Əlaqə Arxiv
news Image
2020.07.14
08:00
| A A A
Ticarət mərkəzlərində pandemiya təhdidi davam edir

Marketlərdə karantin tələblərinin gözlənilməsi virusun yayılma sürətinin azaldılmasında mühüm əhəmiyyət kəsb edir Son günlər COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ticarət və xidmət sahələrinin işinə nəzarət daha da gücləndirilib. Qaydaları pozan obyektlərin səlahiyyətli əməkdaşları, eləcə də istehlakçılar qanunvericiliyə uyğun cərimə edilirlər. Proses isə hələ bu sahədə müəyyən problemlərin qalmaqda olduğunu göstərir. İndilikdə isə COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib. Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşları, iş adamlarını prosesdə fəal iştirak etməyə səsləyən çağırışlar aktuallaşıb. Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir. Sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər. İqtisadçı ekspert Azər Mehdiyev bildirib ki, pandemiya şəraitində dünya yeni çağırışla üzləşib: "Bundan sonra dünyada belə halların təkrarlanmayacağına ümid yoxdur. Artıq bu cür hadisələr milli təhlükəsizlik məsələsinə çevrilir. Bundan sonra dövlətlərin hazırlamalı olduqları strategiyalardan və hər zaman əl altında olmalı sənədlərdən biri virusun yayılması dövrlərində fəaliyyətin necə təşkili məsələsi olacaq. Biznesin, xüsusilə kütləvi xidmət sahəsinə aid bizneslərin buna hazırlaşması və müəyyən edilmiş qaydalara əməl etmələri biznesin ayrılmaz hissəsi kimi meydana çıxacaq. Bununla yanaşı, sırf indiki dönəmlə qapalı biznes obyektlərində, xüsusilə bütün səviyyələrdə marketlərdə karantin tələblərinin gözlənilməsi virusun yayılma sürətinin azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Marketlərin əksəriyyətində hələ də bu məsələyə gözdən pərdə asmaq yanaşması hiss olunur. Bu, ciddi təhlükə mənbəyidir. Karantin tələblərinə uyğun qaydaların müəyyən edilməsi və bunlara riayət edilməsi indiki halda biznesin bütün sahələrində, xüsusilə marketlərdə həyat əhəmiyyətli məsələ kimi gündəmdə durur". Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov qeyd edib ki, bir müddət öncə xidmət və ticarət müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli olan tədbirlər açıqlanmışdı: "Həmin qaydalara əsasən, obyektlərdə sanitar-məişət otaqlarının (sanitar qovşağı, soyunub-geyinmə otağı və s.), mətbəxlərin, heyət otaqlarının, xidmət zallarının mütəmadi dezinfeksiya edilməsi və digər təmizlik işlərinin aparılması, qida zallarında ara məsafənin gözlənilməsi, işçilərin qoruyucu maskadan, eləcə də dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi və digər təlimatlara əməl olunması vacib şərtlər kimi qoyulur. Xidmət sahələrində giriş-çıxışlarda ayaqaltlıqlar, qapı və qapı tutacaqları, istehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları, məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər, çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər, anbarlar, tullantı qabları, ödəniş terminalları, kassada yerləşən konveyerlər və s. mütəmadi qaydada dezinfeksiya olunmalıdır". Birlik rəhbərinin sözlərinə görə, maskadan istifadə etməyən istehlakçıların ticarət və xidmət obyektlərinə buraxılması qadağan edilib. Girişdə isə onların temperaturu ölçülür və yalnız hər şey qaydasında olduğu təqdirdə obyektə daxil olmağa icazə verilir: "Yaranmış şəraitə görə istehlakçılar, satıcılar, xidmət göstərən digər şəxslər daha mükəmməl davranış nümayiş etdirməlidirlər. Hər kəs başa düşməlidir ki, bütün bunlar insanların sağlamlığının qorunmasına, pandemiyanın qarşısının alınmasına xidmət edir. Müəyyənləşdirilmiş qaydalara sözsüz əməl olunmaqla bərabər, düşünürəm ki, digər məsələlərə də diqqət yetirilməlidir. Azad İstehlakçılar Birliyinə daxil olan müraciətlərdə kartlardan istifadə zamanı yoluxma ehtimalının yarandığını bildiriblər. Ticarət obyektlərində çalışan kassirlər yüzlərlə kartla təmasda olduqları halda, bəzən əllərini dezinfeksiya etmək qaydasına məhəl qoymurlar. Təəssüf ki, biz bəzən marketlərdə çalışan şəxslərin də maskadan istifadə etmədiyinin şahidi oluruq. Bütün bu məsələlərə ciddi nəzarət edilməlidir". 
Elnurə ABUŞOVA
 

Sizin Reklam Yeriniz