Əlaqə Arxiv
news Image
2020.08.11
09:58
| A A A
Kommunal sektora çəkilən dövlət xərcləri azalacaq
Ruslan Atakişiyev: “Kommunal xidmətlərin özəlləşdirilməsi fonunda dövlətin xərc yükü azalacaq” Natiq Cəfərli: “Belə bir addımın atılması ən azından, hər il 1,5-2 milyard manata yaxın vəsaitə qənaət etməyə imkan verəcək”
Bilindiyi kimi, Azərbaycan Prezidenti koronavirus pandemiyası ilə mübarizəyə dair keçirdiyi son müşavirədə əsasən kommunal sektorda fəaliyyət göstərən dövlət şirkətlərinin fəaliyyətini sərt tənqid etdi. Bu fonda kommunal sahədə dövlət büdcəsi hesabına yaşayan qurumların özəlləşdirilməsinin vacibliyi də günfdəmə gəlir. Ümumiyyətlə, uzun müddətdir ki, kommunal sahənin özəlləşdirilməsinin vacibliyi qeyd edilir. 
İqtisadçı ekspert Ruslan Atakişiyevin fikrincə, kommunal xidmət sahələrinin özəlləşdirilməsi həm mümhüm, həm də vacibdir: "Kommunal xidmət deyəndə əsasən elektrik enerjisi, qaz və suyun satılması məsələsi nəzərdə tutulur. Bu istiqamətdə əvvəllər də bir sıra təkliflər verilib. Xarici ölkələrin təcrübəsində hətta su belə bələdiyyələr ətrafında yaradılan MMC-lər tərəfindən satılır. Yəni hər bir kəndin, bölgənin, şəhərin su satışı ilə məşğul olan ayrıca bir firması var. Azərbaycanda da vaxtilə elektrik enerjisi üzrə bölgələrdə "Bayva", Bakıda isə "Barmek" şirkəti  fəaliyyət göstərirdi. Kommunal xidmətlərin özəlləşdirilməsi fonunda əlbəttə ki, dövlətin xərc yükü azalacaq. O, artıq prosesi subsidiyalaşdırmayacaq, dotasiya verməyəcək.
Özəl şirkətlər prosesi öz hesablarına görəcək və əldə olan gəlirdən pay götürəcəklər. Belədə həmin sahələrdə yeyintilərin qarşısı da alıncaq.  Çünki şirkət gəlir qazanmaqda maraqlı olduğundan xərclərə nəzarət edəcək. Başqa bir tərəfdən, bu addımla həmin sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olacağıq. Ona görə ki, şirkətlər öz imiclərini qorumaq üçün daha keyfiyyətli işləyəcək. Bu da rəqabət mühitinin olması demək olacaq. Bir sözlə, kommunal sahədə özəlləşmə mümkündür və vacibdir. Bu məsələ 15 ilə yaxındır ki, gündəmdədir".
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bu özəlləşdirmə ölkə iqtisadiyyatında kifayət qədər pozitiv addımlara gətirib çıxaracaq: "Əslində, zaman çoxdan yetişib. Müxtəlif sahələrdə və müxtəlif formalarda özəlləşdirmənin həyata keçirilməsi üçün imkanlar var. Burada söhbət paylayıcı şirkətlərin özəlləşdirilməsindən gedir. Çünki istehsalın dövlətin əlində qalması daha vacibdir. Amma paylayıcı funksiyaların özəl şirkətlərin əlində olması həm dövlət büdcəsinin yükünün azalmasına xidmət edəcək, həm vətəndaşlarla kommunal xidmətlər arasında normal münasibətlərin yaranmasına gətirib çıxaracaq. Bu gün isə bağlanan müqavilələrdə əsas məsuliyyət vətəndaşın üzərinə atılır. Heç bir səbəb göstərilmədən kommunal xidmətlərdə yaranan fasilələrə görə dövlət inhisarçı şirkətləri heç bir məsuliyyət daşımır.
Ona görə düşünürəm ki, yaxın gələcəkdə bu sahədə ciddi dəyişikliklərin olması ehtimalı yüksəkdir. Bu addım xarici investorların cəlb olunmasına da müəyyən imkanlar yaradacaq. Vətəndaşlarla kommunal xidmətlər arasında da normal münasibətlər formalaşacaq. Ən əsası dövlət büdcəsinin yükü azalacaq. Dövlət büdcəsindən alınan dotasiyaların sona yetməsi üçün icarə müqavilələri əsasında və ya bəzi sahələrin özəlləşdirilməsilə məsələni həll etmək mümkündür. Bu baş versə, ölkə iqtisadiyyatı üçün kifayət qədər pozitiv addım olacaq. Belə bir addımın atılması ən azından hər il 1,5-2 milyard manata yaxın vəsaitə qənaət etməyə imkan verəcək".
Rüfət NADİROĞLU 
 
 
 
Sizin Reklam Yeriniz