Əlaqə Arxiv
news Image
2020.08.05
14:26
| A A A
Pandemiya məşğulluq problemini böyüdür
Vüqar Bayramov: “Pandemiya davam edərsə, bu, real sektora mənfi təsir göstərməkdə davam edəcək” Fuad İbrahimov: “İşsizlər ordusunun artması hökumətin maliyyə yükünü çoxaldacaq”

 

Koronavirus pandemiyası məşğulluğa ciddi zərər vurur və bir çox sahələrdə iş yerləri bağlanmış durumdadır.  Virus qlobal iqtisadiyyata, o cümlədən Azərbaycana da müəyyən mənfi təsirlər göstərib.  İqtisadi aktivlik zəifləyib. Bu fonda ölkələr arasında ticarət əlaqələrinin azalması, uçuşların dayandırılması, otel, ictimai-iaşə obyektlərinin bağlanması iş yerlərinin itirilməsi təhlükəsini yaradıb.

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin  rəhbəri Vüqar Bayramov bildirdi ki, koronavirus həm qlobal, həm də ölkələr daxilində iqtisadiyyata ciddi mənfi təsir göstərib:  “Real sektorda onun təsirləri məşğulluq fonunda da özünü göstərir.  Azərbaycan hökuməti koronavirusun iqtisadiyyata mənfi təsirlərini neytrallaşdırmağa çalışır.  Ölkədə muzdlu işçilərin sayı 1,3 milyon nəfərdir ki, onun da 640 mini özəl sektorda çalışır.

Həmçinin ölkədə fərdi və bir sıra mikrosahibkarlar da var.  Faktiki olaraq, iqtisadi paket çərçivəsində 300 mindən artıq  muzdla çalışan insanlarımız dövlət tərəfindən qismən və ya tam şəkildə əmək haqqının ödənilməsi baxımından kompensasiya olundu ki,  onlar işlərini davam etdirə bilsin.  Eyni zamanda, 300 minə yaxın mikro və  fərdi sahibkara minimum 250, maksimum 5 min manat həcmində kompensasiya ödənildi.    Nəticədə aprel-may aylarında sosial paket çərçivəsində 600 minə yaxın vətəndaşımız birbaşa yardım aldı. İyun-iyul aylarında isə 300 min vətəndaşa birdəfəlik yardımlar ödənildi.  Amma sözsüz ki, bütün hallarda koronavirus  30-a yaxın fəaliyyət sahəsinə öz mənfi təsirlərini göstərib. Onlardan 11 sahə sərt karantin dövründə fəaliyyətini dayandırıb. O baxımdan da yaranmış vəziyyət real sektorda məşğulluğa müəyyən dərəcədə mənfi təsir göstərib.

Postpandemiya dövründə iqtisadi paketin əsas hədəflərindən biri məşğulluğun daha yaxından dəstəklənməsindən ibarətdir.  Güzəştli vergi və güzəştli kreditlər paketinin tətbiq olunması da ondan xəbər verir ki, məqsəd qarşıdan gələn aylarda sahibkarlığın yaxından dəstəklənməsi yolu ilə məşğulluğun təmin olunmasına nail olmaqdan ibarətdir. Amma bütövlükdə koronavirus məşğulluğa mənfi təsir göstərir.  Azərbaycan hökuməti bu fonda prosesə çevik reaksiya verməyə çalışaraq, pandemiyanın məşğulluğa təsirlərini birbşa ödənişlər və təşviqedici metodlarla minimum endirməyə çalışır.

6 ayın yekunlarına görə ölkə iqtisadiyyatı 3,7 faiz azalıb.  Amma inkişaf etmiş ölkələrin orta göstəricisilə müqayisədə Azərbaycandakı azalma 3 dəfəyə yaxın aşağıdır.  Digər tərəfdən, bu dövrdə qeyri-neft sənayesində 11 faiz artım qeydə alınıb. Amma sözsüz ki, pandemiya davam edərsə, bu, real sektora mənfi təsir göstərməkdə davam edəcək.  Ancaq Azərbaycan iqtisadi paket çərçivəsində praktik olaraq, postpandemiya dövrünə hazırdır. Postpandemiya dövründə yeni iqtisadi model tam olaraq tətbiq olunacaq.  Pandemiya qısa zamanda başa çatarsa, iqtisadi azalma tempini kəskin aşağı sala bilərik”. 

İqtisadçı ekspert Fuad İbrahimov qeyd etdi ki, məşğulluq problemi  fonunda ölkənin maliyyə yükü bir qədər artacaq: “Koronavirus dünya iqtisadiyyatına ciddi ziyan vurub.  Dünya qurumlarının məlumatlarına görə, ilin axırına qədər bununla bağlı olaraq dünya iqtisadiyyatı tənəzzül yaşayacaq. Tənəzzülün indiqktoru isə ümumi daxili məhsullun (ÜDM) səviyyəsilə ölçülür. 

Azərbaycan iqtisadiyyatının ilin sonuna doğru ÜDM-də tənəzzül yaşaması elə də qorxulu hal deyil. Ən təhlükəli məsələ işsizlik ordusunun yaranmasıdır.  Onlara ən azından minimal müavinətlər verilməlidir.  Bir çox təşkilatlar da öz hesabına müvəqqəti olaraq insanları ezamiyyətə buraxıb. Bu nöqteyi-nəzərdən işsizlər ordusunun artması hökumətin maliyyə yükünü artıracaq.  Bu, arzuolunmaz haldır.  Azərbaycanda ilin sonuna doğru bir nömrəli problem məhz işsizliyin səviyyəsi olacaq”.

Rüfət SULTAN 

 

Sizin Reklam Yeriniz