Əlaqə Arxiv
news Image
2020.08.08
08:00
| A A A
Dövlət şirkətlərinin xərcləri üzərində nəzarət artırılır
İqtisadiyyatın bərpaetmə dövründə müasirləşmə qaçılmazdır

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Müşavirədə gərgin dövrdə görülən və görüləcək işlər müzakirə mövzusu olub. Ölkə rəhbəri çıxışında olduqca ümdə məsələlərə toxunub və bundan sonrakı iqtisadi strategiyanın əsaslarını dəyişdirəcək proqramı açıqlayıb: “Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz”.
Prezident dövlət şirkətlərinin səmərəli çalışmadığını, gəlir gətirmədiyini tənqid edib və daha sonra deyib: “Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam”.
Demək, iqtisadi islahatların xarakteri məzmun və forma cəhətcə yeni mərhələyə qədəm qoyacaq.

Məsələ burasındadır ki, sosializm ideyaları həmişə kağız üzərində gözəl görünüb və elə kağız üzərində də qalıb. Çünki həyatın reallığı ilə ayaqlaşa bilməyib və pafoslu tonu ilə insanları ətalətə sürükləyib, işləyən vətəndaş gərgin əmək əvəzinə bərbəzəkli ifadələrə, şüarlara, gəlişigözəl sözlərə güvənib. Lakin bu, son məhsul almağa mane olub və bu səbəbdən də həmişə geri qalıb.
İndi Azərbaycanda ən müasir texnbologiyalar əsasında qurulan və idarəetmədə məhsuldarlığa və keyfiyyətə əsaslanan ciddi istehsal sahələri yaranıb. Bu müəssisələrin buraxdığı məhsullara dünyanın ən çox inkişaf etmiş ölkələrində də maraq və ehtiyac var. Təbii ki, məhsula görə həmin müəssisələrin gəlirləri də yüksəkdir. Məntiqi surətdə gəlir çoxdursa, işçilərin əmək haqqı, sosial təminatı da yüksəkdir. Başlıca məqsədi əhalinin sağlamlığı və həyat rifahının yüksəlməsi olan dövlətə nə lazımdır? Təbii ki, yaxşı iş şəraiti və yüksək əmək haqqı. Lakin, gəlin görək, dövlət müəssisələri özəl şirkətlər kimi tələb olunan meyarlara cavab verəbilirlərmi? Düzdür, dövlət müəssisələri arasında da müasir tipli zavod-fabrik tapmaq mümkündür. Amma bu hal təkəmseyrək olmamalıdır. Bütün dövlət müəssisələri mükəmməl iş şəraiti ilə seçilməlidir. Ona görə ki, bu istiqamətdə dövlətin əsaslı kapital qoyuluşu kifayət qədər çoxdur. Vəsait sərf olunursa və buna görə istənilər nəticə alınmırsa, demək, dövlətin pulu göyə sovurulur. İslahatın məğzi budur. Pulları göyə sovurulan dövlətin aqibəti yaxşı olmaz. Dövlət müəssisələrinin gəlirlə işləməsi və işçi kollektivin yüksək təminatı gələcəyi təmin edən amildir.
Əgər islahatların xarakterinə yeni cizgilər əlavə olunursa, onda nəzarət sistemi də dəqiq və təkmil həyata keçirilməlidir. Bnu məsələ də prezidentin keçirdiyi müşavirədə öz əksini tapıb. Azərbaycanda gedən islahatların uğurunu təmin edən faktorlardan biri də məhz islahatın həyata keçirilmə mexanizmində hər xırda detalın dəqiqliklə nəzə alınmasıdır. “İndi bir çox obyektlərdə kameralar var. Bu kameralar gərək bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın. Çünki əgər hansısa insan müfəttiş kimi hansısa obyektə gedib nəyəsə nəzarət edəcəksə, bunun səmərəsi də ola bilər və eyni zamanda, biz bilirik ki, bəzən bu nəzarət çox xoşagəlməz hallara gətirib çıxarır. Hansısa sövdələşmə, hansısa təmənna ola bilər. Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır”.
İqtisadi islahatların yeni mərhələsi dövlət müəssisələrinin işində mütləq müsbətə doğru böyük dəyişikliklərə səbəb olacaq. Çünki material uçotu və nəzarət sistemi istehsalın ahənginin yüksəlməsinə müsbət təsir göstərəcək. Xəlvəti sövdələşmələr, saxta sənədlərlə mal alış-verişi və bu kimi fırıldaqların ye alması faizi olduqca aşağı düşəcək,əksər sahələrdə isə sıfırlanacaq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz