news Image
2013.08.06
10:15
| A A A
Hesablama Palatası - dövlət maliyyəsinə ictimai nəzarət

Azərbaycan dövlətinin maliyyə axınlarına nəzarət funksiyasını, onun qanuniliyini, səmərəliliyini, effektivliyini Azərbaycan Respublikasının Hesablama Palatası yerinə yetirir. Hesablama Palatası 2001-ci ildə fəaliyətə başlayıb və ötən müddət ərzində müəyyən inkişaf yolu keçib. Bu qurumun yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinin tələbidir. Milli qanunvericiliyə uyğun olaraq Hesablama Palatasını Milli Məclis yaradır və qurum Milli Məclisə hesabatlıdır. Hüquqi müstəvidə isə müəyyən öhdəliklərinin olmasına baxmayaraq Hesablama Palatası müstəqil qurumdur. Xatırladaq ki, dövlət maliyəsinə kənar və bir növ ictimai auditi təmin edən bütün növ Ali Audit İnstitutlarının müstəqilliyi bu qurumların fəaliyyətini tənzimləyən və Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyaların başlıca şərtidir. Əks halda qurumun tərəfsizliyi şübhə doğurur. Ali Audit İnstitutlarının müstəqilliyinin hər bir dövlətin ana qanununda (konstitusiya) təsbit edilməlidir. Lakin, Azərbaycan konstitusiyasının 92-ci maddəsində "Azərbaycan Respublikasının Milli Məclisi Hesablama Palatasını yaradır" kimi qısa bir cümlə ilə ifadə edilən fikir Hesablama Palatasının müstəqilliyi üçün kifayət edə bilməz. Hesab edirik ki, palatanın tam müstəqilliyinin təmin edilməsi məqsədi ilə müvafiq olaraq onun Milli Məclislə münasibətləri, digər dövlət qurumlarından sərbəstliyi, üzvlərinin müstəqilliyinə təminat xüsusilə, onların təyin edilməsi, işdən azad olunması və təqaüdə çıxma prosedurları Konstitusiya ilə təsbit edilməlidir.

Hesablama Palatasının seçkili orqan olması, onun sədrinin və 7 auditorunun Milli Məclisdə seçki yolu ilə müəyyən edilməsi müsbət hal olaraq dəyərləndirilir. Lakin, daha yaxşı olar ki, səlahiyət müddətinin 7 il deyil ABŞ da və bir çox Avropa ölkələrində olduğu kimi, daha uzun müddət 10-15-ilə qədər artırılsın. Çünki, bu zaman müddətində bir neçə dəfə parlament seçkilərinin keçirilməsi və təbii olaraq onun tərkibinin dəyişilməsi bu qurumun Hesablama Palatasına təsir imkanlarını məhdudlaşdırır. Bütün bunlarla yanaşı Hesablama Palatasının maliyyə müstəqilliyi də vacib şərtlərdən biridir. Hesablama Palatası öz büdcəsini özü qəbul etmək səlahiyətinə malikdir və bu sahədə heç bir məhdudiyət olmamalıdır.

Azərbaycan Respublikasının qanunvericiliyi imkan verir ki, Hesablama Palatası dövlətin bütün növ maliyə axınlarına o cümlədən, dövlət büdcəsinə, büdcədən kənar fondlara, dövlət əmlakının idarə edilməsinə, dövlətində payçısı olduğu şirkətlərə nəzarəti təmin etsin, nöqsanlar üzə çıxarılsın, zərər müəyyən edilsin, təkliflər hazırlansın və hesabat hazırlanaraq Milli Məclisə təqdim edilsin. Lakin, Hesablama Palatasının ictimayət qarşısında hesabatlılığı artırılmalıdır. Həyata keçirilən maliyyə yoxlamalarının nəticələri mətbuata, vətəndaş cəmiyəti institutlarına açıq olmalıdır. Çünki, Hesablama Palatasının üzərində təftiş etmə hüququ daşıdığı bu vəsaitlər vətəndaşlara məxsusdur və xalqın bu pulların hər qəpiyinin xərclənməsinə nəzarət etmə səlahiyəti var. Hesab edirik ki, HP-nin işi, informasiya ötürmə və paylaşma istiqamətləri aşağıdakı kimi təşkil edilərsə, daha effektiv nəticələrə nail olmaq mümkündür.

