Əlaqə Arxiv
news Image
2020.07.09
14:35
| A A A
Bəzi sahibkarlar əhalini ciddi təhlükəyə atır
İş yerlərində sanitar-epidemioloji qaydaların pozulması virusun yayılma riskini artırır

COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdə artıq xeyli müddətdir ki, müxtəlif dövlət qurumları tərəfindən fəaliyyətinə icazə verilmiş sahələrdə xüsusi karantin şərtlərinə, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vəziyyəti ilə bağlı monitorinqlər keçirilir. Monitorinqlər zamanı bir çox istehsal sahələrində, ticarət və xidmət obyektlərində müəyyən olunmuş qaydaların pozulması hallarına rast gəlinir, sahibkarlıq subyektləri tərəfindən müvafiq tələblərə etinasız, bir çox hallarda formal yanaşıldığı aşkarlanır.

Bəs, sahibkarlar nədən karantin tələblərinə etinasız, bir çox hallarda formal yanaşır? Bu hansı təhdidlər yaradır?

İqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, karantin qaydalarına əsasən, fəaliyyətinə icazə verilən sahələrdə xüsusi tələblərə əməl edilməlidir. Ekspert dedi ki, işçilər qoruyucu maska taxmalı, ara həm bir-birilə, həm də müştərilərlə ara məsafəsini saxlamalı, dezinfeksiya edici vasitələrdən istifadə etməli və işçilərinin hamısını eyni gündə işə cəlb etməməlidir. F.İbrahimovun müşahidələrinə əsasən, əksər yerlərdə bu tələblər gözlənilmir: “Maskalardan qaydalara uyğun istifadə edilmir, maska çənəyə taxılır, ağız və burun bağlanmır, maskalar vaxtlı-vaxtında dəyişdirilmir. Düzdür, başa düşmək olar ki, bu vəziyyətdə işləmək çətindir. Amma heç işləməməkdənsə, belə şərtlərlə işləmək daha əlverişlidir. Sahibibkarların əksəriyyəti işçilərinin daha çox hissəsini işə cəlb etməyə çalışır. Bu, ona görə edilir ki, sahibkar işçiyə əmək haqqı verir və çalışır ki, onun əməyindən maksimum dərəcədə faydalansın. Qapalı məkanda daha çox işçi ilə çalışmaq tələblərin pozulmasıdır”.

F.İbrahimov xatırlatdı ki, iş yerləri virusun daha çox yayıldığı sahələrdən biridir. Bu baxımdan o iş sahiblərinin üzərinə böyük məsuliyyət düşdüyünü söylədi. Ekspert dedi ki, sərt karantin qaydalarının tətbiq olunduğu ilk dövrdə virusa gündəlik yoluxma sayı çox az idi. Amma may ayının əvvəlində karantinin yumşaldılması virusun yayılmasında ikinci dalğanın baş verməsinə səbəb oldu. Onun fikrincə, virusa yoluxma sayının xeyli artmasında iş yerlərində sanitar tələblərə əməl edilməməsinin də xüsusi rolu oldu: “Məlum olduğu kimi, mayda virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq karantin rejiminin yumşaldılması həyata keçirildi. İlkin mərhələdə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti bərpa edildi, ticarət obyektlərinin, ictimai obyektlərinin fəaliyyətinə, nəqliyyat vasitələrinin rayonlararası və şəhərlərarası sərbəst hərəkətinə icazə verildi. Bu icazələr veriləndə insanların sağlamlığının qorunması üçün iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinin zəruri olduğu bildirildi. Lakin qısa müddətdə olan sərbəstlik göstərdi ki, sahibkarlar tövsiyələrə əməl etmir, mütəmadi olaraq təmizlik-dezinfeksiya işləri aparılmadı, sosial məsafə saxlanılmadı, qoruyucu vasitələrdən istifadə edilmədi, işçi heyət gigiyenik tələblərə əməl etmədi. Yenidən sərt karantin zərurəti yaranıb”.

F.İbrahimovun firkincə, əvvəlki dövrdən fərqli olaraq insanlar, o cümlədən sahibkarlar virusun varlığı faktını artıq qəbul edir, çünki hamının ətrafında virusa yoluxan şəxslər var. Ekspert sahibklarların belə bir vəziyyətdə sanitar-epidemioloji tələblərə tam əməl etməməsini 2 amillə əlaqələndirir: “Düşünürəm ki, birinci amil virusun təhlükəli olması ilə bağlı fikirlərin qəbul edilməməsidir.  Onlar virusun olduğuna inanır, amma onun kütləvi ölümlə nəticələnəcəyinə inanmır. Bu, birinci səbəbdir. Digər səbəb isə karantinlə əlaqədar sahibkarların çətin maddi itkilərlə üzləşməsidir. Sahibkarlar əvvəlki gəlir səviyyəsini bərpa edə bilmədiyindən mümkün qədər məhdudiyyətləri azaltmaq istəyir.

Bu həm də psixoloji məsələdir. İnsanlar uzun müddət ciddi qadağalarla yaşamağa dözüm nümayiş etdirə bilmir. Bu da nəticədə arzuedilməz vəziyyət yaradır”.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz