Əlaqə Arxiv
news Image
2020.07.10
11:35
| A A A
Özəl sektorun xilası dövlətin əlindədir
Sahibkarların yeni iqtisadi şəraitə uyğunlaşmasına ehtiyac var

Hələ bu ilin aprelin sonuna yaxın 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Bu, dünya ölkələrinin yarısından çoxu deməkdir. Amma Azərbaycan azsaylı ölkələrdəndir ki, yardım üçün müraciət etməyib, əksinə, özü müəyyən dövlətlərər humanitar yardım göstərir.

Digər tərəfdən pandemiya şəraitində iqtisadiyyatın inkişafı üçün dövlət tərəfindən əməli addımlar atılır. Xüsusən də özəl sektora dəstək artır. Məsələn, elə bu günlərdə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası təsdiq olunub və fondun nizamnaməsində dəyişikliklər edilib. İqtisadiyyatda zərərlə üzləşmiş bir çox sahələrdə yeni dəstək mexanizmlərinin tətbiqinə start verilməsi artıq yeni bir vəziyyət yaradır. Xatırladaq ki, hələ bir neçə ay əvvəl Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək mexanizmi vasitəsilə büdcədən 1 milyard manat vəsait ayrılıb və bu məbləğ 3,5 milyard manata çatdırılıb.

Hazırlanmış proqramlar əsasən 3 istiqaməti özündə birləşdirir. Birinci istiqamət pandemiyadan zərərçəkmiş sahibkarlara birbaşa verilən kompensasiyalardır ki, artıq həyata keçirilib. Üstəlik, fərdi sahibkar kimi 130 min sahibkar bu dəstəkdən faydalanıb. Bu mexanizm çərçivəsində pandemiyadan zərərçəkmiş sahələrdə çalışan sahibkarlara işçilərini ixtisar etməməsi üçün əməkhaqqının böyük bir hissəsi dövlət tərəfindən ödənilib, təxminən 210 min muzdlu işçi bundan faydalanıb. İkinci istiqamət daha uzunmüddətli, bütövlükdə 2020-ci ili əhatə edən vergi və sosial sığorta haqlarının ödənilməsini əhatə edir. Qanunvericilikdə edilən dəyişikliklərə görə cari il ərzində sahibkarların böyük bir hissəsi üçün vergi dərəcələrinin, sığorta haqlarının aşağı salınması, vergi ödənişlərində müddətlərin verilməsi və cərimələrin hesablanması təmin edilib. Üçüncü istiqamət yeni layihələr həyata keçirməyə çalışan, yeni iqtisadi artım mənbələri yaradan, eyni zamanda, postpandemiya dövründə iqtisadi artıma dəstək verə biləcək sahələri əhatə edir. Pandemiyanın təsirinə

məruz qala biləcək sahələrin dəstəklənməsi üçün əlavə maliyyə resurslarının, xüsusilə güzəştli maliyyə resurslarının sahibkarlara təqdim edilməsi aktual vəzifələrdəndir.

Sahibkarlar bir çox hallarda kredit götürdükləri zaman ya zəmanət mexanizmlərindən çətinlik çəkirdilər, ya da faizlərin yuxarı olmasından şikayət edirdilər. İndiki halda sahibkarların daha qısa müddətə daha güzəştli kreditlər əldə etmələri üçün yeni mexanizmlər hazırlanıb və bu da İqtisadiyyat Nazirliyi Sahibkarlığa İnkişaf Fondunun kredit vermək qaydalarında dəyişikliklərdə öz əksini tapıb. Pandemiyanın təsirinə məruz qalan sahələrin, xüsusilə ictimai iaşə, turizm, otelçilik, fərdi təlim, təhsil sahələrinin fəaliyyətinin davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi məqsədilə maliyyə vəsaitinin dövlət tərəfindən güzəştli şərtlərlə təqdim edilməsi üçün bir neçə mühüm güzəşt mexanizmi var. Birinci mexanizm ondan ibarətdir ki, sahibkarların zəmanət, yəni girov qoymaq kimi bir problemlə üzləşməməsi üçün götürdükləri kredit məbləğinin 60 faizi dövlət tərəfindən zəmanətlə təmin olunacaq. Bu kreditlərin 3 milyon manat həddini, müddəti isə 3 ili keçməməlidir. Problemin digər tərəfi faizlərin yüksək olması ilə bağlıdır. Yeni qaydalara əsasən, kreditlərin illik faizlərinin 50 faizi dövlət tərəfindən ödəniləcək. Burada mühüm şərt götürülən kreditlərin illik faizinin 15 faizi keçməməsidir. Bu iki istiqamət, yəni həm zəmanət məsələsinin həlli, həm də faizlərin yarısının dövlət tərəfindən ödənilməsi kiçik və orta sahibkarlığın, xüsusilə pandemiyanın zərərinə məruz qalmış xidmət sahələrinin ayaqda qalmasına və postpandemiya dövründə yeni layihələr həyata keçirmək üçün hazır olmalarına çox böyük dəstək olacaq.

Ümumi yanaşma postpandemiya dövründə sürətli inkişaf mərhələsinə keçməkdir. Kreditlərin verilməsi mexanizmi tam elektronlaşdırılıb. Bu, o deməkdir ki, sahibkarlara kredit verilməsi qısa müddət ərzində, daha müasir texnologiyalardan istifadə etməklə mümkün bürokratiyanı aradan qaldırır. Azərbaycanda iqtisadiyyatın və biznesin pandemiyadan qorunması üçün dövlətin atdığı addımlar müsbət qiymətləndirilir.

Mövqe.az

Sizin Reklam Yeriniz