§ Hesablama Palatası – Milli Məclis

§ Hesablama Palatası – kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti institutları

§ Hesablama Palatası – prokrorluq orqanları

§ Hesablama Palatası – audit obyekti olan qurumlar

Hesablama Palatası maliyyə yoxlamalarını səlahiyətləri çərçivəsində və kollegial iclaslarda qəbul etdiyi iş planına uyğun həyata keçirir. İş planı hazırlanarkən Hesablama Palatasının daxili nizamnaməsində ifadə edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və onun komissiyalarının sorğu və təklfləri nəzərə alınır. Amma palatanın iş planında vətəndaşların və ya vətəndaş cəmiyyəti institutlarının sorğuları və təklifləri də nəzərə alınmalıdır. Əslində vətəndaşların və ya vətəndaş cəmiyyəti institutlarının təklifləri palatanın iş planına daxil edilməli və ictimai narahatlığa əsas verən bütün növ sorğular cavablandırılmalıdır. Həmçinin, icrası şübhə doğuran, mətbuatda tənqid edilən iri layihələr birmənalı olaraq palatanın audit yoxlamasına cəlb edilməlidir. Məhz bu zaman Hesablama Palatası funksionallığı və ictiami hesabatlılığı təmin edilmiş olar.

Hesablama Palatası büdcənin proqnoz layihəsinə və icrasına rəylər hazırlayır. Bu rəylərə diqqət tedikdə bir neçə istiqamətdə nöqsanların olduğuna şahid oluruq. Ancaq rəqəmlərin tək ötən illərlə müqayisədə hansı istiqamətdə dəyişdiyi göstərilməməlidirş. Həmçinin ARDNF-nin büdcəsinə ümumiyətlə rəy verilmir. Halbu ki, ölkənin strateji valyuta ehtiyatlarının 75%-nin cəmləndiyi Neft Fondunun büdcəsi, onun gəlirləri, xərcləri, vəsaitlərin idarə edilməsinin qanunauyğunluğu daha ciddi ictimai nəzarət tələb edir. Hesablama Palatası neft gəlirlərindən səmərəli istifadənin təşkilində həm iştirakçı və həm də nəzarətçi tərəf funksiyasını yerinə yetirməklə ictimai marağı təmin etməlidir.

Dövlət vəsaitinin əsas xərclənmə istiqaməti investisiya yönümlü olduğundan və bu istiqamətdə əsas işin təşkili Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirildiyi halda Hesablama Palatası bu qurumun fəaliyətinə, tenderlərin şəffaflığına, vəsaitlərdən istifadənin qənaətliliyinə rəy bildirməlidir.

Ümumilikdə götürdükdə bu kimi hallara nəzarətin təşkili və informasiyaların əlçatanlığında əsas məsuliyət Hesablama Palatasının üzərinə düşür.

Qeyd etmək lazımdır ki, Hesablama Palatası öz işini yalnız maliyyə rəqəmlərinin düzgünlüyünü yoxlamaqla məhdudlaşdırmamalı, dövlət maliyyəsindən istifadə də bu qurumların performansı da auditin predmeti olaraq dəyərləndirməlidir. Belə ki, kənar auditin müasir yanaşması olaraq qurumlar arası koordinasiya, onların qənaətə meylliyi, vəsaitlərin idarə edilməsində ictimai hesabatlılıq və s. kimi nəticələr dəyərləndirilərək müəssisənin performansı müəyyən edilir. Daha yaxşı olar ki, Hesablama Palatası da bu kimi dəyərləndirmələr həyata keçirsin.

Hesablama Palatasının ölkənin maliyə imkanlarına tam nəzarəti həyata keçirə bilməsi üçün, onun maddi texniki imkanları genişləndirilməli, işçi heyəti artırılmalı və regional qurumları formalaşdırılmalıdır. Həmçinin paltanın nəzdində xüsusi tədqiqat institutunun yaradılması məqsədə uyğun olar.

Ümumilikdə isə qeyd etmək lazımdır ki, Hesablama Palatasının işində daim yeniliklər tətbiq edilməli, qurumun müstəqilliyi qanunvericiliklə daha da möhkəmləndirilməli, auditin predmeti hesab edilən istənilən qurumdan qeyd-şərtsiz informasiya almaq imkanları təmin edilməli, ictimai hesababtlılıq ən yüksək səviyyədə təşkil edilməli və baş vermiş pozuntuların aradan qaldırılması istiqamətində təkliflər hazırlanıb, müvafiq orqanlara təqdim edilməlidir. Audit qurumunun baş vermiş pozuntu hallarına qarşı prosesi sonadək izləmə imkanı olmalı, bu quruma cinayət işini başlama hüququ verilməlidir. Palatanın ictimai hesabatlılığı gücləndirilməli və ictimai inam təmin edilməlidir. Bir sözlə, Hesablama Palatasının qavranılması istiqamətində ciddi addımlar atılmalıdır. Həmçinin son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizədə Hesablama Palatası əsas yerdə dayanmalıdır.

Rəşad Həsənov

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs