləri qəbul olunub. Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun da əlavə ehtiyatları var. Hansı ki, onlar bu əlavə ehtiyatlardan kredit şəklində istifadə etməyi düşünür. Müştərilərdən biri olaraq da bu fonda Azərbaycanı seçiblər.  Çünki yaxın gələcəkdə Azərbaycanın kreditləri geri qaytarmaq istiqamətində heç bir problemi olmayacaq. Həmin marağın yaranmasına stimul verən əsas səbəb budur”.

N. Cəfərlinin fikrincə, həmin maliyyə qurumları ölkəmizə həmçinin loqistik mərkəz kimi baxırlar: “Digər tərəfdən, beynəlxalq mliyyə qurumları Azərbaycanı həmçinin loqistik mərkəz rolunda görürlər. Belədə Azərbaycandan istifadə edərək, gələcəkdə ətraf ölkələrə daha çox açılmaları yolunda ölkəmizə bir mərkəz kimi baxırlar. Ona görə də hər zaman olan marağın son dövrlər artmasının şahidi oluruq”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz