Əlaqə Arxiv
news Image
2020.09.18
08:45
| A A A
Strateji hədəflər bir nöqtədə birləşir
Azərbaycan iqtisadiyyatı postpandemiya dövrünə səylə hazırlaşır

Azərbaycanın iqtisadi siyasəti bazar iqtisadiyyatının eninə və dərininə inkişafı ilə diqqəti cəlb edir. Bir tərəfdən iqtisadi liberallaşma təmin edilirsə, digər tərəfdən  sənayeləşmə sürətlə davam etdirilir. Ölkədə bütün dünyaya açıq olan yerli sənaye mərkəzləri yaradılır və təşviq olunur.

Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, burada fəaliyyət göstərən zavod və fabriklərr, istehsal müəssisələri haqda geniş məlumat var. Sənaye parkında yaradılmış şərait və investisiya yatırmaq üçün qoyulmuş yumşaq şərtlər sahibkarların bu ərazidə fəaliyyət göstərmələri üçün əlverişli mühit yaradıb. Hazırda parkın ərazisində olan müəssisələrdə 5500 nəfər çalışır. Lakin bu rəqəm cəmi bir neçə ilin nəticəsində işə salınmış müəssisələrə aiddir. İş isə gedir və ildən ilə genişlənir. İndiyədək 80 faizi müəssisələrlə tutulmuş 508 hektarlıq park ərazisinin yaxın 2-3 il ərzində  tam dolması reallıqdır. Bu fakt iki cəhətdən əhəmiyyətlidir. Birincisi, odur ki, hökumətin iqtisadi strategiyası özünü doğruldur və investorlar iri sənaye parklarında əlverişli şərtləırlə sahibkarlıq fəaliyyəti göstərməyə maralıdırlar. İkincisi, əhalinin işlə təminatı yüksəkdir və bu iş sosial məsələlərin uğurla həllinə yardım edir.
Azərbaycanın bir fərəhləndirici problemi də odur ki, əhali sürətlə artır. Uşaqlar böyüyür, təhsil alır və iş tələb edir. Buna görə də hökumət problemlərin kompleks həllinə nail olmaq üçün sənayeləşmə proqramını həyata keçirir və bu işin bütün parametrlərini diqqətə alır. Bu günlərdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Hazırda Mərkəzə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Bizdə ilk dəfədir ki, sənaye parkında təhsil mərkəzi fəaliyyətə başlayır. Müasir istehsal sahələrində işləmək üçün ixtisaslı işçilər bilavasitə müəssisələrin işi ilə tanış ola-ola hazırlanacaq. Bu cür inteqrativ proqram daha hazırlıqlı işçilərin yetişməsinə imkan verəcək.

Nəticə etibarı ilə müəssisələrin ixtisaslı mütəxəssislərlə təminatı yaxşılaşacaq.
Sənaye parkının işi barədə ətraflı maraqlanan dövlər başçısı iqtisadiyyat naziri ilə mükaliməsində gələcək perspektivlər barədə tövsiyələr verib: “Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”.
Həmişə yerli şəraiti perspektiv planlar fonunda nəzərdən keçirən Prezident İlham Əliyev bu dəfə də parkın ərazisinin genişləndirilməsinin lüzumu barədə danışıb və müvafiq göstərişlər verib.

Vaxtilə, çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan yüzlərlə hektar torpaqlar müasir sənaye parkının qurulmasından danışan ölkə rəhbəri bildirib ki, ərazini daha da genişləndirmək lazımdır: “Burada, Sumqayıtın ətrafında belə ərazilər çoxdur. Siz bəlkə o ərazilər üçün də artıq indidən plan işləyib tərtib edəsiniz ki, - o yerlərin təmizlənməsi, kommunikasiyaların çəkilməsi və digər lazımi məsələlər, - bu iş dayanmasın. Çünki xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin”.
Bu tapşırıqları postpandemiya dövrünə hazırlıq kimi investisiya qoyuluşlarının təşviqi anlamında qəbul etmək olar. Azərbaycanın iqtisadi mühiti uzun illərdir ki, cəlbediciliyi ilə seçilir və bu iş qeyri-neft sektoirunun inkişafında həlledici rola malikdir. Azərbaycanın ikinci sənaye mərkəzi olan Sumqayıt sənayeləşmə proqramının önündə gedir və heç şübhəsiz bu şəhər tezliklə Avropanın iri sənaye mərkəzlərindən birinə çevriləcək.
N.NOVRUZ

Sizin Reklam Yeriniz