Əlaqə Arxiv
news Image
2020.09.16
09:59
| A A A
Dövlət tikinti sektorunu yenidən canlandırır
Vüqar Bayramov: “Tikinti sektorunun canlanması məşğulluğa, hətta kommunal xidmətlər sferasına pozitiv təsir göstərəcək”

Azərbaycan Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında bildirib ki, pandemiyaya görə tənəzzülə uğramış tikinti sektoru bərpa edilir: “Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”.
Dövlət başçısı qeyd edib ki, daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik: “Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır”
Tikinti sektorunun bərpası iqtisadiyyata, məşğulluğa nə vəd edir?
Milli Məclisin deputatı, İqtisadi və Sosial inkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, tikinti sektoru Azərbaycanın ən mühüm vacib sahələrindən biridir. Deputatın fikrincə, bu sektorda canlanmanın iqtisadiyyatla yanaşı, məşğulluğa,  habelə kommunal xidmətlər sahəsinə, əmlak bazarında canlanmaya müsbət təsirləri olacaq: “Nəzərə alaq ki, inşaat sektoru həm məşğulluğun təmin edilməsində, həm də ümumdaxili məhsulun formalaşmasında xüsusi paya malikdir. İnşaat sektoru yan sahələrdəki inkişafa müsbət təsir göstərir. Digər sahələrdə də tələbin formalaşmasına təsir edir.  Məşğulluqla yanaşı inşaat sektoru hətta kommunal xidmətlər sferasına belə pozitiv  təsirlərə malikdir. Burada tələb yaradır. Eyni zamanda, inşaat materialları sektprunda və digər sahələrdə tələbin formalaşmasına imkan verir. O baxımdan geniş təsirləri olduğundan həm ümumdaxili məhsulun artımına inşaat sektoru müsbət təsir edir, həm də məşğulluq, xüsusən də bölgələrdən paytaxta gəlib iş axtaran vətəndaşlarımızın məşğulluğunun təmin olunmasına ciddi şəkildə müsbət təsir edir. Bu kontekstdən yanaşdıqda görürük ki, inşaat sektorunun inkişafı xüsusən  Azərbaycan üçün olduqca cox vacibdir.  Təbii ki, koronavirus pandemiyası digər sahələr kimi inşaat sektoruna da təsir edib. Bu sahədə fəaliyyət ümumən dayanıb. Həmçinin, əmək bazarında durğunluq yaşanır ki, bu da inşaat sektorunda təklifin azalması ilə bağlıdır. Bu mənada canlanmanın təmin edilməsi imkan  verəcək ki, növbəti döv rdə əmlak bazarı da inkişaf etsin. Postpandemiya dövründə əmlak bazarının yenidən canlanması gözlənilir. Ona görə də tikinti sektorunun inkişafı Azərbaycan üçün ən vacib olan sahələrdən biridir”.
O baxımdan həmsöhbətimizə görə, postpandemiya dövründə bu sektorun dəstəklənməsi və özəl şirkətlərin burada daha fəal işinin təmin edilməsi prioritet olacaq: “Nəticə etibarı ilə postpandemiya dövründə inşaat sektorunun canlanmasının pozitiv iqtisadi və sosizl təsirlərini müşahidə edəcəyik. Araşdırmalarımız göstərir ki, tikinti sektorunda yalnız əmək müqaviləsilə deyil, həmçinin qeyri-rəsmi əmək haqqı müqaviləsilə çalışanlar da var. Pandemiya dövründə həmin sektorda çalışan bu kateqoriyadan olan insanlar da işsiz qaldı. Nəticə etibarı ilə tikintidə ümumi muzdla çalışan insanların 8, 4 faiz çalışdığını müşahidə etdik. Ümumi muzdla çalışanların sayının 1milyon 681 min olduğunu nəzərə alsaq, deməli 141 min vətəndaş hazırda muzdlu olaraq inşaat sektorunda çalışır. Təbii ki, əmək haqqı müqaviləsi olmadan çalışanlar da var. Amma tikinti sektorunda baş verəcək canlanma nəticə etibarı ilə qiymətləndirmələrimizə görə, rəsmi və qeyri-rəsmi şəkldə çalışanların sayının   200 minə qədər artmasına gətirib çıxaracaq”.
Rüfət NADİROĞLU
 
 
 
 
Sizin Reklam Yeriniz