Əlaqə Arxiv
news Image
2020.07.04
09:11
| A A A
Aİ-nin Şərq-Qərb nəqliyyat dəhlizinə diqqətinin artması Azərbaycanın mühüm uğurudur
Fuad İbrahimov: “Avropanın Şərq-Qərb dəhlizinə marağının artması Azərbaycana kifayət qədər əlavə gəlirlərin gəlməsi, ölkəmizin qeyri-neft sektoru sahəsinə daha çox vəsaitin daxil olması demək olacaq” Əli Əlirzayev: “Azərbaycanın dünya bazarlarına çıxmaq imkanları genişlənəcək, siyasi mənada bir çox dövlətlər ölkəmkizlə hesablaşmalı olacaq”

 

Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır. Bunu Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən videokonfrans zamanı deyib.

Azərbaycan dövlət başçısı bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir. O qeyd edib ki, 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınıb: “Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir. Mənim 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfərim zamanı imzalanmış 21 sənəd arasında 9 sənəd nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olmuşdur. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilmişdir.

Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanmışdır. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılmışdır. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınmışdır. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırmışdır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir.

Qeyd edək ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır. Bunu Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən videokonfrans zamanı deyib. Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə artan marağı Azərbaycana nə vəd edir?

İqtisadçı ekspert Fuad İbrahimov bildirdi ki, Avropa həmin dəhliz vasitəsilə rahat şəkildə Şərqə çıxış yolu əldə edib:  “Şərq-Qərb nəqliyyat dəhlizinə Avropanın marağı hər zaman olub və bu maraq daim artır.  Bilirsiniz ki, 1979-cu ildən başlayaraq Avropanın Şərqə, Çimə doğru hərəkət etməsi üçün İran ərazisindən keçid demək olar  baş tutmur. Bu da İranın təcrid olunması ilə bağlıdır.  Rusiya da ona qarşı yürüdülən təcrid siyasəti nəticəsində son 10 ildə bir çox layihələrdən kənarda qalıb.  Belə bir anda Azərbaycanın ən azından infrastruktur üzrə 4 meqalayihəni uğurla həyata keçirməsi olduqca mühüm hadisə olub. Azərbaycan bu prosesdə olduqca mühüm yer tutub. Bunun da əsas səbəbi daxildə mövcud olan sabitlik və ölkədə yürüdülən tarazlaşdırıcı xarici siyasətdən qaynaqlanır. Bu iki tandem digərləri kimi, Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin də həyata keçməsinə şərait yaradıb. Nəticədə Avropa daha rahat şəkild Şərqə çıxış əldə edib. Bu prosesdə Şərq ölkələri də maraqlıdır. Son zamanlar Əfqanıstan tədricən də olsa sivil həyata qədəm qoymaqdadır. Onun iqtisadiyaytında kənd təsərrüfatında az da olsa inkişaf var.  Belə olan halda Avropa Birliyinin də həmin ölkəyə marağı artır.  Bəzi ölkələr  Əfqanıstanda bir sıra layihələr həyata keçirmək istəyir”.

İqtisadçı qeyd etdi ki, Avropanın həmin dəhlizə marağının artması Azərbaycana tranzit baxımından daha çox gəlir gətirəcək: “İstənilən ərazi tranzit əməliyyatına qoşulursa, bu onun gəlirlərinin arrmasına xidmət edir. Bu mənada Avropanın Şərq-Qərb dəhlizinə marağının artması Azərbaycana kifayət qədər əlavə gəlirlərin gəlməsi, ölkəmizin qeyri-neft sektoru sahəsinə daha çox vəsait daxil olması demək olacaq. Ümid edirəm ki, Azərbaycan Şərqlə Qərbin bu marağı fonunda öz tranzit imkanlarını iqtisadi prosesə cəlb etməklə  öz gəlirlərini artıracaq.  Ona görə də belə bir dəhlizin olması ölkəmiz üçün çox vacibdir”.

İqtisadçı alim Əli Əlirzayev isə düşünür ki, bu halda Azərbahycanın nefuz və çəkisi daha da yüksələcək: “Şərq-Qərb nəqliyyat dəhlizinə Avropa Birliyinin marağının artması ilə dünya bazarında tələbat artacaq. Yeni-yeni infrastruktur yaranacaq. 

Bu fonda Azərbaycanın da dünya bazarlarına çıxmaq imkanları genişlənəcək.  Öz məhsullarımızı dünya bazarına daha rahat çıxarıb, lazım olan məhsulları da daha rahat şəkildə gətirə biləcəyik. Azərbaycanın bu fonda dünyaya inteqrasiyası artacaq.  Siyasi mənada bir çox ölkələr Azərbaycanda hesablaşmalı olacaq”.

Rüfət NADİROĞLU

 

 
Sizin Reklam Yeriniz