news Image
2012.05.15
13:32
| A A A
24 bankın fəaliyyəti dayandırılacaq
Prosesə cari ilin sonlarından etibarən start veriləcəyi gözlənir

Uzun müddətdən bəri Azərbaycanda diqqət mərkəzində olan əsas məsələlərdən biri də fəaliyyəti zəif qiymətləndirilən bankların işinə son verilməsi və ya onların birləşməsi ilə bağlıdır. Artıq bu istiqamətdə müvafiq rəsmi qurumlar tərəfindən daha sərt və konkret addımların atılmasına hazırlıq görülməkdədir.

Məsələ ilə bağlı açıqlama verən Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirib ki, rəhbərlik etdiyi qurum bank sektorunda konsoldasiya üzrə konkret danışıqlara başlamağa hazırlaşır: "Biz çoxdan bu məsələ üzərində işləyir, bank sektoru ilə müzakirələr aparırıq. Kimin kimlə birləşmək istəməsini, maraqlar qrupunu müəyyən edirik. İş gedir. Biz hələ banklarla layihələndirmə mərhələsindəyik. Bu çox mürəkkəb prosesdir. Hesab edirik ki, bu, dövlət və özəl bank sektorunun tərəfdaşlığı bazası əsasında həyata keçrilməlidir. Yəni administrativ tədbirlər hesabına bunlar edilməməlidir".

Qeyd edək ki, bu prosesin ilin sonuna doğru həyata keçirilməsi gözlənir. Azərbaycanda bankların birləşməsinə Beynəlxalq Valytua Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı da xüsusi maraq göstərir. Ən əsası isə bu məsələdə Mərkəzi Bankın özü də olduqca maraqlıdır. Bununla bağlı Elman Rüstəmov qeyd edir: "Biz dövlət olaraq bunda maraqlıyıq. Çünki nisbətən zəif bankların birləşməsi kapitalın artmasına, resursların böyüməsinə imkan verir, müştəri bazasının, istifadə olunan texnologiyanın, korporativ idarəçiliyin yeni keyfiyyət mərhələsinə keçidi təmin edir".

Yeri gəlmişkən, bir maraqlı məqamı da qeyd edək ki, bankların konsoldasiyası və optimallaşmasına dair Mərkəzi bank tərəfindən işlənib hazırlanan strategiya uzunmüddətli perspektivdə bankların sayının 44-dən 20-yə qədər azaldılmasını nəzərdə tutur. Yəni ölkəmizdə 24 bankın fəaliyyəti dayandırılacaq. Fəaliyyəti dayandırılımış bankların ya birləşməsi, ya da bank olmayan kredit təşkilatlarına çevrilməsi gözlənir. Bu prosesə isə qeyd olunduğu kimi cari ilin sonlarından start veriləcəyi gözlənir.

Ölkənin bank sistemində artıq Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı ilə bankların konsolidasiyasının uğurlu təcrübəsi var. İndiki "Unibank" 2002-ci ildə iki kommersiya bankı - "MBank" və "Promtexbank"ın birləşməsi nəticəsində yaranıb. Orada Avropa Yenidənqurma və İnkişaf Bankı 15 faizlik iştirak payı alıb. Bunun ardınca 2005-ci ildə "Bank of Baku" ASC-nin "İlkBank"la birləşməsi baş verib. Mərkəzi Bank hələ 2010-cu ildə bankların konsolidasiyası prosesinin aktivləşdiyini bəyan etmişdi və bu tədbirlər 2011-2012-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinin əsasında da qoyulub.

Hazırda AMB-nin kapitallaşdırma üzrə minimal tələblərinə cavab verməyən banklar bazarda əhəmiyyətli paya malik olmasalar da, Mərkəzi Bank gündəliyə bankların birləşməsi məsələsi və ya gələcəkdə tələblərə cavab verməyən bankların sistemdən çıxarılması məsələsinə baxa bilmək hüququna malikdir. "Bank olmayan kredit təşkilatları haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar bu kateqoriyalı banklara mülkiyyət formasının bank olmayan kredit təşkilatına dəyişdirilməsi təklif oluna bilər. Ümumilikdə kapitalın böyüdülməsi məqsədilə konsolidasiyaya getməyən banklara bank olmayan kredit təşkilatlarına çevrilməyin təklif ediləcəyi gözlənir.

Qeyd edək ki, Azərbaycanda 44 bank fəaliyyət göstərir. Hazırda Beynəlxalq Bank ölkənin bank sektorunda aparıcı mövqe tutur. Buna onun bank sisteminin aktivlərinin ümumi həcmindəki bazar payı, kredit qoyuluşları və depozit bazası sübut edir. Sözügedən bank strateji əhəmiyyətə malikdir, belə ki, Azərbaycan üçün ümumdövlət əhəmiyyətinə malik irimiqyaslı layihələrin maliyyələşdirilməsində hökumətin agenti kimi fəaliyyət göstərməklə dövlətin investisiya və iqtisadi siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.

Ekspertlər qeyd edir ki, kapital sarıdan əziyyət çəkən bankların birləşməsi ümumi bank sisteminin inkişafı üçün səmərəlidir. Çünki ölkədə elə banklar var ki, onlar Mərkəzi Bankın müəyyənləşdirdiyi 10 milyon manatlıq minimum nizamnamə kapitalını formalaşdıra bilmirlər: "Banklar haqqında" qanuna görə, əgər kommersiya bankının nizamnamə kapitalı 10 milyon manatdan azdırsa, Mərkəzi Bank praktiki olaraq həmin bankın lisenziyasını geri almalıdır. Buna görə də bu cür banklar fəaliyyət göstərmək iqtidarına malik deyillər. Amma çox təəssüf ki, bankların birləşməsi ilə bağlı çağırışlara baxmayaraq, onlar birləşmək niyyətində deyillər. Lakin ekspertlər bildirir ki, əgər banklar müflis olmaq və lisenziyalarının geri alınmasını istəmirlərsə, onda onların birləşməsi vacibdir. Bankların birləşməsinin onlar üçün heç bir ziyanlı tərəfinin olmadığını vur- ğulayan ekspertlər bildirir ki, banklar birləşdiyi təqdirdə əldə etdikləri gəliri bölüşməlidirlər.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs