Əlaqə Arxiv
news Image
2020.07.26
08:50
| A A A
Azərbaycan tranzitdən daha çox pul qazanacaq
"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq genişlənir

Azərbaycan, Rusiya, Ukrayna, Hindistan və İranın dəmir yolu strukturlarının rəhbərlərinin iştirakı ilə iyulun 28-də beştərəfli zirvə görüşü keçiriləcək. Bu barədə İranın Dövlət Dəmir Yolları İdarəsinin icraçı direktoru Səid Rəsuli deyib. O bildirib ki, görüşdə nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması istiqamətində aparılan işlər və tranzit yüklərin daşınması məsələləri müzakirə ediləcək. S.Rəsuli bildirib ki, adıçəkilən dövlətlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edir. Bu dəhliz Asiya ilə Avropanı birləşdirərək iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm təkan verəcək. Xatırladaq ki, Azərbaycan, Rusiya, Hindistan, İran və Ukrayna "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq edir. Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma ilk dəfə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə Azərbaycanla yanaşı, daha 12 dövlət razılaşmanı imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bu dəhliz Hindistanın Mumbayi limanından başlayaraq İran, Azərbaycan və Rusiyadan keçir və yükləri Avropa dövlətlərinə çatdırır. Artıq Asiyanın iqtisadi nəhənglərinin qeyd edilən istiqamətdə Azərbaycanla işbirliyinin daha da genişlənməsi müşahidə olunur. Məsələn, dünyanın ən böyük iqtisadiyyatına malik Hindistanın ixrac məhsulları tədricən İran, buradan da Azərbaycan üzərindən dünya bazarlarına çıxmaqdadır. Ərdəbil vilayətinin valisi Əkbər Bəhnamcu bu xüsusda maraqlı açıqlamalar verir: "İranın Ərdəbil vilayəti Azərbaycanla 369 kilometr sərhədə malikdir və bu fakt iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə imkan yaradıb. Ərdəbil-Astara dəmir yolunun çəkilişi İranla Azərbaycan arasındakı iqtisadi münasibətlərin daha da inkişafına səbəb olacaq". O diqqətə çatdırıb ki, İranla Azərbaycanın Ərdəbildə birgə sənaye şəhərciyi yaratması barədə razılıq əldə olunub: "Bunun üçün torpaq sahəsi ayrılıb və müvafiq işlər həyata keçirilib. Dəmir yolunun sənaye şəhərciyinin yaxınlığından çəkilməsi ixrac və idxal imkanlarını daha da artıracaq. Azərbaycan hökuməti nəqliyyat sahəsində lazımi tədbirləri artıq həyata keçirib və iki ölkənin dəmir yolları birləşib". Qeyd edək ki, İranın Dövlət Dəmir Yolları İdarəsi ilə Yollar və Şəhərsalma Nazirliyi "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Ərdəbildən Astaraya dəmir yolu xətti çəkməyi planlaşdırıb. Bunun üçün artıq bir sıra tədbirlər həyata keçirilib. Bu fonda isə o da bəlli olub ki, Rusiya və Hindistan ticarət əlaqələri və tranzit daşımalarını İranla Azərbaycan üzərindən həyata keçirməkdə qərarlıdır. Hindistanda ingilis dilində nəşr olunan "The Hindu Business Line" qəzeti yazır ki, Hindistanın konteyner daşıması ilə məşğul olan "Concor" şirkəti ilə Rusiyanın "RJD Logistika" şirkəti arasında yüklərin İran və Azərbaycan üzərindən daşınması haqqında razılıq əldə edilib və müvafiq müqavilə imzalanıb. Müqaviləyə əsasən, hər iki şirkət qarşılıqlı olaraq yükdaşımaları İranın Çabahar limanı vasitəsilə həyata keçirəcək. Yəni yüklər İran və Azərbaycan üzərindən daşınacaq. Bu isə onu deməyə əsas verir ki, Hindistandan Rusiyaya daşınan yüklər Mumbay limanından Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan üzərindən Rusiyaya daşınacaq. Qeyd edək ki, "Şimal-Cənub" dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istisamara buraxılıb. Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu da iki ölkənin dəmir yolları sistemini birləşdirib. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsində isə işlər davam edir. İranın Yollar və Şəhərsalma Nazirliyinin verdiyi məlumata əsasən, Rəşt-Astara yolu gələn il istifadəyə veriləcək. Hindistan qəzeti mütəxəssislərin fikrinə istinad edərək yazır ki, yüklərin "Şimal-Cənub"la göndərilməsi vaxta 40 faiz, nəqliyyat xərclərinə isə 30 faiz qənaət etməyə imkan verəcək. "Mövqe"

Sizin Reklam Yeriniz