Əlaqə Arxiv
news Image
2020.08.11
09:00
| A A A
Bəzi dövlət şirkətləri mütləq islahat ələyindən keçməlidir
Hakim komandanın korlanmamış beyinlər hesabına güclənməsi işi sürətini artırmalıdır

 

İqtisadiyyatın əsas qanunlarından biri istehsal olunan məhsulla onun dəyərini ifadə edən pul kütləsi arasındakı balansın qorunub saxlanmasıdır. Yəni, bazarda nə qədər mal varsa, onun pulla ekvivalenti dəyişilməz qalmalıdır. Əks təqdirdə, ya mal artıqlığından, ya da pul artıqlığından iqtisadi böhran qaçılmazdır. Belə olan təqdirdə, gəlin, gözlərimiz qarşısında yüksək çinli məmurların saxlanclarından çıxan milyonların haradan əldə edilməsi barədə düşünək. Axı, bəlli bir aylıq məvacibi olan nazir, onun müavinləri, şöbə müdirləri, eyni zamanda icra başçıları və müavinləri, digər dövlət idarələrinin rəhbərləri yüz minlərə, milyonlara başa gələn villaları hansı vəsaitlə əldə edir, mənasız da olsa bahalı həyat tərzini necə və hansı pulla həyata keçirir? Məlum məsələdir ki, rüşvət və büdcədən oğurlamaq hesabına.
İndi bütün ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadiyyat çətin vəziyyətə düşüb. İstehsal aşağı düşüb, gəlirlər azalıb, işsizlik artıb. Buna görə də, əgər dünənə qədər problemlərin həllini növbəyə düzürdüksə, bu gün bunların hamısını birdən qabartmaq zərurətindəyik. Təsadüfi deyil ki, Prezident İlham Əliyev keçirdiyi sonuncu müşavirədə mövcud vəziyyəti belə xarakterizə edib: “İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır. Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var”.
Bu itkilər haradan və niyə yaranır? Birmənalı şəkildə məmurların tamahkarlığından. Sadə camaat bunları yaxşı bilir. Məsələn, bir neçə il əvvəl Bakı şəhərində əhalinin su ilə təchizatının yaxşılaşdırılması üçün dövlət hesabına bütün su təsərrüfatı yeniləndi və kəmərlər müasir plastik borularla əvəzləndi. Ancaq necə? Yenilənmə prosesində heç bir texnoloji qaydaya əməl olunmadı. Su xətləri nizamsız şəkildə çəkildi və... ucuz və keyfiyyətsiz ventillər qoyuldu. Bir ildən sonra hamısı sıradan çıxdı. Təbii ki, həmin ventilləri aldıqları qiymətdən 2-3 dəfə artıq qiymətə sənədləşdirmişdilər. Üstəlik, köhnə su xətlərini də ləğv etmədilər, baxmayaraq ki, həmin xətlərdəki sayğaclar götürülmüşdü. İndi isə o xətlərin bəzilərində su var və aşkar görünür ki, bu işə nəzarət edənlər dövlət hesabına hasil olunan suyu kimlərəsə satıb pulunu ciblərinə qoyurlar, yəni, oğurlayırlar. Elektrik və qaz təsərrüfatında da eyni mənzərə hökm sürür.
Azərbaycanın ən strateji dövlət şirkəti “SOCAR”dır. Amma onun da “itkiləri” ehtimal olunandan yüksəkdir.
Bütün bu faktlar diktə edir ki, kadr islahatlarının keçirildiyi dairə genişləndirilsin və dövlətin bütün strukturlarını əhatə etsin. Nə qədər ki, dövlət təşkilatlarında nizam-intizam, qayda-qanun möhkəmlənməyəcək, cəmiyyətin sıravi qollarının passivliyi davam edəcək. Çünki əhalidə belə bir fikir formalaşıb ki, vəzifə inkişafı irəlilətmək üçün yox, şəxsi həyatını zənginləşdirmək üçündür. Bunu etməyən vəzifəlini cəmiyyət qəbul etmək istəmir və əfəl sayır. Bu isə çox təhlükəlidir. Biz bu dünyagörüşündən qurtulmalıyıq. Yoxsa ki, aparılan islahatların nəticəsi cüzi fayda verəcək. Halbuki, qarşımızda böyük vəzifələr durur və onların yerinə yetirilməsi aşkarlıq, uçot və nəzarətin dəqiqliyini tələb edir.
Görün, cəmiyyətimizin dünyagörüşü necə korlanıbsa, bəzən işbazların özbaşınalığına qarşı çıxan ictimaiyyət nümayəndələrinə, sadə insanlara müəyyən pul təklifi edən kimi dərhal prinsipiallıqları yoxa çıxır, dünən qışqıra-qışqıra əksinə danışdıqları məsələlərdə bu gün susqunluq nümayiş etdirirlər. İrad tutanda da “əşi, bura Azərbaycandır” deyib, bütün mənəviyyatımızı təhqir edirlər. Əgər təfəkkürümüzdən bu nüansları rədd edə bilsək, onda işimizdə və həyatımızda arzuladığımız çox problemləri həll edərik.
İş gedir, ölkə rəhbərliyi siyasi iradə göstərərək nöqsanların düzəldilməsinə çalışır. Ancaq, bəzi faktlar var ki, onlar sual doğurur. Böyük cinayətlər törətmiş, büdcəni və insanları talamış elə oliqarxlar var ki, ətrafı cinayət məsuliyyətinə cəlb olunsa da, özü azadlıqdadır. Niyə? Yəqin ki, onun əlbir olduğu dəstə hələ də cəmiyyətə təsir göstərə bilir. Bu isə cəmiyyətdə birmənalı qarşılanmır. Belə faktlar sübut edir ki, hakim komandanın korlanmamış beyinlər hesabına güclənməsi işi sürətini artırmalıdır.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz