Əlaqə Arxiv
news Image
2020.07.03
15:08
| A A A
Dollara tələb yenidən artır
Pul bazasının artması dollara tələbi artırır

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən son valyuta hərraclarında dollara tələbdə artım müşahidə edilir. İyunun 18-də keçirilən hərracda dollara tələb 26,9 milyona enmişdi ki, bu da cari ilin ən aşağı tələb səviyyəsidir. Bundan sonra keçirilən hərraclarda dollara tələbdə artım var. İyunun 23-da baş tutan hərracda tələb 33 milyona, iyunun 25-də keçirilən hərracda 41,6 milyona, iyunun 30-da olan hərracda 50,8 milyona, iyulun 2-də baş tutan hərracda isə 53,1 milyona yüksəlib.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda dollara tələb aşağı düşüb. İdxalın aşağı səviyyədə olması müşahidə edilir. Artıq 3 aydır ki, idxalın həcmi 700-800 milyon dollar arasında dəyişir. Halbuki ötən il idxalın aylıq həcmi 1-1,1 milyard dollar səviyyəsində

Eyni hal turizmdə də müşahidə olunur. Koronaviris pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 563,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı isə 2,2 dəfə azalaraq 958,8 min nəfər olub.

Deməli, həm idxal, həm də ölkədən xaricə gedənlərin sayı azalır. Belə olan halda son hərraclarda dollar tələbin artması nə ilə bağlıdır?

Bunun birinci səbəbi kimi pul bazasının həcminin artmasını göstərmək olar. Mart ayı ilə müqayisədə pul bazasının həcmi yenidən artır. Martda pul bazasınən həcmi 2 milyard manatdan çox azaldılaraq 10 milyard manata salınmışdı. Apreldə bazanın həcmi sabit qaldı, amma maydan artım müşahidə edildi. Həmin artım iyunda da davam edib. Nəticədə pul bazasının həcmi mayda 10,912 milyard manata, iyunda 11,253 milyard manata yüksəlib. Belə aydın olur ki, pul bazasının həcmində artım iyulda da davam edəcək.

Pul bazasının həcminin artması ölkəmizdə tələbi artırır ki, bu da sonradan dollara olan tələbi yüksəldir.

Dollara tələbi artıran digər amil bağlanan 4 bankın əmanətçilərinə ödənən vəsaitlə bağlıdır. Həmin banklarda 680 milyon manata yaxın sığortalanan əmanət var. Onların yarıdan çoxu dollarla yerləşdirilib. Qaydalara əsasən yalnız dollarla əmanəti olanların pulu həmin valyutada qaytarılmalıdır. İyunun ikinci yarısından əmanətlərin qaytarılması prosesinin sürətlənməsi müşahidə edilir. Bu prosesdə dollarla əmanəti olanlara böyük ödənişlər həyata keçirilir. Əmanətlərin qaytarılması zamanı dollara tələbin artması da yəqindir.

Dollara tələbin artması fikrini formalaşdıran digər hal əvvəlki hərracların nəticələridir. Yəni, əvvəlki hərraclarda dollara tələb olduqca aşağı düşdüyündən 50-60 milyon dollarlıq tələb müqayisədə çox böyük görünür. Əslində isə əgər tələbin 50-60 milyon dollar səviyyəsində olması da aşağı göstəricidir. Çünki Dövlət Neft Fondunun transfert üçün nəzərdə tutduğu vəsaiti manata dəyişmək üçün hər ay orta hesabla 556 milyon dollar satmalıdır. Ayda 6-7 hərrac keçirilərsə tələb ən azı 90-95 milyon dollar olmalıdır. Fondun məlumatına görə, ötən ay satılan valyutanın həcmi 373,2 milyon dollar olub. Bu isə təxminən 180 milyon dollar qənaət deməkdir. Ötən ay da təxminən 220 milyon dollar qənaət edə bilib. Fond orta hesabla hər ay 556 milyon dollar satmalıdır. Buna baxmayaraq mart ayında satılan valyutanın həcmi 2 milyard dollara yaxın olub. Son iki ay və yanvar ayındakı qənaətlər hesabına Fond martda artıq satdığı valyutanı müəyyən qədər kompensasiya edib. Cari ilin ilk yarısında satılan valyutanın ümumi həcmi 4 milyard dollardan bir qədər çox olub.

İlin ikinci yarısında Fond daha 2,5 milyard dollar satmalıdır. Bu, ayda orta hesabla 417 milyon dollar edir. Fond hər hərracda ən azı 60 milyon dollar satmalıdır ki, qalıq vəsaiti manata dəyişə bilsin. İndiki karantin dövründə bunu etmək çətin olacaq. Son hərracda dollara tələb bundan az olub.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz