Əlaqə Arxiv
news Image
2013.08.01
16:47
| A A A
İstehlak kreditləri təhlükəli həddə artır
Rəşad Həsənov: «İstehlak kreditlərinin sürətlə artması o deməkdir ki, insanlar gələcəkdə qazanacağı vəsaitləri belə bu gün xərcləyib»

Natiq Cəfərli: "İstehlak kretlərinin sayının günü-gündən artmasının səbəbi satış mağazalarının daha rahat şərtlərlə təklif elədikləri kredit kampaniyalarına görədir"


Ölkədə istehlak kreditlərinin həcminin artması müvafiq rəsmi dairələr tərəfindən də narahatlıqla qarşılanır. Lakin son araşdırmalar hələ də bu qəbildən olan kreditlərin həcminin artan xətt üzrə inkişaf etdiyini göstərir. Bu isə əhalinin banklara daha çox borclanması deməkdir. Vəziyyətdən çıxış yolu kimi bu qəbildən olan kreditlərin faiz dərəcələrinin inzibati amillər hesabına belə aşağı salınması təklifləri də gündəmə gəlməkdədir.   

 Iqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Mövqe.az-a açıqlamasında bildirir: "İstehlak kreditlərinin sürətlə artması həqiqətən də təhlükə hesab edilə bilər. Çünki, bu sonda əhalinin ciddi şəkildə borclanmasına səbəb olur. Hazırda ölkə vətəndaşlarının böyük bir qismi banklara müxtəlif məbləğlərdə borcludur. Bu, o deməkdir ki, insanlar gələcəkdə qazanacağı vəsaitləri belə bu gün xərcləyib. Və onu da əlavə etsək ki, ölkəmizdə istehlak kreditlərinin faiz dərəcələri dünya praktikasında olduğundan 3 və bəzi hallada 4 dəfə çoxdur, bu da sonda kreditin qaytarılma imkanlarını azaldır və problemli kreditlərin həcmi ilbəil artır. İstehlak kreditlərinin artımını şərtləndirən əsas amil, yaşam standartlarının dəyişməsi və əhalinin gəlirlərinin bu standartları qarşılayacaq səviyədə olmamasıdır. Təlbatın çeşidi və qiyməti hər il artır, gəlirlərin artım tempi isə bu dəyişməyə uyğun deyil. Nəticədə insanlar bir cox hallarda istehlak ehtiyaclarını kreditlər vasitəsi ilə qarşılayırlar. Digər bir səbəb isə gəlirlər və buna uyğun olmayan xərcləmələrlə bağlıdır. Belə ki, coxlarının gəlirləri onların minimum ehtiyaclarını qarşılamadığı halda bəziləri sürətlə varlanır ki, bu da müəyyən mənada mənfi rəqabətin formalaşmasına, qonşum bu avtomobili aldı- məndə alım, qızına bu markalardan cehiz verdi - mütləq məndə belə etməliyəm kimi sterotiplərin formalaşmasına və insanların sürətlə borclanmasına şərait yaradır ki, bu da sonda iqtisadi və ictimai depresiyaya səbəb olur. Bu istiqamətdə ilk növbədə atılacaq addım istehlak kreditlərinin faizlərinin azaldılması ola bilər ki, bu da insanların kreditləri qaytarmasında gələcəkdə yarana biləcək problemlərinin qarşısını almış olar. Lakin, hazırkı şəraitdə faizlərin enmə prosesinin cox ləng getdiyinin şahidi oluruq. Ümumiyətlə isə, yaxın gələcəkdə də istehlak kreditlərinin artımı prosesinin davam edəcəyi gözlənilir. Bir növü kredit ödəmək insanların həyat tərzinə çevrilməkdədir".

Ekspert bildirdi ki, ölkədə istehlak kreditlərinin faiz dərəcəsinin artmasından söhbət belə gedə bilməz: "Çünki, Azərbaycan vətəndaşı onsuz da dünyanın ən bahalı kreditindən istifadə edir. Lakin, faizlərin azalması prosesi cox ləng gedir".

İqtisadç- ekspert Natiq Cəfərli isə bildirir: "İstehlak kretlərinin sayının günü-gündən artmasının səbəbi satış mağazalarının daha rahat şərtlərlə təklif elədikləri kredit kampaniyalarına görədir. Daha cəlbedici reklamlar edən mağazalar tək şəxsiyyət vəsiqəsi ilə müştərilərə kredit təklif edir. Ona görə də artımlar baş verir. Amma bu prosesin neqativ tərəfi ondan ibarətdir ki, belə daha asanlaşdırılmış kreditlərin verilməsi problemli kreditlərin say artımına səbəb olur. Rəsmi dairələrdə, bank sferasında çalışan mütəxəssislərin əsas əndişəsi ondan ibarətdir ki, geri qaytarılmayan kreditlərin faizinin artması bank sferasına gələcəkdə mənfi təsir göstərir. Beynəlxalq standartlara  görə, ümumi kredit porfelinin 3%-dən yuxarısı əgər problemli kredit hesab olunursa, bu proses bank sferası üçün ciddi siqnal olmalıdır. Təəssüf  ki, Azərbaycanda son dövrdə bu hədd  6% -i keçib. Bizdə isə  geri qaytarılmayan kreditlərin həcmi 900 milyon manata yaxınlaşıb. Bu isə banklar üçün çox ciddi problemlər yarada bilər. 

Istehlak kreditlərinin artması təəssüf ki, onların faiz dərəcələrinin aşağı düşməsinə səbəb olmur. Məlum olduğu kimi bizdə qonşu ölkələrlə nisbətdə istehlak kretlərinin faiz dərəcələri çox yüksəkdir. Bunun ilkin  səbəbi  Mərkəzi Bankın uçot dərəcəsinin çox yüksək olması ilə əlaqəlidir. Bundan əlavə bizim banklar xaricdən  vəsait  cəlb edərkən çoxpilləli etaplardan keçməli olurlar. Digər səbəb kimi isə bank sektorunda rəqabətli mühitin zəif olması ilə əlaqədardır. Rəqabətli mühitin zəif olması ona səbəb olur ki, az qala bütün banklar sövdələşmiş şəkildə eyni faiz dərəcələri təşkil edirlər. Bu da müştəriyə seçim imkanı qoymur və yüksək faiz dərəcələrinin olması ilə nəticələnir"


Sizin Reklam Yeriniz